Ədəbi əsərlərin öyrədilməsinə ümumi baxış


Ədəbİ əsərlərİn  öyrədİlməsİ

Orta məktəb ədəbiyyat kursunun (proqramının) əsas hissəsini ədəbi əsərlər təşkil edir. Dövlətimizin  qarşıya qoyduğu məsul və şərəfli vəzifələr bu əsərlərin tədrisi prosesində həyata keçirilir.
Ədəbi əsərlərin təlim-tərbiyəvi imkanları olduqca genişdir. Şagirdyönümlülük, nəticəyönümlülük, inteqrativlik, şəxsiyyətyönümlülük, şagirdlərdə həyati və ünsiyyət bacarıqların formalaşdırılması və inkişaf etdirilməsi, onların mənəvi aləminin zənginləşdirilməsi biz müəllimlərin tədris prosesində bu əsərlərdən necə istifadə etməyimizdən çox asılıdır.
Ədəbi əsərlər bir təsadüf olaraq dərsliklərə gətirilmir. Onların hər birinin seçilib dərsliklərə yerləşdirilməsində bir qanunauyğunluq, bir zərurət vardır.
Dərslik müəllifləri dövlətin nə istədiyini yaxşı bilir və həmin tələbələri ödəyə biləcək bədii nümunələri dərsliyə daxil edirlər.
Rəsmi sənədlərin qarşıya qoyduğu tələblərlə Siz də yaxından tanışsınız. Yəni kimi yetişdirməliyik, o şəxsə hansı bilik, bacarıq və keyfiyyətlər aşılamalıyıq bizə bəllidir.
İndi o vəzifələri uğurla, şərəflə yerinə yetirmək gərəkdir. Çünki heç kimə etibar olunmayan bir  iş, müqəddəs varlıq hesab etdiyimiz şagirdlərimizin gələcək taleyi(dövlətimizin taleyi) bizlərə tapşırılır.
Bizim görəcəyimiz hər bir iş həyati bacarıqlara yiyələn, rəqabətə davamlı, öz mövqeyini ifadə etməyi və qorumağı, kollektivdə ünsiyyət qurmağı və işləməyi bacaran, fərqli fikirlərə hörmətlə yanaşan, hər bir addımında ailəsini, dostunu, yoldaşlarını, vətənini, onun mənafeyini, dövlətçiliyini qorumağa hazır olan,  rastlaşdığı problemlərdən qorxmayan, onun məharətlə həll edən, həyati mövqe qazanmağı bacaran bir insanı yetişdirməkdən ibarətdir.
Dərsliklərdə əksini tapan əsərlər, onların məzmunu, qaldırdığı problemlər, aşıladığı ideyalar həmin məsələlərin reallaşdırılmasına,  gənclərin bir şəxsiyyət kimi yetişməsinə, vətəninə və dövlətinə dərin sevgilərlə böyüməsinə, həyata hazırlanmasına rəngarəng imkanlar açır. Deməli, müəllim bu məqamları bir an da olsa, unutmamalıdır.
Yeni kurs tamamilə ədəbi əsərlərin öyrənilməsinə həsr olunmuşdur. Burada əsas hədəf fənyönümlüllük deyildir. Fənnə dair bilik və bacarıqların verilməsi ilə yanaşı işin digər cəhətlərinə də diqqət yetirilməlidir.  
Ədəbi əsərlərin hər biri şəxsiyyətin yetişdirilməsində, onlara həyati bacarıqların aşılanmasında bir vasitədir. Hədəf müasir dövrün qarşıya qoyduğu tələbələrə cavab verən, çətinliklərə sinə gərən, problemləri görən və onunla üzləşəndə səmərəli həlli yollarını axtarıb tapan, həyatda sağlam mövqe qazanmağı və tutmağı bacaran, mühüm həyati və ünsiyyət bacarıqlarını sahib olan insanın yetişdi­rilməsidir. O insanın ki, o, həyatdan baş açmağı, karyerasını qurmağı, ailəsinə, elinə, obasına,  xalqına və dövlətinə fayda gətirəcək biləcək fəaliyyət göstərməyi, proqnozlışdırmağı, planlaşdırmağı, icra etməyi, hər bir şeyi özünün əldə etməsini bacarsın.
