Fəal(interaktiv) təlim

 Fəal/interaktiv təlim üzrə keçirilən dərslərin mərhələləri və onlarda görülən işlər

Fəal/interaktiv təlimlə bağlı aparılan  dərslərin məğzində də qrup işi aparıcı mövqeyə çıxır və onun mərhələləri, təxmini vaxt bölgüsü aşağıdakı şəkildə olur:
1.      Motivasiya ....................................................3 dəq.
2.      Tədqiqatın aparılması ...............................   9 dəq.
3.      Məlumat mübadiləsi ...................................10 dəq.
4.      Məlumatın müzakirəsi və təşkili ..................7 dəq.
5.      Nəticələrin çıxarılması ............................... 5  dəq.
6.      Yaradıcı tətbiqetmə .................................... 8 dəq.
7.      Refleksiya (və ya qiymətləndirmə,
bütün mərhələlərdə aparıla bilər)..................... 3 dəq.
                                                                  Cəmi: 45 dəq.
Həmin mərhələlərdə nə kimi işlərin görülməsinə nəzər salaq.
1. Motivasiya. Fəal/interaktiv dərsin birinci və ən vacib mərhələsi bü­növ­rə rolunu oynayan motivasiya mərhələsidir. Motivasiya mərhələsinin əsas  vəzifəsi  idraki fəallığın yaradılmasıdır. Bu mərhələ dərsin başlanmasına şagirdləri səfərbər edir, onlarda fikri fəallığı yaradır, yeni öyrəniləcək mövzuya – problemin  qoyulmasına, hazırlıq işlərini həyata keçirməyə intensiv maraq oyadır və problemin  tədqiq olunması üçün tədqiqat sualını meydana gətirir. Tədqiqat sualı qoyulduqdan sonra şa­girdlər həmin problemin ilkin həlli variantlarına dair öz proqnozlarını verirlər. Müəllim həmin variantları bir-bir lövhədə qeyd edir. Bu zaman təkrarlar nəzərə alınmır(Qeyd: ənənəvi dərslərdən fərqli olaraq fəal/interaktiv təlimdə dərsin başlanğıcında yeni mövzu, adətən, elan olunmur. Motivasiya mərhələsi yeni öyrəniləcək mövzunu problem kimi şagirdlərin özlərinə tapdırır).
Motivasiya mərhələsi həmçinin təlim prosesində psixoloji, emosional və işgüzar mühitin  yaranmasına imkan yaradır.
Motivasiya sözünün mənası sübutlar, əsaslar, dəlillər, səbəblər deməkdir. Fəal təlimdə bu mərhələ faktlara söykənməklə, nəyəsə, hansı istiqamətəsə fikir və düşüncənin yönləndirilməsidir. Bu mərhələdə faktlara söykənmək dedikdə şa­girdlər şəxsi qənaətlərinə, biliklərinə, təsəvvürlərinə, dünya­gö­­­­rüşlərinə, həyati  təcrübələrinə müraciət etməklə problemin həll olunması yollarına dair ilkin fərziyyələrini  irəli sürürlər və fikirlərini əsaslandırmağa cəhd edirlər. İlkin fərziyyələrin lövhəyə qeyd olunması ilə motivasiya mərhələsi öz işini yekunlaşdırır.
Deyilənləri yekunlaşdıraraq motivasiya mərhələsində görülən işləri belə ümumiləşdirə bilərik. Bu mərhələdə əvvəlcə mövzu tapdırılır və o, lövhəyə qeyd olunur, sonra isə həmin mövzu ilə bağlı tədqiqat sualı ortaya qoyulur və o sual da möv­­zunun altında lövhəyə yazılır, daha sonra isə qoyulmuş suala şagirdlərin ilkin fərziyyələri alınaraq lövhəyə qeyd olunur
Motivasiya mərhələsində mövzunun tapdırılması üçün müxtəlif vasitələrdən istifadə etmək olar. Buraya metodik ədəbiyyatda müxtəlif vasitələri daxil edir və adını da simvollu materialların şərh edilməsi qoyurlar. Simvollu materiallar mövzuya bir işarə, yönəltmə kimi qəbul edilməlidir. Bu simvollu materiallar sanki "oğrunun yadına daş salır". Belə ki  şagirdlərə tədris olunacaq mövzu ilə bağlı müxtəlif simvollu materiallar - şəkil, sxem, simvol, təranə(melodiya), bədii  əsərdən bir fraqment, əşya, rəvayət, tapmaca, hikmətli söz, atalar sözləri, şeir parçası, kinofilmdən kiçik bir fraqment, musiqi klipindən bir parça, portret, rəssamlıq işi,  qrafik və s. təqdim olunur və onlardan soruşulur: (Əgər Siz istənilən bir görüntünü - şəkil, portret, tablo və s. nümayiş etdirirsinizsə, onda), - Uşaqlar, Siz burada nə görürsünüz? sualını qoyursunuz. Şagirdlərdən cavab aldıqdan sonra ikinci bir sual ünvanlayırsınız: Bu mənzərə( və ya şəkil, tablo, lövhə…) xoşunuza gəldimi? Şagirdlərin cavabı dinlənildikdən sonra onlara təklif olunur ki, öz təəssüratlarını, fikir və qənaətlərini əsaslandırsınlar. Bunun üçün müəllim onlara Nəyə əsasən belə düşünürsünüz? sualını verir və onların təəssüratlarını dinləyir. Sonra isə onlara yeni bir sual ünvanlayır: - Uşaqlar, deməli, biz bu gün nə barədə danışacağıq?(və ya biz bu gün hansı mövzudan söz açacağıq? Təbii ki, şagirdlər nədən söhbət açılacağını dərhal təxmin edə biləcəklər. Çünki müəllimin təqdim etdiyi material mütləq mövzunu ortaya çıxarır(və çıxarmalıdır). Şagirdlərin cavabı alınandan sonra müəllim davam edir: - Uşaqlar, Siz çox doğru buyurdunuz. Bu gün biz ….(tutaq ki,  bahardan, payızdan, təbiətdən, şəlalədən və s.) danışacağıq. Müəllim mövzunun adını dəqiq şəkildə lövhəyə qeyd edir.
Tutaq ki, V sinifdə Abbas Səhhətin "Yay səhəri" və ya S.Vurğunun "Ceyran" şeirlərindən birinin tədrisinə bu yönümlü motivasiya qurulmalıdır. Mövzunun tapdırılması üçün müəllim internet axtarış sistemindən bəhrələnərək birinci mövzuya dair(yay səhəri, yay, yay lövhələrinə dair) yay şəkillər sözünü yazır. Bu zaman minlərlə  həmin mövzu aid şəkillər olduğu göstərilir. Müəllimi lazım bildiyi şəklin sürətini çıxarmaqla  dərsdə nümayiş etdirə bilər. Eləcə də Ceyran sözünü axtarış sisteminə daxil edib müvafiq bir şəkli surətini çıxarmaqla dərsdə nümayiş etdirə bilər. Əgər məktəbin internet şəbəkəsi varsa, elə sinifdə canlı, rəngli formada da onları tapıb göstərmək mümkündür.
Və ya ceyran şəkillərindən birini seçib göstərmək olar:

 Əgər istənilən bir musiqi parçasını, klipi səsləndirirsinizsə, onda işi bu cür təşkil edirsiniz: - Uşaqlar, gəlin bir musiqi parçası dinləyək, görək orada hansı  hisslər tərənnüm olunur. Sonra müəllim səsləndiriləcək vəsaiti şagirdlərə təqdim edir və onlardan soruşur: Siz nə dinlədiniz?(nə eşitdiniz?) Dinlədiyiniz parça xoşunuza gəldimi, o, Sizdə hansı hisslər yaratdı? Cavablar  dinlənildikdən sonra müəllim yenidən soruşur: - Uşaqlar, deməli, bu gün biz nədən söhbət açacağıq? Şagirdlər öz təxminlərini bildirir və müəllim ona əsaslanmaqla mövzunun adını dəqiq şəkildə lövhəyə qeyd edir. – Uşaqlar, Siz düzgün buyurdunuz, biz bu gün ... barəsində dərs keçəcəyik( və ya söhbət açacağıq). Tutaq ki, V sinifdə H. Arifin "Analar" şeiri keçilir. Bu zaman analar barəsində istənilən bir musiqi parçasını internetdən tapıb fleş yaddaşa köçürüb sinifdə ondan bir fraqmenti səsləndirmək olar. Səsləndirəndən sonra isə iş yuxarıda təqdim etdiyimiz ardıcıllıqla davam edə bilər.       
Əgər  mövzunun tapdırılması üçün bədii parçalar, hikmətli və atalar sözləri  və s. səsləndirilərsə, onda onlar dinlətdirilməli, sonra təəssüratlar alınmalı, sonra səsləndirilən parçada nədən söhbət getdiyi soruşulmalı və nəhayət, bu gün nə barədə danışılacaqdır sualı vasitəsi ilə mövzunun adı tapdırılmalıdır. Təxminən belə:
- Uşaqlar, Siz bu eşitdiyiniz parçadan xoşunuz gəldimi? Nəyə əsasən bu qənaətə gəldiniz? Sizcə, bu  mətndə nədən danışıldı? Bəs bu gün biz nədən danışacağıq? Onda bizim mövzumuz necə adlana bilər? suallarını ardıcıllıqla qoyursunuz. Şagirdlərdən cavab aldıqdan sonra davam edirsiniz: - Uşaqlar, Siz çox doğru buyurdunuz. Bu gün biz ….(tutaq ki,  bahardan, payızdan, təbiətdən, şəlalədən və s.) danışacağıq. Müəllim mövzunun adını dəqiq şəkildə lövhəyə qeyd edir.
Motivasiya mərhələsinin ikinci bir addımı(mövzunun adı tapdırıldıqdan sonra) tədqiqat sualının ortaya qoyulmasıdır. Müəllimlər çox zaman bu sualların qoyuluşunda, onun tərtib olunmasında çətinlik çəkirlər. Bunun əsas səbəbi tədqiqat sualı ilə dərsin məqsədi arasında əlaqənin düzgün qurulmamasıdır. Müəllimlər bu əlaqəni aydın təsəvvür etmədiklərindən elə çətin tədqiqat sualı uydurub ortaya qoyurlar ki,  ona özləri belə cavab verməkdə aciz qalırlar.
Tədqiqat sualı birbaşa dərsin mövzusu və məqsədi ilə bağlı olmalıdır. Məlum məsələdir ki, bu dərsdə müəllim nəyi uşaqlara qazandıracağını aydın təsəvvür etməli, elə onu da tədqiqat sual kimi ortaya qoymalı və lövhəyə qeyd etməlidir.  Bir neçə sadə variantı nəzərinizə çatdırmaq istəyirik. Tutaq ki, Siz, dostluq mövzusunda bir əsəri, hekayəni keçəcəksiniz. Bu zaman bu variantlardan birinə müraciət etməklə belə bir iş görürsünüz. Əvvəlcə, dostluq haqqında gözəl bir atlar sözü – "dost dosta tən gərək, tən olmasa, gen gərək" (iki atalar sözündən çox olmaz) səsləndirirsiniz. Şagirdlərdən onun məzmununa, mənasına münasibət bildirməyi, fikirlərini əsaslandırmağı xahiş edirsiniz. Sonra isə soruşursunuz: bu  atalar sözlərindən nədən söhbət getdi? Təbidir ki, şagirdlər dostluq cavabını verəcəklər. Bu cavabın arxasınca, Deməli, biz bu gün hansı mövzudan söz açacağıq? Şagirdlər cavab verirlər ki, yəqin ki, dostluq barəsində danışılacaq. Müəllim onlara mövzunu düz tapdıqları üçün təşəkkür edir və dərsin adını dəqiq şəkildə lövhəyə qeyd edir:  Q.Zakir "Sədaqətli dostlar haqqında"( qeyd: bu mövzu VI sinifdə keçilir - F.Y.). Sonra tədqiqat sualını elan edir və onu lövhəyə yazır: - Uşaqlar, gəlin mövzunun adına diqqətlə fikir verək. O necə adlanır? Şagirdlər mövzunu səsləndirirlər. Müəllim: - Siz necə bilirsiniz, Hansı dostları sədaqətli  dost hesab etmək olar? Müəllim bu sualı deyildiyi kimi də lövhəyə yazır və sinfin sual ətrafında düşüncələrinin alaraq qısa şəkildə  tədqiqat sualının