Ədəbiyyat dərsinin növləri. Metodbirləşmələr



ƏDƏBİYYAT DƏRSLƏRİNİN NÖVLƏRİ. METODBİRLƏŞMƏLƏR


Ədəbiyyat kursunun məzmununu əsasən ədəbi əsərlər təşkil edir. Ədəbiyyat dərsinin növlərindən danışanda istər-istəməz öncə bu materialların tədrisinə həsr olunan dərslərə nəzər salmalıyıq.
Ədəbi əsərlərin öyrədilməsinə həsr olunan dərslər. Ədəbi əsərlərin seçilib proqrama daxil edilməsində bir çox amillər nəzərə alınır. Onlardan biri də ədəbiyyatdan təlim nəticələrinin əldə olunmasına və məzmun standartlarının reallaşdırılmasına xidmət etmək baxımından ədəbi əsərlərin verdiyi imkanların nəzərə alınmasıdır. Bu rəsmi tələbdir və dərslik siyasəti ilə bağlı rəsmi sənəddə bununla bağlı konkret göstərişlər də verilmişdir.
Təlim nəticələrinə və standartların məzmununa əsasən sinfidən-sinfə təqdim olunan əsərlərdə, onların qaldırdığı ideyalarda da fərqlər özünü göstərməyə başlayır. Bunu aydın təsəvvür etmək üçün əvvəlcə  müxtəlif siniflər üzrə standartların təqdim etdiyi janrları nəzərdən keçirək:
V sinifdə:
- Heca vəznli şeirlər və sadə süjetli bədii nümunələr - əfsanə, nağıl, təmsil, hekayə.
VI sinifdə:
- Heca vəznli şeirlər və süjetli bədii nümunələr - əfsanə, nağıl, dastan, təmsil, hekayə.
VII sinifdə:
- Heca vəznli şeirlər və süjetli bədii nümunələr  - dastan, hekayə, mənzum hekayə.
VIII sinifdə:
- Müxtəlif vəznli (heca, əruz) şeirlər və süjetli əsərlərdə -dastan, hekayə, novella, dram, poema.
IX sinifdə:
- Müxtəlif vəznli  (heca, əruz, sərbəst) şeirlər və süjetli əsərlərdə - poema, hekayə, povest, roman, dram.
X sinifdə:
- Müxtəlif vəznli (heca, əruz, sərbəst) şeirlər və süjetli əsərlər - dastan, poema, hekayə, povest, roman, dram, komediya, faciə.
Göründüyü kimi, şeirlər və əfsanə, nağıl, təmsil və hekayə ilə tanışlıq V sinifdə dərinləşdirilir. Bu siniflərdə həm janrların forma xüsusiyyətləri, həm də standartların nəzərdə tutduğu işlər yerinə yetirilməlidir.VI sinifdə dastanlar işə qoşulur. Onun forma elementləri də bu sinifdə şagirdlərə təqdim olunur. VII sinifdə mənzum hekayə, əruz vəzni, VIII sinifdə əlavə olaraq novella, dram, poema, IX sinifdə povest, X sinifdə komediya, faciə ilə şagirdlərin tanış edilməsi nəzərdə tutulmuşdur.
Standartların məzmunundan o aydın olur ki, V-XI siniflərdə ədəbiyyat fənninin əsas obyekti bədii əsərlərdir. "Ədəbiyyat və həyat həqiqətləri" məzmun xətti əsərlərin öyrədilməsi zamanı iki əsas standart ətrafında işlərin görülməsini tələb edir. Bunlardan birincisi (1.1.) "Bədii nümunələrin məzmununu mənimsədiyini nümayiş etdirir", ikincisi isə (1.2.) "Bədii nümunələrin təhlili üzrə bacarıqlar nümayiş etdirir" adlanır. Bu məzmunlardan göründüyü kimi bədii mətnlər üzərində işi iki istiqamətdə aparmaq lazım gəlir: əsərin məzmununun öyrədilməsi, əsərin təhlilinin həyata keçirilməsi.
Əsərin məzmunun öyrədilməsi zamanı görülən işlə təhlilinin aparılması zamanı aparılacaq işin məzmunu eyni ola bilməz. Məhz buna görə də əsas standartların tərkibindəki alt- standartlar öz başlıqlarına uyğun işləri yerinə yetirirlər. Ədəbiyyat dərslərinin növlərindən danışılanda bu iki nəzərə alınmalıdır. Onda aşağıdakı dərs növləri yaranmış olur:
1. Ədəbi əsərlərin məzmununun öyrədilməsinə həsr olunan dərslər. Bu dərslər şagirdlərə ədəbi əsərin məzmununu öyrədilməsi işini şagirdlərdə məzmunun mənimsənildiyini nümayiş etdirən bacarıqları aşılayır. Həmin bacarıqlara nələrin daxil olması isə alt-standartların məzmununda ifadə olunmuşdur. Əsərin həcmi böyük olarsa, onun tədrisinə 2 saat vaxt ayrılarsa, onda birinci dərs saatında məzmun, ikinci dərs saatında isə təhlil işləri həyata keçirilməlidir. Əgər əsərin tədrisinə 3 saat vaxt verilmişdirsə, onda iki saat məzmun üzərində işə, bir saat isə təhlil işlərinə həsr olunmalıdır.
