Tarixi-ədəbi icmal VIII sinifdə


VIII sininfdə tarixi-ədəbi icmal



QƏDİM DÖVR AZƏRBAYCAN ƏDƏBİYYATI
Azərbaycanda ən qədim zamanlarda yaranan ədəbiyyat və mədəniyyət nümunələri sonrakı dövrlərə gəlib çatmamışdır. VII əsrdə Azərbaycanın ərəblər tərəfindən işğal olunması sənətkarlarımızın ərəb dilində yazıb-yaratmalarına səbəb oldu. XI əsrin ortalarından Azərbaycanda farsca yazmaq ənənəsi başlayır. Hökmdarların fars dilinə üstünlük verməsi, bu dildə yazanlara qayğı göstərməsi həmin ənənənin uzun illər davam etməsi ilə nəticələnir. XI yüzillikdə ərəbcə yazan şair və alimlərimiz olsa da, farsca yazanların sayı get-gedə çoxalır və bu yeni ənənə möhkəmlənir. XI–XII əsrlərdə yazılı ədəbiyyat, əsasən, saraylarda yaşayan sənətkarlar tərəfindən yaradılırdı. Onların əsərləri daha çox hökmdarların mədhinə – tərifinə həsr olunurdu. Həmin dövrdə fərqli məzmunda əsərlər də yaranırdı. Təbiətin, saf məhəbbətin tərənnümü, əmək adamlarına, sadə peşə sahiblərinə rəğbət, zəmanə hökmdarlarından narazılıq və s. əks olunduğu əsərlər bu gün də maraqla oxunur.
XI əsrdə Qətran Təbrizi, XII əsrdə Nizami Gəncəvi, Əfzələddin Xaqani, Məhsəti Gəncəvi və digər qüdrətli sənətkarlar yaşayıb-yaratmışlar. Nizami yaradıcılığı bəşəri dəyərlərə əvəzsiz töhfə verən mənbə kimi bütün dünyada qiymətləndirilir. Qədim dövr Azərbaycan ədəbiyyatında misilsiz xalq yaradıcılığı hadisəsi olan “Dədə Qorqud” dünya ədəbiyyatında çox az rast gəlinən möhtəşəm abidələrdəndir. Ulu babalarımızın – oğuz türklərinin bədii düşüncəsinin məhsulu olan “Kitabi-Dədə Qorqud” dastanları ideya-məzmunu, təkrarolunmaz gözəlliyi ilə yüz illərdir dünya alimlərinin diqqət mərkəzindədir.[1]

Materialın məzmunu və həcmi barədə müşahidə aparın. Şagirdlərə növbəti materialların başa düşülməsi işində buradakı məzmun xeyli kömək edir. Əsas diqqət bu zaman çərçivəsində mövcud olan ədəbi nailiyyətlərin şagirdlər tərəfindən düzgün tutulmasına yönəldilməlidir.
Yeni kursda(X-XI siniflərdə) müəlliflər bu icmallara layihə xarakteri vermiş(nisbidir, layihə anlayışına uyğun gəlmir –F.Y.) və tədrisi üçün bir saat vaxt ayırmışlar. Oradakı layihə sözü nisbidir. Sizdə bu barədə müəyyən təsəvvür yaratmaq üçün  X sinifdən də eyni mövzunun tarixi-ədəbi icmalını təqdim edirik.

QƏDİM DÖVR AZƏRBAYCAN ƏDƏBİYYATI[2](ən qədim zamanlardan XIII əsrə qədər)

Layihə üzrə araşdırmaya hazırlaşın.
1. Bu dövrlə bağlı bildiklərinizi yada salıb
yığcam müzakirə aparın.
2. Aşağıdakı sualları və onları araşdırmağa
istiqamət verən cavabları oxuyun.


