Ədəbiyyat dərslərində əyanilik


Ədəbİyyat dərslərİndə əyanİlİk


Ədəbiyyat təliminin keyfiyyətini yüksəldən amillərdən biri də dərs prosesinin  əyaniləşdirilməsidir.
Təlim materiallarının dərk olunmasında əyaniliyin mühüm əhəmiyyəti vardır. O, şagirdlərin fikri fəallığının təmin olunmasına, biliklərin asan qavranılmasına şərait yaradır. Ətraf aləmin dərk olunmasında siqnallar mühüm rol oynayır. Pavlovun iki siqnal sistemi barəsində dedikləri əyan təlimin özəyini təşkil edir. O öyrədirdi ki, biz birinci siqnal sistemi sayəsində ətraf aləmi duyur və qavrayırıq. Birinci siqnal sisteminin qıcıqlandırıcıları cisim və hadisələrin özləridir. Bu xüsusiyyət bütün canlılara məxsusdur. İkinci siqnal sistemi isə bu cisim və hadisələri ifadə edən sözlər – işarələr sistemidir. Onların vasitəsi ilə biz haqqında danışılan obyektləri, mənzərəni görməsək də aydın təsəvvür edə bilir, göz önündə canlandırırıq. Ona görə də sözlərə "siqnallar siqnalı" da deyirlər. Məhz biz sözlərin sayəsində biz ətraf aləmlə tanışlığımızı daha dərindən davam etdiririk. Əyani təlimdən söhbət gedəndə biz hər iki məqam diqqət yetirməli­yik. Həm cisim və ya hadisənin sinfə gətirilməsinə, həm də söz assosiasiyası vasitəsi ilə onların əyani təsəvvür olunmasına, qavranılmasına şərait yaratmalıyıq.
Əyanilik təlimin keyfiyyətinə də müsbət təsir göstərir. O, biliklərin daha asan qavranılmasına və uzun müddət yadda qalmasına imkan yaradır. Təlim prosesində əyanilikdən istifadə edəndə qavramada daha bir duyğu üzvü iştirak edir. Bu prosesdə nə qədər çox duyğu üzvləri iştirak edərsə, qazanılan biliklər bir o qədər də mükəmməl olar. K. D. Uşinski bu cəhəti obrazlı şəkildə belə ifadə edirdi: "Hörümçəyin ən incə tellər üzərində heyrət doğuracaq dərə­cə­də düzgün yüyürməsinin və yıxılmamasının səbəbi odur ki, o bir caynağı ilə deyil, çox­lu caynağı ilə tellərdən yapışır, biri qırılarsa, o birilər onu saxlayır".[1]  Əyanilik haqqında söylənilən bu fikirlərə pedaqogikanın " qızıl qaydası"  deyənlər heç də yanılmırlar.
Əyanilik biliklərin həm də şüurlu qavranılmasına şərait yaradır. Onun hesabına davamlı bilik əldə  olunur. Bəzən gənc mü­­əllimlər bu işə lazımınca diqqət yetirmirlər. Təbii ki, belə bir vəziyyətdə təlimin keyfiyyətindən danışmaq olmaz. Əyanilik təlimin canlı və maraqlı olmasına şərait yaradır.
Ədəbiyyat dərslərində proqram materiallarının  xarakterindən asılı olaraq müxtəlif əya­­­ni vasitələrdən istifadə etmək olar. Onları aşağıdakı kimi ümumiləşdirə bilərik:
Þ    Müəllimin canlı, obrazlı və emosional sözü əyanili­yin başlıca vasitəsi kimi
Þ    Tabaşir əyani vasitə kimi
Þ    Əlavə ədəbiyyatların(bədii, elmi, publisistik, xatirə və s.) dərsə cəlb olunması 
Þ    Sxem, slaydlar, cədvəl, xəritə, portret, illüstrasiyalar
Þ    Sənətkarın  həyatına, əsərlərinə dair fotomontajlar
Þ    Lent yazıları(audio və video kasetlər)
Þ    Sənədli və yaxud bədii filmlər(fraqmentlər)
Þ    Şəxsi əşyaların, məktubların nümayiş olunması və s.