altında qeyd edir. İş tamamlandıqdan sonra müəllim sinfə müraciət edir. Necə bilirsiniz, bəs mətndə sədaqətli dostlar barəsində hansı məqamlardan söz açıla bilər? Şagirdlər deyəcəklər ki, müəllim, yəqin ki, bizim dediyimiz keyfiyyətlərə orada da müraciət oluna bilər. Müəllim bu cavabı aldıqdan sonra: Elə isə gəlin dediklərimizin nə dərəcədə doğru olduğunu yoxlama başlayaq. Biz bunun üçün axtarışa çıxmalı, mətnə nəzər salmalıyıq. Gəlin əvvəlcə qruplara bölünək... (Bundan sonra qrup tapşırıqları verilir və dərsin o biri mərhələləri üzrə iş davam etdirilir)
  Tədqiqat sualının qoyulmasının müxtəlif variantları vardır. Ən sadəsi belədir ki, mövzunun adı tapılandan sonra şagirdlərdən soruşula bilər: Sizcə, bu mətndə bu barədə nə danışıla bilər?(bu tipli sualları daha çox epik əsərlərə qoymaq olar – F.Y.) və ya Əgər Siz şair olsa idiniz, bu gördüyünüz ceyranı hansı sözlərlə oxucunuza – bizə sevdirərdiniz?(bu tipli sualları isə daha çox şeir parçalarına – lirik əsərlərə qoymaq məsləhətdir –F.Y.). Ümumiyyətlə götürsək, şeir parçalar üzərində işləyəndə bu tipli sualların verilməsi olduqca məqsədəuyğundur. Siz yaxşı bilirsiniz ki, şeir parçası ətraf aləmə şairin obrazlı münasibətinin nəticəsidir. Ona görə də hər nə olsa da, bu cür əsərlər keçiləndə şagirdlərimizə imkan vermək lazımdır ki, onlar istənilən təsvir, tərənnüm obyekti ilə bağlı öz poetik düşüncələrini əks etdirən sözləri desinlər: obrazlı olub-olmaması sizi hədəfdən yayındırmasın. Yetər ki, onlar ürəklərindən keçən ən xoş, ən gözəl sözləri seçib söyləyə bilsinlər. Siz onları bir-bir lövhəyə qeyd edir və sonra isə dərsin növbəti mərhələsinə keçirsiniz.
Başqa bir nümunəyə nəzər salaq. Məsələn, VIII  sinifdə "N. Gəncəvinin həyatı və yaradıcılığı" mövzusu keçilərkən dərsin başlanğıcında          a) şairin portreti nümayiş oluna bilər,
b) əsərinə yazılmış bir təranə səsləndirilə bilər,
c) onun barəsində müasirlərinin dediyi bir fikir səsləndirilə bilər,
d) bədii əsərlərindən ibrətli fraqmentlər seçilə bilər və o sinifdə səsləndirilər,
e) ola bilsin ki, əsərlərinə həsr olunan şəkil nümayiş etdirilə bilər; Bəhram Gurun, Nizami metrosundakı mozaikalardan bir fraqment, Nizami adına əlyazmalar institutunun binası, «Nizami» kinoteatrının binası  və s.
Simvollu materiallı dinləyən(və ya görüntünü seyr edən) şagirdlərdən soruşulur: Buradakı fikirlər Sizin xoşunuza gəldimi? Şagirdlərin cavabı alındıqdan sonra öz fikirlərini əsaslandırmaq xahiş olunur. Sonra isə bu parçanın(və ya fikir­lə­­rin kim haqqında olduğu) kimə aid olduğu şagirdlərdən soruşula bilər(Unutmayın ki, əgər həmin parçada Nizami kəlməsi yoxdursa, Nizamiyə aid bir işarə verilməyibsə, onda onu səsləndirməyə dəyməz. Çünki sözün kimdən getdiyini, məsələnin kiminlə bağlandığını ancaq mətndəki işarələrdən tapmaq mümkündür). Şagirdlər mövzunu tapdıqdan müəllim onu dəqiq şəkildə lövhəyə qeyd edir: - Uşaqlar, Siz doğru buyurdunuz, biz bu gün böyük şairimiz Nizamidən danışacağıq. Gəlin, onu yaxından tanımağa çalışaq. Müəllim bu sözləri deyib lövhəyə "Nizaminin həyat və yaradıcılığı" başlığını qeyd edir. Sonra isə aşağıdakı tədqiqat sualını onların diqqətinə çatdırır: Sizcə, bu dərsdə Nizaminin həyatı və yaradıcılığı barədə biz  nə kimi məlumatlar əldə edə biləcəyik? Şagirdlərin təxminləri alınaraq lövhəyə qeyd olunur.
Tədqiqat sualını başqa vasitələrdən istifadə etməklə də qoymaq olar. Metodik ədəbiyyatda buna sual verməyə həvəsləndirmə  deyilir. Əvvəllər bu formalar suallardan istifadə yolu  adlandırılırdı.
A) Mövzu tapdırıldıqdan sonra müəllim sinfə belə bir sualla müraciət edir:  Biz bu məsələ ilə bağlı nəyi bilirik, nəyi bilmirik?  Əvvəlcə, nəyi bilirik sualına cavablar alınır. Sonra bu barədə nələri bilmirik və ya nələri öyrənmək bizə faydalı olardı? sualına aid suallar  cərgəsi yaradılır və onlardan mövzuya daha yaxın olanı hazırkı mövzu üçün tədqiqat sualı kimi istifadə olunur.