Qədim dövrlərdə geniş coğrafi ərazidə yayılmış türk xalqlarının ədəbiyyatı ortaq səciyyə daşımış, Azərbaycan ədəbiyyatı ümumtürk ədəbiyyatının tərkib hissəsi kimi yaranmışdır. Qədim dövrlərə getdikcə türk ədəbiyyatları arasında dil, üslub, obraz baxımından ümumiliyin, əlaqənin daha güclü olduğunu görmək olur. Qədim türk bədii düşüncə nümunələrini bizə ilk tanıdan Çin qaynaqlarıdır. Çin dilinə tərcümə olunmuş, eradan əvvəl II əsrə aid nümunələr – şeir parçaları ideya məzmununa görə bugünkü türkü düşündürür, onda həzin, hüznlü ovqatın yaranmasına səbəb olur. Bu parçalarda ifadə olunmuş hiss-düşüncə min il sonra Orxon-Yenisey abidələrində təkrar olunur, türkün öz dilindən eşidilir, türkün öz əlifbasında, yazısında oxunur.
Qədim türklərin ortaq ədəbiyyatının əsasında duran epos yaradıcılığı – “Dünyanın yaranması”, “Türklərin törəyişi”, “Oğuz xaqan”, “Alp Ər Tonqa”, “Ərgənəkon”, “Köç” onların tarixini, qəhrəmanlığını əks etdirən qiymətli bədii nümunələrdir. Ortaq məkanda, coğrafiyada, mənəvi mühitdə yaradılmış bu əsərlərdə ulu babalarımızın təfəkkürü, dünyaya, həyata baxışı, mədəni ənənələri bədii ifadəsini tapmışdır. Bizə çatan nümunələrdən məlum olur ki, onlar məzmunca fərqli, rəngarəng olmuşdur. Məsələn, “Yaradılış” dastanında qədim türklərin əvvəllər kainatın mənzərəsinin necə olması barədəki təsəvvürləri öz əksini tapıb.
Əsərdə Tanrı Qara xan obrazı yaradılıb. Dünya Tanrının iradəsinə tabedir. Dünyada xeyirxahlıqla yanaşı, bədxahlıq da mövcuddur. Tanrı bədxahlığın xeyirxahlığı üstələməsinə, dünyanı idarə etməsinə imkan vermir. Göyün yeddinci qatında oturub kainatı idarə edən Tanrı türklərin yaşadığı torpağın da, cəmiyyətin də taleyini müəyyənləşdirir.
Qədim türklərin soykökünü təşkil edən el və tayfa birləşmələri Yaxın Şərqdə yaşayan xalqlarla sıx iqtisadi, mədəni əlaqədə olmuşlar. Bu əlaqə eyniköklü xalqların birində yaranan söz sənəti nümunələrinin digər xalqlar arasında da geniş yayılmasına səbəb olmuşdur. Belə əsərlərdən biri olan


“Avesta” atəşpərəst Azərbaycan türklərinin də dini kitabı idi. “Avesta”nın müəllifi Zərdüşt peyğəmbərdir. Əsərin özəyi sayılan, bədii təfəkkürün məhsulu olan “Qatlar”da ilk insanın yaranması, insan həyatının müxtəlif məqamları, insanla təbiət arasında mübarizə, müharibədə qələbə və məğlubiyyətin doğurduğu hislər bədii dillə əks etdirilir. Əsərdə Xeyir allahı Ahura Məzda (Hörmüz) ilə Şər allahı Əhrimənin (Anqramanyu) mübarizəsindən söz açılır. Xeyir allahı Hörmüz bütün yaxşılıqların – işığın, sağlamlığın, odun, həyatın yaradıcısıdır. Yalan, zülmət, ölüm, xəstəlikləri isə Şər allahı Əhrimən yaratmışdır. Onların mübarizəsi işığın qaranlıq, xeyirin şər üzərində qələbəsi ilə nəticələnir. “Avesta”da insanlar humanizmə, xeyirxah əməllərə, həyatda bolluğun əsası hesab edilən əkinçiliyə, maldarlığa çağırılırdı. Atəşpərəstlər müqəddəs saydıqları oda sitayiş edir, onun vasitəsilə pisliklərdən qurtulmağın mümkünlüyünə inanırdılar. Zədüştiliklə bağlı olan bir sıra adətlər – odun müqəddəs sayılması, səməni göyərdilməsi, odun (tonqalın) üstündən atlanma və s. dövrümüzə gəlib çatmışdır.