Gördüyünüz kimi, bu keyfiyyətlər  bir qədər əvvəllərdə nəzərdən keçirdiyiniz rəsmi sənədlərdə də öz əksini tapmışdır(bax: "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu" bölmə 4.0., maddə 4.0.1. 4.0.2. 4.0.3. bölmə 19 maddə 19.1. 19.2. 19.13. 19.17.; "Ümumi təhsil pilləsinin dövlət standartı və        proqramları(kurikulumları)" sənədi "Ümumi təhsilin məzmunu " bölməsi, "ümumi təhsil pilləsində  təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi" (Sənədin 7-ci bölməsi))
Ədəbi əsərlərin şagirdlərin əqidəli və şüurlu bir vətəndaş kimi böyüməsində də  geniş imkanlar yaradır.
Biz burada həm ümumi təlim nəticələrini, həm də ədəbiyyat fənni üzrə məzmun standartını, həm də siniflər üzrə təlim  nəticələrini xatırlatmaq istərdik. Çünki həmin anlayışlar ədəbiyyat tədrisinin V-IX və X-XI siniflərdə nəyə nail olacağını aydın şəkildə göstərir.
Nəzərdə tutulan təlim nəticələrinin əldə olunması üçün siniflər üzrə məzmun standartları ilboyu işləməlidir. V sinfin sonundakı nəticələr o zaman əldə olunacaq ki(eləcə də digər siniflərdə), hər 3 məzmun xətti üzrə nəzərdə tutulan alt-standartlar ilboyu işləsinlər.
V-XI siniflərdə ədəbiyyat fənninin özəyini ədəbi əsərlər təşkil etdiyindən tədris üçün ayrılan vaxtın çoxu həmin əsərlərin öyrənilməsinə həsr olunur. Bundan əlavə  proqramda sinifdənxaric oxu materiallarına, summativlərə, layihələrlə bağlı işlərə də müəyyən vaxt məsrəfi nəzərdə tutulmuşdur.   
Ədəbi əsərlər müəllif narahatçılığının məhsuludur. Ətraf alə­min müxtəlif əxlaqi-mənəvi, ictimai-siyasi, ekoloji və b. problemləri  onun bədii araşdırmalarının obyektinə çevrilir. Cəmiyyəti  düşündürən aktual  problemləri sənətkarlar müxtəlif ədəbi növlərdə  əks etdirirlər. Kimin gücü, qabiliyyəti, istedadı hansı ədəbi növə çatırsa, onlar bu ədəbi növdə öz əsərlərini yaradırlar. Əgər ətrafa, təbiətə, insanın mənəvi aləminə münasibət duyğu, tərənnüm yolun­dan keçərsə, onda sənətkar lirik növün janrlarından, söhbətvarilik, təhkiyə əsas götürüləcəksə, epik növün janrlarından, mürəkkəb həyat hadisələrini göstərmək, tamaşaçının gözü önündə canlandırmaqdan keçəcəksə, dramatik növün janrlarından istifadə edir.
Hər üç ədəbi növün  məziyyətləri və sənətkarlıq cəhətləri ilə bağlı  Siz müəyyən təsəvvürlərə maliksiniz.  Sənətkarların bu əsərləri yazarkən nə kimi hisslər keçirdiyini təsəvvür etmək olduqca  çətindir.
Adi bir məsələyə diqqətinizi cəlb etmək istərdik. Yazıçılardan biri müsahibələrində gün ərzində neçə saat işləyirsiniz sualına belə cavab vermişdi ki, on saat. Başqa bir suala - Siz bu müddətdə neçə səhifə irəliləyirsiniz? - cavabı bu olmuşdu ki,  əgər povest, yaxud roman üzərində işləyirəmsə, gün ərzində bir səhifə, əgər hekayə üzərində işləyirəmsə, onda bir sətir irəliləməyə çalışıram. Müsahibənin məzmununa diqqətlə fikir verin. Deməli,  əlimizdə tutduğumuz hər hansı bir hekayənin meydana çıxmasında sənətkar təxminən 10 saat ərzində görün nə dərəcədə gərgin əmək  sərf etməli olur. Bunu təsadüf saymaq olar­mı?