Məzmununa 2 saat ayrılacaq dərslərdə fasiləli oxu üsulunun tətbiqi daha məqsədəuyğundur. Bəzən müəllimlər əsərin birinci dərs saatında məzmun işlərini sinifdə aparır, əsərin qalan hissələrini isə evdə oxumağı tövsiyə edirlər. Bu düzgün yol deyildir. Mətnlərin sinifdə səsləndirilməsi olduqca vacibdir. Müəllimlər əsasən orada çətinlik çəkirlər ki, fasiləli oxu ilə bir dərs saatında o boyda mətni səsləndirmək və digər işləri yerinə yetirmək olmur, vaxt çatmır. Onlar haqlıdırlar. Amma çox sadə və aydın  çıxış yolu vardır. Bunun üçün müəllim əvvəlcədən dəqiq müəyyən etməlidir ki, oxuya təxminən neçə dəqiqə vaxt ayıracaq, sonra həmin müddət ərzində sinifdə nə qədər səhifənin oxunması mümkün olacaq. Əsərin fasiləli oxusu üçün təxminən 10 dəqiqənin ayrılması məqsədəuyğundur.  Əgər birinci dərs üçün öyrəniləcək əsərin həcmi  6-7 səhifəyə qədərdirsə və ondan 4 səhifəni oxumaq mümkündürsə, onda müəllim əvvəlki iki səhifənin yığcam, qısa məzmununu danışmalı, qalan səhifələrin fasiləli oxusunu həyat keçirməlidir. Eyni iş ikinci dərs saatında da davam etdirilməlidir.
 Əsərin həcmi daha böyük olanda, ona iki dərs saatı ayrılanda ev oxusuna bu halda müraciət oluna bilər:  əsəri həcminə görə təxminən 4 hissə bölürük: 1, 2, 3, 4.  Birinci dərsdə 1-ci hissənin oxusunu yuxarıdakı qaydada aparırıq, 2-ci hissəni evdə oxumağı tapşırırıq, 3-cü hissəni sinifdə oxuyuruq, 4-cü hissəni evdə oxumağa tapşırırıq. Unutmayaq ki, nəsr əsərlərinin tədrisində fasiləli oxu bitəndən sonra digər dərs mərhələləri üzrə işlər davam etdirilməlidir. İşin sırasının motivasiya, fasiləli oxu, tədqiqatın aparılması, məlumat mübadiləsi, məlumatların müzakirəsi və təşkili(qruplaşdırılması), nəticənin çıxarılması və nəhayət yaradıcı tətbiqetmə və qiymətləndirmə kimi olması məqsədəuyğundur.
Məzmunun öyrənilməsinə həs olunan dərslər yeni bilik verən dərslər sayılır. Onlara induktiv dərslər deyilir.
2. Ədəbi əsərlərin əhlilinə həsr olunan dərslər. Bu cür dərslərdə 1.2. əsas standartının tələbələri yerinə yetirilir. Adətən təhlil dərslərinə 1 saat vaxt ayrılır. Dərsin qurulması ya müzakirə,  yada  tədqiqat yolu ilə aparıla bilər. Bu dərslər möhkəmlətmə, tətbiq xarakteri daşıdığından onlara deduktiv dərslər deyilir.
3. Ədəbi əsərlərin məzmun və təhlilinin birlikdə öyrənilməsinə həsr edilən dərslər. Şeirlərin bir çoxu dil baxımdan  sadə və həcmcə yığcam  olduqlarına görə onların  öyrənilməsinə həsr olunan dərslərdə məzmun və təhlil işləri(məzmun (1.1.) və təhlillə(1.2.) bağlı əsas standartlarının tələbləri) birgə icra olunur. Adətən belə əsərlərin tədrisinə bir saat vaxt ayrılır. Belə dərslərə qovuşuq, qarışıq tipli dərs demək olar. Bunlarda yeni bilik verilməsi də, biliklərin tətbiqi də həyata keçirilir(Həm induktivlik, həm də deduktivlik).