Eposun yaranma tarixi kimi, nə vaxt yazıya alınması da fərqli şəkildə izah olunur. Azərbaycan türklərinin qədim qəhrəmanlıq salnaməsi, bədii söz sənətimizin ilk mükəmməl ədəbi-bədii hadisəsi olan “Kitabi-Dədə Qorqud” islamiyyətdən çox-çox öncəki “Oğuznamələr” silsiləsinə daxil olsa da, doğma türkcəmizin abidəsidir. Onun yazıya alınması yazılı ədəbiyyatımızın yalnız ərəb, yaxud fars dilində deyil, həm də doğma dilimizdə inkişaf etdiyini göstərirdi. Bu qiymətli abidə təkcə dilimizi, tariximizi yox, bütövlükdə xalqımızın mənəviyyatını, psixologiyasını, həyata baxışını və s. öyrənmək, dəyərləndirmək üçün mötəbər mənbədir.

VII əsrin ortalarından Ərəbistanda yaranan güclü islam dövləti bir çox ölkələri islam bayrağı altında istila etdi. Azərbaycan da kənarda qalmadı. Ölkəmizə hücum edən ərəblər xalqın ciddi müqaviməti ilə qarşılaşdılar. Çətinliklə də olsa, ölkə işğal olundu. İslamın qəbulundan sonra müxtəlif bölgələrdə mədrəsələr açıldı. Məqsəd islam dininin əsaslarını və ərəb dilini mənimsətmək idi. Ərəb dilində mükəmməl sənət əsərləri yaradan Musa Şəhəvat, İsmayıl ibn Yəsar, Əbül-Abbas əl-Əma kimi sənətkarlarımızın yaradıcılığında vətənpərvərlik, doğma yurda bağlılıq hislərinin ifadəsinə geniş yer verilirdi. Ədalət – zülm qarşıdurması, ictimai mühitdəki yaramazlıqlara etiraz onların əsərlərində əksini tapan məsələlərdən idi. Bu sənətkarların təbiət mövzularında yazılmış əsərlərində yenilik axtarışları, səmimilik, lirizm özünü aydın göstərirdi.

F
Ərəb xilafəti zəiflədikdən sonra Yaxın və Orta Şərq ölkələrində, saraylarda fars dili geniş yayılmağa başladı. Azərbaycanda XI əsrin ortalarından başlayaraq, farsca yazmaq ənənəsi yarandı. Saray ədəbiyyatında qəsidənin mədhiyyə, həcv, mərsiyə, fəxriyyə kimi növlərinə geniş yer verilir, dini mövzularda əsərlərin yazılmasına xüsusi diqqət yetirilirdi. Mədhiyyələr hökmdarların qüdrətinin, əməllərinin tərifi ilə məhdudlaşmır, onlar xeyirxah, mərhəmətli olmağa, ölkədə quruculuq işləri aparmağa, əmin-amanlıq yaratmağa dəvət edilirdi. Sarayda yaşayan mütərəqqi görüşlü sənətkarlar tarixi hadisələrə, ictimai-fəlsəfi məsələlərə həsr etdikləri əsərlərlə saray ədəbiyyatının mövzu, məzmun baxımından zənginləşməsinə istiqamət verirdilər. Əsərlərini farsca yazsalar da, təbliğ etdikləri ideya və bədii sənətkarlıq baxımından türk-Azərbaycan dünyagörüşünü, mənəviyyatını əks etdirən Qətran Təbrizi, Əbül-üla Gəncəvi, Fələki Şirvani, Mücirəddin Beyləqani, Məhsəti Gəncəvi, Əfzələddin Xaqani məhəbbəti, təbiəti tərənnüm edən, eləcə də dərin fəlsəfi düşüncələri əks etdirən lirik şeirlər yazırdılar. Bu sənətkarların yaradıcılığında ictimai-siyasi problemlər, humanist ideyalar da əksini tapırdı.