Başqa  bir filosof dostuna yazdığı məktubunda son sətirlərini bu cür qurtarırdı. - Bağışla ki, vaxtım az olduğundan Sizə məktubu uzun yazmalı oldum. Mənaya fikir verin. Necə yəni vaxtım az olduğundan?  Yəni müəllif onu demək istəyirdi ki, əgər vaxtı olsa idi, onda məktub üzərində bir qədər çox işləyər, onun məzmununu təkmilləşdirər, yığcamlaşdırar və dostunun da vaxtını çox almazdı.
Ədəbi əsərlərin üzərində aparılan işlər də belə əzablı və nəticə etibarı ilə şərəfli bir yoldan keçir. Sənətkar söz əzabını çəkməklə kamil nümunələr yaratmağa səy göstərir. Bəzən bizə adi təsir bağışlayan hər hansı bir daş parçası, şair gözündə gözəl bir poetik obraza, vasitəyə çevrilir. Beləliklə də, bizim gözümüzdə o, tamamilə yeni  bir lövhənin canlanmasına, yeni duyğuların yaranmasına şərait yaradır.
 Kitabların insanların səmimi dostlarına çevrilməsinin əsas səbəbi də buradan irəli gəlir. Onu inşa edənlər çalışırlar ki, ən zərif, ən kəsərli, ən poetik sözlərdən istifadə etməklə öz oxucularının qəlbinə yol tapsınlar. Onları həyatsevərliyə, qurub-yaratmaq eşqinə, vətən və yurd sevgisinə, böyük məhəbbətə, dostluğa, igidliyə, vətənpərvərliyə, ən gözəl insani keyfiyyətlərə, nəciblik və xeyirxahlığa, insanlar üçün ən yararlı işlər görməyə və s. səsləsinlər. Məhz bədii əsərlərin belə bir üstün­lüyə malik olması hesabınadır ki, o, insanların təmənnasız  dost­­­­larına çevrilmiş, həmişə onlara doğru yol göstərmişdir. Təbiidir ki, həyatda heç kəs dostsuz yaşaya bilməz.
 Məsələyə bu yönümdən yanaşsaq, orta məktəbdə ədəbi əsərlərin öyrədilməsinin nə qədər əhəmiyyətli olduğunu aydınca görə bilərik.

1. Ədəbi əsərlərin məzmununun öyrədilməsi
(İnduktiv dərslər)

Ədəbi əsərlərin məzmununun öyrədilməsi əhəmiyyəti barədə metodik ədəbiyyatda xeyli müsbət fikirlər söylənilmişdir. Onu qeyd edək ki, əsərin məzmunun düzgün dərk olunması bu gün ən aktual məsələlərdən biri  kimi gündəmdə durur. Fənn müəllimlərinin iştirakı ilə təşkil olunan dərslərdə onların mətnə münasibətini müşahidə edərkən bizdə bu qənaət bir daha təsdiq olundu  ki, mətnin məzmununu – nədən söhbət getdiyini, dürüst müəyyənləşdirməkdə onların özləri də bilməyərəkdən səhvlərə yol verirlər.
İxtisasartırma kursunda ədəbiyyat müəllimlərinə belə bir sual ünvanlamışdıq: ədəbi əsərlərin məzmununu başa düşmək, anlamaq asandırmı? Onlar həmin suala fərqli şəkildə cavab vermişdilər. Ən çox bu fikir üzərində dayanılmışdı ki, mətnin dili qəliz söz və ifadələrdən ibarət olanda bu cür mətnləri anlamaq, oradakı fikirləri olduğu kimi başa düşmək olduqca çətinləşir.