Məsələn, VIII sinifdə Nizami mövzusu tapdırıldıqdan sonra müəllim şagirdlərdən soruşur: biz Nizami Gəncəvi ilə bağlı nələri bilirik? Şagirdlər müxtəlif cavablar verirlər və müəllim onları lövhədə qeyd edir. Sonra yenidən şagirdlərə sualla müraciət olunur: Biz onun haqqında daha nələr öyrənmək istərdik? Şagirdlərin verdikləri cavablar lövhədə qeyd olunur. Və onlardan bilavasitə mövzu ilə bağlı olanı tədqiqat sualı kimi dairəyə alınır. Məsələn, Nizaminin həyat və yaradıcılığını səciyyələndirən əsas cəhətlər? Sonra müəllim bu suala dair ilkin təsəvvürləri alıb lövhəyə yazır və dərsin növbəti mərhələsinə keçir.
B) Açıq suallardan istifadə yolu ilə. Açıq suallar o  suallardır ki, onun bir neçə variantda cavabı olur. Belə sualların tərkibində niyə, nə üçün, nə səbəbə görə, hansı, hansı keyfiy­yət­lərinə görə, əgər belə olmasaydı nə baş verə bilərdi, bu məsələnin səmərəli həlli yollarını nədə görürsünüz və nəyə görə belə düşünürsünüz və s. söz və ifadələrdən istifadə olunmalıdır. Məsələn, yenə də VIII sinifdə  Nizami mövzusunu şagirdə tapdırdıqdan sonra onları belə bir sual ətrafında tədqiqata çıxara bilərik: N. Gəncəvinin həyatı və yaradıcılığı hansı keyfiyyətlərinə görə bu qədər uca tuta bilər? və s.
C) "Açar sözlər"dən və sual əvəzliklərindən istifadə etməklə tədqiqat suallarının qurulması. Bu sözlərə ona görə belə ad verilmişdir ki, açarın hansı funksiya daşıdığı göz önünə gətirilsin.  Əgər biz onun vasitəsi ilə qıfılı açıb içəri daxil oluruqsa, bu sözlər də istənilən bir mövzuya daxil olmağa həmin imkanı yaradır. Yetər ki, həmin sözləri iştirakı ilə mövzuya və dərsin məqsədinə  uyğun suallar qurulsun.
Müəllim şagirdlərin diqqətini bu sözlərə cəlb edir, onlara təklif edir ki, gördükləri bu sözlərdən istifadə etməklə mövzuya dair  suallar tərtib etsinlər. Tərtib olunan sualların miqdarına məhdudiyyət qoymağa ehtiyac yoxdur. Şagirdlər həmin "açar sözlər"ə istinadən  suallar tərtib edirlər. Həmin suallar bir-bir lövhəyə qeyd olunur  və  dərsin məqsədinə daha çox uyğun gələn sual tədqiqat sualı kimi götürülür, dairəyə alınır və şagirdlərin  ilkin ehtimalları bir-bir lövhəyə qeyd olunur. Sonra dərsin növbəti mərhələsinə keçilir.
Bəzən belə də olur ki, şagirdlər problemlə bağlı nələri öyrənmək istəyəcəklərinə dair suallar  qoymaqda çətinlik çəkirlər, belə sualları müəyyənləşdirə bilmirlər. Belə vəziy­yətdə  həmin "açar sözlər"ə nəzər salmaq kifayət edər. Yaxşı olar ki müəllim həmin açar sözlərin hər birini bir A4 formatlı bir vərəqdə yazıb daim şagirdlərin göz önündə saxlasın.
Həmin "açar sözlər"ə xüsusiyyətlər, növlər, rol, əhəmiyyət, səbəb, nəticə, əlaqə, quruluş, funksiya, keyfiyyət, əlamət, çatışmazlıqlar və üstünlüklər və s. daxildir.
İş nümunəsinə fikir verək. Məsələn,  X sinifdə Nəsimi mövzusunun tədrisi zamanı(mövzu tapdırıldıqdan sonra –F.Y.) müəllim şagirdlərə təklif edə bilər ki, onlar müəyyənləş­dir­sin­lər, görsünlər hansı  "açar sözlər"ə istinad etməklə mövzuya dair suallar tərtib etmək mümkündür.  Şagirdlər verilmiş "açar sözlər"dən istifadə etməklə aşağıdakı sualları qura bilərlər:
1.      Nəsiminin ədəbiyyat tariximizdə rolu nədən ibarətdir?
2.      Onun həyat və  yaradıcılığına hansı xüsusiyyətlər xasdır?
3.      Nəsiminin bədii irsinin bizim üçün əhəmiyyəti nədir?
4.      Nəsimi irsinin üstünlükləri nədən ibarətdir?
5.      Nəsimi irsinin ənənələrlə hansı bir  əlaqəsi vardır?  və s.
Deyilənlərə  yekun vurmağa çalışaq. Dərsin motivasiya mərhələsində işlər aşağıdakı ardıcıllıqla yerinə yetirilir:
-          Simvollu  material təqdim olunur,
-          Onun haqqında şagirdlərin təəssüratı soruşulur, fikirlərini əsaslandırmaq xahiş olunur,