XI əsr saray ədəbiyyatının görkəmli nümayəndəsi kimi şöhrət qazanmış Q. Təbrizinin irsi “Divan”dan və “Ət-təfasir” adlı farsca lüğətdən ibarətdir. Şairin “Divanı”na mədhiyyələrlə yanaşı, məhəbbət, vətən, insan taleyi, təbiət mövzusunda, eləcə də, saraydan narazılığı əks etdirən lirik şeirləri daxildir. Gəncədə və Təbrizdə yazıb-yaratmış şairin Təbrizdə baş vermiş zəlzələ haqqında iki mənzuməsi bu qədim şəhərlə bağlı məlumat verən mənbə kimi dəyərlidir.
M. Gəncəvi XII əsr ədəbiyyatımızda dərin ictimai-fəlsəfi məzmunlu rübailəri ilə şöhrət tapmışdır. Bu şeirlərin lirik qəhrəmanı dərin məhəbbətlə sevən, iztirab çəkən, gözəlliyi dəyərləndirən aşiqdir. Rübailərində müxtəlif peşə sahiblərindən
söz açması şairin əməkçi insana verdiyi yüksək dəyəri əks etdirir. Bu nümunələrdə insanın taleyi, həyatı, sevinci, kədəri ilə bağlı humanist düşüncələr yüksək poetik ifadəsini tapmışdır:
Dün kaşı kuzəmi daşlara çaldım,
Sərxoşdum, bilmədim, əlimdən saldım.
Kuzə dilə gəlib dedi ki, mən də
Sənin kimi idim, bu günə qaldım.
Ə. Xaqaninin “Divan”ındakı ictimai-fəlsəfi məzmunlu şeirlərdə, “Töhfətülİraqeyn” poeması, “Mədain xərabələri” qəsidəsində saraydan narazılıq motivlərinin əks olunması ədalətsizliyə etiraz edən ədibin vətəndaşlıq mövqeyi ilə bağlı idi. Ədəbiyyatımızda ilk poema olan “Töhfətül-İraqeyn” əsərində şairin öz həyatı, uşaqlıq illəri, təhsili, dostları ilə bağlı xatirələri də əksini tapmışdır. Üsyankar təbiətli şair saraydan, hökmdarlardan üz çevirmiş, öz xalqına, sadə insanlara dərin məhəbbət bəsləmişdir:
İstəmirəm, adımı çağıralar Xaqani,
Mən yoxsullar şairi, xəlqaniyəm, xəlqani.
“Mədain xərabələri” qəsidəsində şair Sasani hökmdarlarının paytaxtı olmuş Mədain şəhərinin xarabalıqlarını təsvir etməklə dövrünün şahlarına ibrət dərsi vermək məqsədini güdmüşdür. Şairin əsərlərində doğma yurduna məhəbbət, ondan ayrılığın doğurduğu şikayət motivləri güclüdür:
Şamaxı! Ey mənim sevimli yurdum!
Mən sənin qoynunda xaniman qurdum.
İndisə acığın tutmuşdur mana,
Sənin qucağından ayrılsam, ana,
Ümidim, pənahım Təbrizdir, Təbriz.
O şəhər də mənə doğmadır, əziz.
Saray həyatından uzaq olmağı üstün tutan Nizami Gəncəvinin “Xəmsə”si məzmunu, bədii forma kamilliyi, humanist ideyaların ifadəsi baxımından qədim dövr Azərbaycan ədəbiyyatının, intibah dövrünün zirvəsi sayılır. Nizami yeni bir ədəbi məktəbin əsasını qoymuş, poemaları ilə Yaxın Şərq ədəbiyyatının inkişafına istiqamət vermişdir.
Qeyd: haşiyə içərsiniə olan suallar düşməmişdir - F.Y.

3. Öyrəndiklərinizlə bağlı fikir mübadiləsi və müzakirə aparın.