Belə bir fikrin doğru və ya səhv olduğunu onlara aydın şəkildə çatdırmaq üçün mətn üzərində iş təşkil etməyi qərarlaşdırdıq. Müəyyən vaxt  məhdudiyyəti nəzərə alınmaqla onlara bir şeir nümunəsi təqdim olundu və  tapşırıq verildi ki, bu şeirin məzmunu ilə yaxından tanış olsunlar.
Sonra isə onlara əlavə tapşırıq verildi ki, şeirdən aldıqları təəssüratı bir vərəqdə qeyd etsinlər, orada nədən söhbət getdiyini aydınlaşdırsınlar. 60 nəfər müəllimdən yalnız bir nəfəri dilində çətin söz və ifadəsi olmayan bu parçanın məzmununa qismən yaxın gələ bilmişdi. Biz bu təcrübəni auditoriyalarda da müxtəlif vaxtlarda sınaqdan çıxardıq və demək olar ki, eyni mənzərənin şahidi olduq.
Deməli, bədii mətnlərin məzmununun doğru anlaşılmasında dil maneəsini qabartmağına dəyməz. Əsas məsələ mətn­dəki hər bir kəlməyə diqqət kəsilmək, onların arasında müəllifin ilıq nəfəsini  duymaq gərəkdir. Əgər məzmun səhv anlaşılarsa, onda hansı səmərəli təhlil işindən söhbət gedə bilər? Müəllifin nə demək istədiyini təhrif etsək, onda biz nə əldə edə bilərik? Təbii ki, deyilmiş sözün arxasında gizlənən müəllif obrazına, onun bütövlüyünə, əmanətə  xəyanət etmiş olarıq. Nəticədə də müəllifin demədiyi, nəzərdə tutmadığı məsələləri şagirdlərimizin düşüncəsinə yeritmiş olarıq. Belə bir prosesdə isə həm ədəbiyyatımız, həm də mənəviyyatımız itirər.
Belə ciddi qüsurların baş verməməsi üçün müəllim, hər şeydən əvvəl, proqramda tədrisi nəzər tutulan  ədəbi əsərlərin məzmunu üzərində  ciddi düşünməlidir. Hansı sinifdə mövzunu keçəcəksə, o sinfin təlim nəticələrinə, məzmun standartlarına baxmalıdır.
Mətnə diqqət yetirə-yetirə o daim belə bir sualla özünə müraciət etməlidir: Mən   mətn­­­dəki fikri təhrif etmirəm ki? Görəsən, buradakı bu sözü, müəllif nə üçün mətnə daxil etmişdir? Nə əcəb, bu sözün əvəzinə  sinonimlərindən istifadə etməmişdir? Bu sözü seçməklə o, oxucusuna hansı hissləri(fikirləri) təlqin etməyi qarşısına məqsəd qoymuşdur? O nə üçün əsərinə belə bir başlıq vermişdir, həmin başlıq mətndə nə səviyyədə əhatə olunmuşdur? 
Əlbəttə, mətn müəllim tərəfindən bir dəfə oxunmaqla  tamamən dərk oluna bilməz. Bir faktı xatırlatmaq istəyirik. Əgər müəllim istənilən bir mətni əlinə götürüb onu elə-belə nəzərdən keçirəndə bu cür fikirləşsə ki, mətn ona aydındır, onun məzmununu bilir, deməli o, özünü aldatmış olur. Belə müəllimlərə ulu Nizaminin bir beytini xatırlatmaq istərdik:
O şey ki bizlərə tam aşikardır,
Orda da gizli bir xəzinə vardır.
Müəllim əsərin məzmununu, onu nə üçün yazıldığını, özü üçün dəqiq müəyyən etdikdən sonra, onun öyrədilməsi yolları üzərində səmərəli iş qura bilər. 
Ən əsas məsələlərdən biri də  belə məzmun dərslərin canlı, maraqlı və emosional şəkildə qurulmasıdır. Müəllim bu məsələni bir anda olsa belə unuda bilməz. Hər bir dərsin hazırlıq mərhələsində bu sualı müəllim həmişə özünə verməlidir. Necə edim ki, dərsim maraqlı, canlı və düşündürücü olsun.  Əgər müəllim bu suallara səmimi cavab tapa bilsə, deməli, qazanan təkcə şagirdlərimiz deyil, bütövlükdə mənəviyyatımız və Vətənimizdir.