-          Cavablar ümumiləşdirilir və şagirdlərdən soruşulur: burada nədən söhbət gedirdi?
-          Şagirdlərin cavabı dinlənildikdən sonra onlara sual verilir:  deməli, bu gün biz nə haqqında söhbət açacağıq?
-          Şagirdlərin cavabı alınandan onlara təşəkkür edilməklə mövzunun adı dəqiq formada lövhəyə qeyd olunur,
-          Mövzuya tədqiqat sualı qoyulur və o da lövhəyə qeyd olunur,
-          Tədqiqat sualına şagirdlərin ilkin cavabları (fərziyyələri) alınır və yığcam şəkildə tədqiqat sualının altında lövhəyə yazılır.
Motivasiyanı yaratmaq işində hansı variantın seçilməsi mövzunun xarakterindən və müəllimin istəyindən asılıdır.
Motivasiya mərhələsi tədqiqat sualına  verilən cavabların lövhədə qeyd olunması ilə yekunlaşır. Dərsin növbəti mərhələsinə keçilir.
2. Tədqiqatın aparılması mərhələsi. Bu mərhələdə irəli sürülən fərziyyələrin yoxlanılması, dəqiqləşdirilməsi üçün şagirdlərin tədqiqat aparmalarına şərait yaradılır. Müəllim əvvəlcədən qrup tapşırıqların hazır edir. Bu tapşırıqlarda dərsin məqsədini əhatə edən müddəalar əsas götürülür. Əgər möv­zunun öyrənilməsi məqsədi 3-5 maddə arasındadırsa, deməli, o maddələr tədqiqat zamanı mütləq araşdırılmalı və şagirdlər problemi hərtərəfli tədqiq etmək bacarığını kiçik qrup (ola bilsin ki, dərsdə fərdi, cütlərlə, böyük qrupla iş formalarından istifadə oluna bilər. Bu amili unutmaq olmaz – F-Y.) formasında nümayiş etdirilməlidir.
Bu mərhələdə müəllim sinifdəki şagirdlərin miqdarını nəzərə almaqla neçə qrup yaradacağını, o qruplara hansı tapşırıqlar verəcəyini əvvəlcədən müəyyən etməlidir. Burada hansı iş formasının seçilməsi(fərdi, cütlərlə, kiçik qrupla, böyük qrupla) olduqca vacibdir. Hansı iş formasının seçilməsi isə proqram materialının verdiyi imkandan asılıdır. Elə mövzular var ki, kiçik qrupla iş, eləsi də var ki, böyük qrupla iş formasında həyata keçirilə bilər.
Qrup tapşırıqları verilən zaman yaddaşı, məntiqi, tənqidi və yaradıcı təfəkkürü  inkişafa sövq etdirən suallar (tapşırıqlar) sisteminə müraciət olunmalıdır. Yaddaş, hafizə insanın həyatda mövcud olmasını şərtləndirən ən vacib amillərdən biridir. O yoxdursa, deməli, insan da yoxdur. Qrup tapşırıqları verilərkən elə etmək lazımdır ki, suallardan biri şagirdlərin hafizəsini yoxlamağa imkan yaratsın. Müəllim elə sual qoymalıdır ki, şagirdlər mətni oxuduqdan sonra onun məzmununu düzgün xatırlasınlar, yadlarına salsınlar, əldə etdikləri biliyi bir siyahı formasına sala bilsinlər, əlamətləri keyfiyyətləri düzgün və dəqiq sadalasınlar, onları düzgün qeyd etsinlər, nələri isə unutmadıqlarına əmin olsunlar.
Məntiqi təfəkkür də yaddaş əsasında formalaşır və insanın bir varlıq kimi formalaşmasında mühüm rol oynayır. Biz əldə etdiyimiz biliklərə, məlumatlara, həyat təcrübələrimizə o zaman sahib çıxırıq ki,  bu bilikləri müxtəlif nöqtələrdən qiymətləndirə bilirik, onları əvvəlki biliklərimizlə müqayisə edir, tutuşdurur, oxşar və fərqli cəhətləri ayırd edir, qruplaşdırır, əsasları ikinci dərəcəli cəhətlərdən uğurla ayıra və seçə bilir, onu təhlil edir, şərh edir, səbəbini tapır, nəticə çıxarırıq. Bu əməliyyatları yerinə yetirmək məhz məntiqi təfəkkürün hesabına baş verir. Kimdə bu cür bacarıqlar  daha çox inkişaf edirsə, onlar həyatda bir o qədər də  uğur qazanmış olurlar. Bu cür insanlarda çaşma, səhv etmə, yanlış yola düşmə qətiyyən ola bilməz. Deməli, qrup tapşırıqları zamanı elə etmək lazımdır ki, onlardan biri də məhz məntiqi təfəkkürün inkişaf etdirilməsinə yönləndirilmiş olsun.