E v d  ə i ş . L a y i h ə  ü z r ə  i ş i  d a v a m  e t d i r i n

1. Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən topladığınız məlumat əsasında zənginləşdirin və tamamlayın.
2. Araşdırma apararkən aşağıdakı sualları cavablarını da əhatə etməyə çalışın:
a) Qədim türk dastanları və “Dədə Qorqud” eposu üçün ortaq olan hansı cəhətlər vardır?
b) Saray şeirinin ədəbiyyat tarixində tutduğu mövqeyi necə qiymətləndirmək olar?
3. Yazılı qeydlər əsasında şifahi təqdimata hazırlaşın.
Mənbələr:
1. Azərbaycan ədəbiyyatı tarixi. Altı cilddə. II cild, Bakı: Elm, 2007, səh. 92- 96; 210-211; 216-217; 314-315 ; 361-362; 370-371; 416-417.
2. Ədəbiyyat (X sinif şagirdləri üçün elektron vəsait). http://edebiyyat.ucoz.com.
3. Səfərli Ə., Yusifli X. Azərbaycan ədəbiyyatı tarixi (qədim və orta əsrlər). Bakı: Ozan, 2008, səh. 13-15; 19-23;

Müəllim üçün vəsaitdə mövzunun tədrisinə dair metodik tövsiyə verilmişdir. Müəllim vəsaitində bu dərslərin tətbiqində bəzi kənara çıxmalar olduğunu nəzərə alaraq biz də həmin mövzunun fəal(interaktiv)  təlim əsasında tədrisi nümunəsini təqdim edəcəyik. Təbii ki, yeni bilik verən dərs olduğu üçün induktiv dərs tipini  seçməliyik. Burada materialın məzmununa uyğun gələn şifahi və yazılı nitq məzmun xətləri üzrə standartlara da istinad olunmalıdır.
Belə icmal  mövzularının  tədrisində  ən vacib məsələ qı­sa tarixi məlumatla ədəbi nailiyyətlərin uyğunlaşdırılması vəziyyətinin şagirdlər tərəfindən müşahidə etdirilməsi, qənaətlərin qeyd etdirilməsidir. Dərslikdə mətn üzrə müşahidələr aparıb onu məntiqi cəhətdən hissələrə bölə, materialın məzmununda nələri əks olunduğu öyrənə və alınan qənaətlərini təqdim edə bilərlər.
 Qədim və orta əsrlər dövrü ilə bağlı icmal mövzularının öyrədil­məsi zamanı yeri gəldikcə həmin dövrlərə dair Azərbaycan tarixi xəritələ­rin­dən də istifadə olunmalıdır. Fənlərarası əlaqə və əyanilik baxımından bu işin əhəmiyyəti olduqca böyükdür.
Tarixi-ədəbi icmalların tədrisində müəllim bir neçə məsələni diqqətdə saxlamalıdır:
1.      Hər bir mövzunun güddüyü təlim, tərbiyə və inkişaf məqsədlərini aydın təsəvvür etmək.
2.      Həmin mövzunun öyrənilməsi prosesində şagirdlərə nə kimi tapşırıqlar vermək və onları standartlarla necə əlaqələndirmək.
3.      Dərsin maraqlı və canlı alınması üçün hansı işləri yerinə yetirmək..
Fəal(interaktiv) dərsin gedişini aşağıdakı şəkildə təşkil etmək olar. Bunun üçün X sinifdəki  icmallardan birinin tədrisinə - "Qədim dövr Azərbaycan ədəbiyyatı" mövzusuna nəzər salaq.
Bir şeyi unutmayaq ki,  təklif olunan dərslərin hər biri(İstər müəllim vəsaitinin, istərsə də bizim təqdim etdiyimiz ) tövsiyə xarakterlidir və heç bir vəchlə müəllimin müstəqil işinin məhdudlaşdırılması demək deyildir. Buradakı iş prosesini  nəzərdən keçirərək onu, sadəcə olaraq iş nümunəsi kimi qəbul edin.



[1] Əliyev S., Həsənov B., Mustafayeva A., Verdiyeva N., Məmmədova S. Ədəbiyyat-8, Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün dərslik. Bakı: Bakınəşr, 2015, səh.11.
[2] Əliyev S., Həsənov B., Mustafayeva A. Ədəbiyyat-10, Ümumtəhsil məktəblərinin 10-ci sinfi üçün dərslik. Bakı: Bakınəşr, 2017, səh.19.

Комментарии

Популярные сообщения из этого блога

Təlim strategiyalaraı: ədəbiyyat dərslərinin təşkili

Fəal(interaktiv) təlim

Dərs icmalı nümunəsi (Məzmun üzrə iş)