Ədəbi əsərlərin məzmunun öyrədilməsi dərslərinin günün tələbləri səviyyəsində qurulması hər bir müəllimi düşündürən məsələyə çevrilməlidir.  Hazırda bir çox müəllimlər bu işi formal olaraq yerinə yetirirlər.
Qeyd edək ki, bu cür dərsləri də  kifayət qədər maraqlı və canlı qurmaq olar. Dərslərdə şagirdlərə fikir söyləmək müstəqilliyi verilməli, onların düşünməyə yönləndirilməli, biliyi fəal şəkildə  qazanılmasına cəlb olunmalı, şagirdlərin həyati təəssüratlarına, şəxsi təcrübələrinə istinad edilməlidir. 
Əsərin məzmunun öyrənilməsinə həsr olunan fəal(interaktiv) dərslərdə iş daha maraqlı və canlı qurulur. Bunun üçün təlim texnologiyalarına dair bilikləri xatırlayın.
Ədəbi əsərlərin məzmunu üzrə iş aparılanda "Ədəbiyyat və həyat həqiqətləri" məzmun xəttindən 1.1. əsas standartının tərkibindəki alt-standartlardan, həmçinin də şifahi və yazılı nitq məzmun xəttindəki alt-standartlardan uyğun gələnləri seçilib dərsin təlim nəticələrinə gətirilməlidir. Standartların seçilməsində süni məhdudiyyət qoymaq olmaz. Belə ki, əgər əsərdə çətin sözlər, təsvir və ifadə vasitələri varsa, ifadəli oxunacaqsa, planlaşdırma, nağıletmə, janr xüsusiyyətlərini açıb göstərmə varsa, onda  V sinifdə 1.1. əsas standartının tərkibində olan 1.1.1., 1.1.2.,1.1.3., 1.1.4., 1.1.5 alt-standartları (5), şifahi və yazılı nitqdən də azı 2 alt-standart dərsdə işləməlidir. Hələ fənlərarası inteqrasiya zamanı əlavə olunacaq alt-standartları nəzərə almırıq.  Unutmayaq ki, standartların seçimini materialın xarakteri və fəndaxili və fənlərarası inteqrasiya imkanları müəyyən edir.     
Ədəbi əsərlərin məzmunu üzərində iş aparılanda "Ədəbiyyat və həyat həqiqətləri"ndə əksini tapan 1.1. əsas standartının nəzərdə tutduğu bilik və bacarıqlar şagirdlərə aşılanmalıdır. Siniflər üzrə  bu bilik və bacarıqların inkişaf dinamikasını aşağıdakı kimidir:
V sinifdə:
Şagird:
1.1. Bədii nümunələrin məzmununu mənimsədiyini nümayiş etdirir.
1.1.1. Heca vəznli şeirlərdə və sadə süjetli bədii nümunələrdə (əfsanə, nağıl, təmsil, hekayə) tanış olmayan sözlərin mənasını lüğətlərdən istifadə etməklə aydınlaşdırır.
1.1.2. Heca vəznli şeirləri, sadə süjetli bədii nümunələri (əfsanə, nağıl, təmsil, hekayə) hadisələrin məzmununa uyğun ifadəli oxuyur.
1.1.3. Sadə süjetli bədii nümunələri (əfsanə, nağıl, təmsil, hekayə) hissələrə ayırır, plan tərtib edir, məzmununu müxtəlif formalarda (yığcam və  geniş)  nağıl edir.
1.1.4. Şifahi və yazılı ədəbiyyat nümunələrini (əfsanə, nağıl, təmsil, hekayə) janrlarına görə fərqləndirir.