Tənqidi təfəkkür də yaddaş materialından bəhrələnməklə, ona söykənməklə insana isbat edir ki, əldə olunanlardan da  yaxşısına sahib çıxa bilərsən. Əldə etdiyin biliklər, həyat təcrübəsi və s. sənə kifayət edirmi, ona dəyər ver, münasibətini bildir və bu qənaətini əsaslandır, səhvləri tap, düzgün olanını seç. Tənqidi təfəkkürü lazımi səviyyədə formalaşmış insan hər bir fakt və hadisəni olduğu kimi görməkdən əlavə, ona hərtərəfli yanaşa, təhlil edə, qərar verə və əsaslandırılmış münasibət ifadə edə bilir. Ona görə də qrup tapşırıqları verilərkən elə etmək lazımdır ki, tənqidi təfəkkürün inkişafı etdirilməsinə dair də  suallar qoyulsun.
Yaradıcı təfəkkür də yaddaşdan, hafizədən mayasını götürür insanın həyatına bir işıq, yaradıcılıq, qurub-yaratmaq əzmi gətirir. İnsan təkcə təqlid etmir, mexanizmini mənimsədikdən sonra daha mükəmməllərini və səmərəli olanını yaradır. İnsanın fantaziyası hər bir şeydə yeni-yeni əlamət, hərəkət və keyfiyyətlər yaratmağa qadirdir. Belə təfəkkürə sahib olan insanlar öz həyatlarını rəngarəng qurmağı bacarır, cəmiyyətin inkişafına təkan vermiş olurlar.  Təsadüfi deyildir ki, son iyirmi ildə təfəkkürün inkişaf etdirilməsi ən vacib məsələ kimi gündəmdə saxlanılmaqdadır. Deməli, qrup tapşırıqları hazırlananda qoyulan suallardan bir də yaradıcı təfəkkürün inkişaf etdirilməsinə aid olmalıdır.
Deməli, biz dərslərdə məhz  elə tapşırıqlardan istifadə etməliyik ki, onlar şagirdlərimizin həm hafizəsini, həm də düşüncələrinin daim inkişafda saxlaya bilsin.
Tapşırıqlar yazılı şəkildə icra olundu­ğundan suallarda bu ifadələr – yazın, qeyd edin, yazılı şəkildə ifadə edin, yazılı şəkildə əsaslandırın, yazılı şəkildə göstərin və s. öz yerini tutmalıdır. Yoxsa şagirdlər tapşırığı şifahi icra edərlər və bunun da heç bir faydası ola bilməz. Təəssüf ki çox zaman müəllimlər tapşırıqda nəzərə alınmalı olan bu vacib məqamı unudur və səhvlərə yol verirlər.
 Yaddaşa dair tapşırıqda aşağıdakı sözlərdən birinin iştirakı kifayət edir: öyrən, əzbərlə, yadına sal, xəyalında canlandır, danış, ifadə et, tap, siyahını tərtib et, sadala, təsdiqini tap(əsaslandır), hər hansı bir sıraya, növə aid et, göstər, tərif ver.
 Məntiqi təfəkkürün inkişaf etdirilməsinə dair tapşırıqda aşağıdakı sözlərdən birinin iştirakı bəs edər: təsvir et, müqayisə et, oxşarlıqları və fərqləri tap, təsnif et, qur, dəyişdir, hesabla, sadələşdir, müəyyən et, öz tərifini ver, əlaqəni aşkar et, sxem, qrafik, cədvəl düzəlt, tərtib et davam et, təhlil et, izah et, şərh et, nəticə çıxar, səbəbi tap(səbəb, nəticə), ümumiləşdir, əsas ideyanı seçib ayır, mahiyyətini ifadə et.
Tənqidi təfəkkürün inkişaf etdirilməsinə dair tapşırıqda verilmiş sözlərdən birinin iştirakı kifayətdir: müxtəlif baxış nöqtələrindən qiymətləndir, əhəmiyyətini, rolunu qiymətləndir, meyarları müəyyən et, meyar cədvəlini tərtib et, səhvləri tap, faktları uydurmadan seçib ayır, mübahisəli məqamları aşkar et, tənqidi yanaş, düzgün olanı seç,  ən mühüm predmetləri və hadisələri müəyyən et, əhəmiyyətini sübut et, öz ideyanı əsaslandır, ən səmərəli yolu tap, məsləhət ver.
Yaradıcı təfəkkürün inkişafına dair tapşırıqda əks oluna bilər:  hekayə, situasiya, nağıl, musiqi, üsul uydur; maket, model, sxem, qrafik, kitab tərtib et; proqnoz ver, müqayisə et və analoqunu tap, ixtira et, yarat, başqa obyektə döndər, yeni tətbiq üsulunu tap, dəyişikliklər et, yenidən tərtib et, yeni əsaslar üzərində təsnif et, yeni şəraitə uyğun hala gətir, öz şəxsi mülahizəni ver, problemi müəyyən et, fərziyyələr söylə, mübaliğə et. Minimuma endir, simvol şəklində təsvir et.
Tədqiqatın aparılması mərhələsində tədqiqat sualına  verilən ilkin cavabı – fərziyyələri yoxlamaq və təsdiq etmək baxımından qrup işlərinə start verilir. Müəllim bilik - tədqiqat mənbələrini elan edir, şagirdləri qruplara bölür, hər qrupu tapşırıq və iş vərəqləri ilə təmin edir, tapşırığın necə icra olunacağına dair  ümumi təlimat verir, tədqiqatın aparılacağı müddəti elan edir.