Bunların hər birinin təlim prosesində öz yeri və əhəmiyyəti vardır. Amma müəllimin canlı və obrazlı sözünü heç nə ilə əvəz etmək mümkün deyildir. Məlum məsələdir ki, söz insanlar arasında ünsiyyət yaratmanın mühüm vasitələrindəndir. Danışan qarşıya qoyduğu məqsəddən, dinləyicinin diqqətini hansı cəhətlərə yönəltmək istəmə­sindən asılı olaraq sözləri seçir, sistemə salır, ona uyğun gələn səs tonunu və digər tex­niki məsələləri səfərbər edir. Danışıq prosesinin özündə isə təbii formada emosional keyfiyyətlər, mimika və jestlər işə düşür. Danışıq tərzi, natiqlik məharəti, mövzuya hərtərəfli bələd olmaq, məzmunluluq, dinləyiciyə fəal təsir gös­tərmək imkanları bu nitqi  təsirli və inandırıcı edir.
Müəllim sözlər vasitə ilə şagirdlərin gözləri qarşısında istənilən mənzərəni bütün incəliyi ilə canlandıra bilər. Sözün imkanları belə təsəvvürlərin yaradılmasında rəssamın fırçasından da böyük qüdrətə malikdir. Təbii ki, bu lövhələrin canlandırılması sözün hüdudsuz imkanlarından xəbər verir. Ataların sözlə bağlı dediyi müdrik kəlamlarından bir neçəsini yada salmaq kifayətdir: Sözün vəsfinə söz çata bilməz,  söz qılıncdan itidir, qılıncla ala bilmədiyini bir şirin kəlmə ilə ala bilərsən, söz var adamı dağa qaldırar, söz var dağdan endirər və s. 
Biz sözün bu cür ecazkar təsir gücündən istifadə etməklə istədiklərimizə nail olmağa çalışırıq. Təlim prosesinin uğurlu təşkil olunması ilk növbədə müəllimin bu sözdən necə istifadə etməsindən çox asılı olur. Müəllim ana dilinin gözəl bilicisi ol­malı, onun nitqindən doğma yurdun gözəl abı-havası, xoş rayi­həsi gəlməlidir. Bu nitq uşaqların xəyallarını çox-çox uzaqlara aparmağı bacarmalı, onlarda gözəl ovqat yaratmalıdır. Haqqında danışdığı məsələlər bir kino lenti kimi uşaqların gözü önündən keçməlidir. Müəllimin sözü bir sıra vacib tələbləri(elmi, pedaqoji, psixoloji və metodik) gözləməlidir. O, ifadəli, obrazlı, təsirli olmalı, səsi cəlbedici, canlı, səmimi, aydın, anlaşıqlı, mə­­­lahətli bir çalara bürünməlidir.
Dərs zamanı müəllimin sözünü adlarını çəkdiyimiz digər əyani vasitələr müşayiət etməlidir. Müəllim həmin vasitələrdən yerində istifadə etməyi bacarmalıdır. Yerində deyilməyən söz kimi, yerində təqdim olunmayan əyani vasitənin də təlimə xeyri yoxdur. Bunun üçün yüz ölçülüb bir biçilməlidir. O, dərsin maraqlı və canlı olmasına xidmət  göstərməlidir.
 Ənənəvi dərslərdə əyani  vasitələrə bilik mənbəyi kimi baxılır və onun asan qavranılması imkanları kimi başa düşü­lür­dü. Yuxarıda dediklərimiz məhz əyaniliyi bu yönümdən izah edir. Bu gün əyaniliyə tələb bir qədər də artmışdır. Dərsə cəlb olunan hər bir əyani vəsait polemika üçün şərait yaratmalıdır. Əgər onun müzakirə predmetinə çevrilmə imkanı yoxdursa, o hərəkətsizdirsə, onda biz materialı birtərəfli qaydada, monoloq­vari, şabloncasına şagirdlərə çatdıracağıq. Deməli, əyani vasitə­lər imkan daxilində biliyin müzakirə, interaktiv yolla qavranılmasına imkan yaratmalıdır.


?!
1.      Əyaniliyin təlim prosesində əhəmiyyəti nədən ibarətdir?
2.      K. D. Uşinskinin əyanilik barəsində söylədiklərinə nə əlavə etmək olar?
3.      Ədəbiyyat dərslərində əyaniliyin növləri barəsində nə kimi məlumat əldə etdiniz?
4.      Ənənəvi və müasir dərsdə əyaniliyə münasibət eynidirmi?



[1] Uşinski K.D., Seçilmiş pedaqoji əsərləri, B. 1953, səh. 303

Комментарии

Популярные сообщения из этого блога

Təlim strategiyalaraı: ədəbiyyat dərslərinin təşkili

Fəal(interaktiv) təlim

Dərs icmalı nümunəsi (Məzmun üzrə iş)