1.1.5. Heca vəznli şeirlərdə, sadə süjetli bədii nümunələrdə bədii təsvir vasitələrini (epitet, təşbeh) müəyyənləşdirir.
VI sinifdə:
Şagird:
1.1. Bədii nümunələrin məzmununu mənimsədiyini nümayiş etdirir.
1.1.1. Heca vəznli şeirlərdə və süjetli bədii nümunələrdə (əfsanə, nağıl, dastan, təmsil, hekayə) tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə izah edir.
1.1.2. Heca vəznli şeirləri, süjetli bədii nümunələri (əfsanə, nağıl, dastan, təmsil, hekayə) ideya-məzmununa uyğun ifadəli oxuyur.
1.1.3. Süjetli bədii nümunələri (əfsanə, nağıl, dastan, təmsil, hekayə) hissələrə ayırır, plan tərtib edir, məzmununu müxtəlif formalarda nağıl edir.
1.1.4. Bədii əsərlərin (əfsanə, nağıl, dastan, təmsil, hekayə) janr xüsusiyyətlərini müəyyənləşdirir.
1.1.5. Heca vəznli şeirlərdə, süjetli bədii nümunələrdə bədii təsvir və ifadə vasitələrini (epitet, təşbeh, mübaliğə, bədii sual) müəyyənləşdirir.
VII sinifdə:
Şagird:
1.1. Bədii nümunələrin məzmununu mənimsədiyini nümayiş etdirir.
1.1.1. Heca vəznli şeirlərdə və süjetli bədii nümunələrdə (dastan, hekayə, mənzum hekayə) tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.
1.1.2. Heca vəznli şeirləri, süjetli bədii nümunələri (dastan, hekayə, mənzum hekayə) ideya-məzmununa uyğun ifadəli oxuyur.
1.1.3. Süjetli bədii nümunələri (dastan, hekayə, mənzum hekayə) hissələrə ayırır, plan tərtib edir, məzmununu müxtəlif formalarda nağıl edir.
1.1.4. Bədii nümunələrin (dastan, hekayə, mənzum hekayə) janr xüsusiyyətlərini müəyyənləşdirir.
1.1.5. Heca vəznli şeirlərdə, süjetli bədii nümunələrdə bədii təsvir və ifadə vasitələrini (epitet, təşbeh, mübaliğə, bədii sual, təkrir, litota ) müəyyənləşdirir.


VIII sinifdə:
Şagird:
1.1. Bədii nümunələrin məzmununu mənimsədiyini nümayiş etdirir.
1.1.1. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə və süjetli əsərlərdə (dastan, hekayə, novella, dram poema) tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.
1.1.2. Müxtəlif vəznli (heca, əruz) şeirləri, süjetli bədii nümunələri (dastan, hekayə, novella, dram, poema) ideya-məzmununa uyğun ifadəli oxuyur.
1.1.3. Süjetli bədii nümunələri (dastan, hekayə, novella, dram, poema) hissələrə ayırır, plan tərtib edir, məzmununu müxtəlif  formalarda nağıl edir.
1.1.4. Bədii nümunələrin (dastan, hekayə, novella, dram poema) janr xüsusiyyətlərini müəyyənləşdirir.
1.1.5. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə, süjetli ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (metafora, bədii təzad, kinayə) müəyyənləşdirir.
IX sinifdə:
Şagird:
1.1. Bədii nümunələrin məzmununu mənimsədiyini nümayiş etdirir.
1.1.1. Müxtəlif vəznli  (heca, əruz, sərbəst) şeirlərdə və süjetli əsərlərdə (poema, hekayə, povest, roman, dram) tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.
1.1.2. Müxtəlif vəznli (heca, əruz, sərbəst) şeirləri, süjetli bədii nümunələri (hekayə, povest, roman, dram, poema) ideya-məzmununa uyğun ifadəli oxuyur.      
1.1.3. Süjetli bədii nümunələri (hekayə, povest, roman, dram, poema) hissələrə ayırır, plan tərtib edir, məzmununu müxtəlif formalarda nağıl edir.