Uşaqlar vaxt büdcəsini və  tədqiqatlarının necə dəyərləndiriləcəyini bilməlidirlər. Bunun üçün müəllim əsas meyarları sinfə elan edir. Tədqiqat işlərinin nəticələri  ayrıca vərəqlərdə qeyd olunur. Bu vərəqlər işçi vərəqləri adlanır.
Tədqiqatın aparılması mərhələsi şagirdlərin iş vərəqlərində  qeyd etdirdikləri məlumatlarla yekunlaşır. Yəni verilmiş vaxt ərzində görülən işlərin nəticəsi iş vərəqlərində öz əksini tapır.
-          Tədqiqatın aparılması mərhələsində müəllim dərsin məqsədini əhatə etməyən suallardan istifadə edə bilər.
-          Tapşırıqların düzgün həlli variantını qruplara  yaxınlaşıb özü söyləyə bilər.  
-          Ola bilsin ki, tapşırıqlarda məntiqi, tənqidi və yaradıcı sualları düzgün qoya bilməz.
-           Suallar olduqca qəliz və mürəkkəb ola bilər.
-           Şagirdlərin tədqiqat işlərinin gedişində müəllim bir seyrçi kimi qalar və ya işin gedişinə gərəksiz müdaxilələr edər.
Bunlara qətiyyən yol vermək olmaz. Qrup tapşırıq­ların­dakı suallar qısa, aydın, sadə və şagirdlərin güclərinə müvafiq qoyulmalıdır. Tədqiqata ayrılan vaxt azalanda, yəni iki dəqiqə, bir dəqiqə qalanda onu şagirdlərə elan etmək lazımdır. Tədqiqatın gedişində müəllim dəstəkləyici və nəzarətedici işləri yerinə yetirməlidir.
Tədqiqatın aparılması mərhələsi şagirdlərin iş vərəqlərinə cavablarının qeyd edilməsi ilə yekunlaşır.
3. Məlumat mübadiləsi mərhələsi. Bu mərhələdə müəllim hər bir qrupun təqdimatına neçə dəqiqə vaxt ayrıldığını elan edir. Şagirdlər tədqiqatın nəticələrini – qrup işlərini bir-bir sinfə təq­dim etməyə başlayırlar. Bunun üçün hər qrupdan bir nəfər(qrup lideri) tədqiqatın nəticələrini sinfə çatdırır. Əgər ona suallar olarsa, onu cavablandırır və əyləşir.
Müəllim bu mərhələdə şagirdləri bir-birilərinin təqdimatlarına qulaq asmağa   səfərbər etməlidir. Bütün qrupların təqdimatları bitdikdən sonra irəlicədən müəyyən edilmiş meyarlar əsasında qiymətləndirmə həyata keçirilir.
Məlumat mübadiləsi mərhələsi lövhəyə yapışdırılmış iş vərəqləri ilə yekunlaşmış olur.
Bu mərhələdə müəllim aşağıdakı səhvləri buraxa bilər:
-          Qrupun birinə çox, digərinə az vaxt ayırar
-          İş vərəqlərinin bir-birinin üstünə yapışdırtdırar
-          Təqdimatlar zamanı liderlər iş vərəqlərini qarşısını örtmüş olar,
-          Qiymətləndirmə meyarlarını qabaqcadan elan etmədən qiymətləndirmə aparar,
-          Öz fikrini əsaslandırmaq əvəzinə, şagirdlərə onu zorla qəbul etdirər.
-          Qrup işlərinin təqdimatında hər dəfə eyni şagirdi lövhəyə dəvət edər,
-          Təqdimat zamanı öz münasibətinə dərhal açıqlayar.
4. Məlumatın müzakirəsi və təşkili(qruplaşdırılması) mərhələsi. Bu mərhələdə təqdim olunan qrup işlərinə nəzər salınır, onlardakı məlumatlar üzərində müşahidələr aparılır, üst-üstə düşən və düşməyən məqamlara şagirdlərin diqqəti cəlb olunur, ümumiləşdirmələr aparılır.  Bunu bir qədər ətraflı şəkildə izah edək.  
Təsəvvür edin ki, lövhəyə 5 qrupun iş vərəqləri asılmışdır. Müəllim qiymətləndirməni bitirdikdən sonra həmin iş vərəqlərindəki məlumatların müzakirə ediləcəyini elan edir. Şagirdlərə bildirir ki, Gəlin, indi iş vərəqlərimizdə əldə etdiyimiz məlumatlara birlikdə nəzər salaq, onlardakı oxşar fikirləri müəyyən edək,  yığcamlaşdıraq və yekun bir məlumat ortaya qoyaq. Beləliklə, qrup işlərini birləşdirilən və fərqli cəhətlər müəyyən olunur və yekun bir rəyə gəlinir. Dediklərimizi əyaniləşdirə. Tutaq ki, birinci qrupun işində müzakirə apararaq verilən əlamətlərin "ata"ya aid olduğunu, eyni ilə digər qruplarda "ana"ya, "bacı"ya, "qardaş"a, "nənə"yə aid olduğu müəyyən edildi. Sonra müəllim həmin əlamətlərin bir yerə cəmlənməsini və nə alına biləcəyini soruşur. Təbiidir ki, şagirdlər bu əlamətlərə görə "AİLƏ" anlayışını ortaya qoyurlar(aşağıdakı sxemə baxın).