1.1.4. Bədii nümunələrin (hekayə, povest, roman, dram, poema) janr xüsusiyyətlərini müəyyənləşdirir.
1.1.5. Müxtəlif vəznli (heca, əruz, sərbəst) şeirlərdə, süjetli ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (metonimiya, inversiya, simvol) müəyyənləşdirir.
X sinifdə:
Şagird:
1.1. Bədii nümunələrin məzmununu mənimsədiyini nümayiş etdirir.
1.1.1. Müxtəlif vəznli (heca, əruz, sərbəst) şeirlərdə və süjetli əsərlərdə (dastan, poema, hekayə, povest, roman, dram, komediya, faciə) tanış olmayan sözlərin mənasını mənşəyinə və işlənmə məqamına görə izah edir.
1.1.2. İfadəli oxudan müxtəlif ədəbi növdə olan əsərlərin emosional-obrazlı qavranılması, təhlili məqsədi ilə istifadə edir.
1.1.3. Mürəkkəb süjetli və kompozisiyalı bədii nümunələri hissələrə ayırır, plan tərtib edir, məzmununu müxtəlif formalarda (geniş, yığcam, yaradıcı) nağıl edir.
1.1.4. Müxtəlif ədəbi növ və janrda olan bədii nümunələrdə əksini tapan mühüm mənəvi, əxlaqi-etik dəyərləri müəyyənləşdirir.
1.1.5. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə, mürəkkəb süjet və kompozisiyalı bədii nümunələrdə bədii təsvir və ifadə vasitələrini (epitet, bənzətmə, metafora, metonimiya, simvol, mübaliğə, litota, bədii sual, təkrir, bədii təzad, inversiya)  müəyyənləşdirir.
XI sinifdə:
Şagird:
1.1. Bədii nümunələrin məzmununu mənimsədiyini nümayiş etdirir.
1.1.1. Müxtəlif vəznli (heca, əruz, sərbəst) şeirlərdə və süjetli əsərlərdə (hekayə, povest, roman, dram, komediya, faciə, poema) tanış olmayan sözlərin, ifadələrin mənasını mənşəyinə və işlənmə məqamına görə izah edir.
1.1.2. İfadəli oxudan müxtəlif ədəbi növdə olan əsərlərin emosional-obrazlı qavranılması, təhlili və qiymətləndirilməsi məqsədi ilə istifadə edir.
1.1.3. Mürəkkəb süjetli və kompozisiyalı bədii nümunələrdə əhvalat və hadisələr arasındakı səbəb-nəticə əlaqələrini müəyyənləşdirir, mətni hissələrə ayırır, plan tərtib edir, məzmununu müxtəlif formalarda (geniş, yığcam, yaradıcı) nağıl edir.
1.1.4. Müxtəlif ədəbi növ və janrda olan əsərlərdə (poema, hekayə, povest, roman, dram, komediya, faciə)  əksini tapan mühüm milli-mənəvi, bəşəri dəyərlərə əsaslandırılmış münasibət bildirir.
1.1.5. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə, mürəkkəb süjetli və kompozisiyalı ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (epitet, bənzətmə, metafora, metonimiya, sineqdoxa, simvol, mübaliğə, litota, bədii sual, təkrir, bədii təzad, kinayə (sarkazm), inversiya)  müəyyənləşdirir.
Bədii əsərlərin məzmunu üzrə aparılan işlərin siniflə üzrə dəyişdiyinə diqqət yetirin. Bu məzmun fərqi həm də siniflərdə tapşırıqlara, qrup işlərinə təqdim olunan standartların fərqli olduğunu Sizlərə bir daha xatırladır.
Bu deyilənləri nəzərə alaraq sizə hər iki texnologiyalardan dərs mərhələlərinin fərqli olduğunu bir daha xatırladırıq və məzmun dərslərinin bu sistemlərə uyğun formada təxmini qurulması yollarını göstərmək istəyirik.
                    
       

Комментарии

Популярные сообщения из этого блога

Təlim strategiyalaraı: ədəbiyyat dərslərinin təşkili

Fəal(interaktiv) təlim

Dərs icmalı nümunəsi (Məzmun üzrə iş)