 1               2              3                4               5                           yekun



 





 

 

 



    ailə
 




Ata   +  ana  + bacı  + qardaş + nənə      =

Bu mərhələdə ümumiləşdirmə və təsnif etməni istənilən cür təşkil etmək olar. Müəllim unutmamalıdır ki, iş vərəq­lərindəki məlumatlar, dərsin məqsədinə uyğun formada müşahidə etdirilməli, həmin vərəqlər arasında rabitə tapılmalı, "körpülər" qurulmalı, oxşar fikirlər bir tərəfə, fərqlilər isə başqa tərəfə toplanmalı və yekun qənaət ortaya qoyulmalıdır. Həmin yekun qənaət axtarışların nə ilə nəticələndiyini yığcam formada şagirdlərin gözü önündə canlandırmalıdır.
Bu mərhələdə müəllim tərəfində aşağıdakı səhvlər buraxıla bilər:
-          Qrupların təqdim etdiyi iş vərəqləri üzərində şagirdlərin müşahidəsini düzgün təşkil edə bilməz,
-          Müzakirə üçün sualları düzgün qoya bilməz,
-          İş vərəqlərindəki məlumatları düzgün ümumiləşdirt­dirə bilməz, əvəzində bu işi özü edər,
-          Ümumiləşdirmə, yekun rəyi dərsin məqsədindən kənar məsələlərlə bağlayar,
-          Şagirdlərin sərbəst müşahidə aparmalarına, fikir yürütmələrinə imkan yaratmaz.
 Bu mərhələ ya yekun qənaətlərin yeni bir vərəqdə qeyd olunması ilə, ya da mövcud iş vərəqlərinin tezisləri üzərində "+" və ya "-" işarələrinin qoyulması ilə bitir.
5. Nəticələrin çıxarılması mərhələsi. Bu mərhələ dərsin ən vacib məqamını özündə əks etdirir.  Burda görülən iş o olur ki, tədqiqatların yekununu əks etdirən  qənaətlərlə motivasiya mərhələsindəki tədqiqat sualı və ona dair irəli sürülmüş ilkin fərziyyələr tutuşdurulur, nələrin üst-üstə düşdüyü, nələrin isə yeni olduğu aydınlaşdırılır. Bu mərhələnin yekununda artıq yeni biliyin əldə edilməsi özünü göstərir.
Bu mərhələdə müəllim tərəfindən aşağıdakı səhvlər buraxıla bilər:
-          Yekun qənaətlə dərsin ilk mərhələsində əksini tapan tədqiqat sualı və ilkin fərziyyələr düzgün əlaqələndirilə bilməz,
-          Müəllim əlaqələndirici sual düzgün qoya bilməz,
-          Bu mərhələni -  tutuşdurmanı və digər işləri müəllim özü icra edər.
6. Yaradıcı tətbiqetmə mərhələsi. Dərsin növbəti mərhələsi yaradıcı tətbiq etmədir. Bu mərhələdə əldə olunmuş yeni bilik yaradıcı şəkildə tətbiq olunur. Bunun üçün müəllim yaradıcı tapşırıqlardan istifadə edir. Həmin tapşırıqların məzmunu və xarakteri yaradıcı təfəkkürün inkişafına dair bir qədər əvvəldə verdiyimiz məlumatda(bax: səh. 75) əks olun­muşdur. Müəllim mövzunun tələbindən, dərsin məqsədindən irəli gələn istənilən yaradıcı tapşırığı ümumi formada şagirdlərə elan edir, kim nəyi bacarırsa onu da yerinə yetirir.
Bu mərhələdə müəllim aşağıdakı səhvləri edə bilər:
-          Yaradıcı tapşırıq əvəzinə möhkəmləndirici suallardan istifadə
-          Bütün şagirdlərin yaradıcılıq işlərinin nəticələri ilə tanışlıq.
-          Vaxt rejiminə düzgün əməl etməmək,
-          Şagirdlərin işlərinin dinlənilməsində diqqətsizlik, qeyri-səmimilik, dəstəkləyici münasibətin olmaması
Bu mərhələ şagirdlərin yaratdıqları iş nümunələrinin təqdimi ilə yekunlaşır. Həmin mərhələdə bir neçə şagirdin işi dinlənilməli və haqqında mütləq müsbət fikirlər söylənməlidir.
7. Refleksiya.  Bu mərhələdə biliyin əldə olunması yollarına nəzər salınır. Şagirdlərdən soruşulur ki, gəlin görək biz bu bilikləri  necə əldə etdik? Əvvəlcə, nədən başladıq? Sonra hansı işləri gördük? Daha  sonra nə etdik? və bu qayda ilə davam edilir. Bu sözün mənası əldə olunmuş biliyin, keçilən yolun şüurda canlandırılmasıdır.
Bu mərhələdə müəllim aşağıdakı səhvləri buraxa bilər:
-          Biliklərin əldə olunması ardıcıllığını düzgün soruşa bilməz,
-          Sualların qoyuluşunda uzunçuluğa yol verər?
-          Biliyin əldə olunması yolunu ancaq özü şərh edər.

 


Fəal/interaktiv təlimdə tədqiqatın aparılması iki istiqamətdə olur – induktiv və deduktiv. Buna  uyğun olaraq da iki dərs tipi yaranır. İnduktiv dərs tipindən yeni biliklərin verilməsi zamanı, deduktiv dərs tipindən isə təkrarlama, ümumiləşdirmə və tətbiq dərslərində istifadə olunur.
Fəal/interaktiv təlimi formasında keçilən dərslər birbaşa elmi-tədqiqat işinin aparılmasını xatırladır. Yəni problem qoyulur, onun həllinə dair ilkin fərziyyələr irəli sürülür, sonra həmin  fərziyyələri yoxlamaq üçün tədqiqatlar aparılır, tədqiqatların nəticələri işçi vərəqlərində qeyd olunur və sinfə təq­dim olunur,  ilkin fərziyyələrlə müqayisə edilir və nələrin dəqiqləşdirildiyi barədə hesabat verilir. Bir fərqi vardır ki, bu tədqiqatlar fərdi xarakterli deyildir. Burada problemin araşdırılmasında kiçik qruplar iştirak edir.
İstər ənənəvi, istərsə də fəal/interaktiv təlim və TTİMY texnologiyası ilə aparılan dərslərdə təlim, tərbiyə və inkişaf məqsədləri, dərslərin təchizatı, istifadə olunan metodlar, dərslərin mərhələləri və təxmini vaxt bölgüsü  qeyd olunmalıdır.
?!
1.      Ədəbiyyat tədrisinin təşkili  dedikdə nə başa düşülür?
2.      Planlaşdırmaya nələr daxildir?
3.      İllik, yarımillik və gündəlik plan barəsində nə öyrəndiniz?
4.      Planlaşdırmanın əhəmiyyəti nədən ibarətdir?
5.      Dərs mərhələləri barəsində nə kimi biliklərə malik oldunuz?
6.      Ənənəvi və fəal təlimlə keçilən dərslər barəsində Sizdə nə kimi təsəvvür yarandı?
7.      Fəal təlimlə keçilən dərslərin quruluşu barəsində nə söyləyə bilərsiniz?
8.      Motivasiya mərhələsinin vəzifəsi nədən ibarətdir və onu necə yaratmaq olar?
9.      Motivasiya mərhələsi nə ilə yekunlaşır?
10.  Tədqiqat işləri necə təşkil olunmalıdır?
11.  Tədqiqatın nəticələri necə təqdim olunur?
12.  İş vərəqlərində əksini tapan məlumatlar necə əlaqələndirilməlidir?
13.   Ümumiləşmələrin aparılması, alınan qənaətlərin ilkin fərziyyələrlə müqayisəsi nə uçun lazımdır?

14.  Refleksiya mərhələsində hansı işlər görülür?

Комментарии

Популярные сообщения из этого блога

Təlim strategiyalaraı: ədəbiyyat dərslərinin təşkili

Dərs icmalı nümunəsi (Məzmun üzrə iş)