Ədəbiyyat nəzəriyyəsi materiallarının öyrədilməsi. Ədəbiyyat fənni üzrə ədəbi əsərləri ədəbi-nəzəri məlumatlar müşayiət edir. Həmin məlumatlara ədəbi janrlar, bədii təsvir və ifadə vasitələri barəsində təqdim olunan şərhləri daxil etmək olar. Buradan da  ədəbiyyat nəzəriyyəsinə dair məlumatların verilməsi zərurəti ortaya çıxır. Dərslik və standartlar bunun üçün ədəbiyyat nəzəriyyəsinə dair təqdim olunan məlumatları ayrıca dərs növü kimi tədrisə gətirilməsini vacib hesab etmir.
Janrlarla bağlı ədəbi-nəzəri məlumatlar təhlil dərslərində nəzərdən keçirilir. Amma təsvir və ifadə vasitələri ilə bağlı həm məzmun, həm də təhlil dərslərində şagirdlərin müstəqil işləri təşkil olunur. Məzmun dərslərində onların ancaq müəyyən olunması, təhlil dərslərində isə rolunun aydınlaşdırılması bir tələb kimi irəli sürülür.
Bu cür material üzərin işlər
a)  əsərin tədrisi prosesində,
b) əsərin təhlili başa çatdıqdan sonra aparıla bilər.
 Alt-standartlarda əksini tapan bədii təsvir və ifadə vasitələrini siniflər üzrə diqqətinizə çatdırırıq:
V sinifdə: epitet, təşbeh.
VI sinifdə: epitet, təşbeh, mübaliğə, bədii sual.
VII sinifdə: epitet, təşbeh, mübaliğə, bədii sual, təkrir, litota.
VIII sinifdə: metafora, bədii təzad, kinayə.
IX sinifdə: metonimiya, inversiya, simvol  
X sinifdə: epitet, bənzətmə, metafora, metonimiya, simvol, mübaliğə, litota, bədii sual, təkrir, bədii təzad, inversiya.
XI sinifdə: epitet, bənzətmə, metafora, metonimiya, sineqdoxa, simvol, mübaliğə, litota, bədii sual, təkrir, bədii təzad, kinayə (sarkazm), inversiya.
Bir qədər əvvəldə qeyd etdiyimiz  ədəbi növ və janrlar barəsində məlumatları da  bu materialların yanında hesab etsək, onların nə qədər əhatəli olduğunu görərik.
Yeni kursun tələbinə uyğun olaraq standartlarda nəzərdə tutulan məsələlər barəsində dərslərdə məlumatların verilməsi deyil, bu və ya digər nəzəri məsələnin müşahidə olunması, rolunun aydınlaşdırılması əsas vəzifə kimi şagirdlərin qarşısına qoyulur.
İcmal materiallarının öyrədilməsi. Ədəbiyyat kursunda əhatə olunan materiallardan bir qimi də giriş,   ədəbi-tarixi və sənətkarın həyatı, yaradıcılıq yolu başlığı altında təqdim olunan icmallardır.
Giriş mövzuları kursun başlanğıcında özünü göstərir. Kursa bələdçilik edir. Bu cür mövzuların tədrisi üçün 1 saat vaxt ayrılır.
Ədəbi-tarixi icmallar yeni kursda VIII-IX sinifdən dərsliyə daxil edilmişdir. Həmin siniflərdə onun tədrisinə vaxt ayrılmamışdır. Tanışlıq xarakterlidir və başlıq altında təqdim olunan əsərlərin öyrənilməsinə, məzmununun, ideya-bədii xüsusiyyətlərinin düzgün dərk olunmasına bir bələdçilik edir.
 Bu mövzuların da əsas cəhəti orasındadır ki, bir neçə əsrlik dövrün ədəbi-mədəni  xülasəsini şagirdlərə təqdim edir. Bu zaman bəzən elə olur ki, bir neçə əsrlik tarixi və ədəbi-mədəni mühit əhatə olunur, 5-6 sənətkar barəsində məlumatlarla şagirdlərin tanış etdirilməsi  nəzərdə tutulur. X-XI siniflərdə layihə formasında(dərslikdə bu söz nisbi mənada işlənib – F.Y.) tədrisinə bir saat vaxt ayrılır
Həmin siniflərdə təqdim olunan sənətkarın həyatı, yaradıcılıq yolu materialları da icmal xarakterlidir. Onun məzmununda tərcümeyi-hal və sənətkar yaradıcılığının ümumi mənzərəsi əks olunmuşdur. Bu cür mövzuların  tədrisi üçün 1 saat vaxt ayrılmışdır. Standartlarda belə bir məlumat verilməsi nəzərdə tutulmasa da, biz də bunların dərsliklərdə olmasını vacib hesab edirik.
Ədəbiyyat dərslərində şifahi və yazılı nitqin inkişafı.
Ədəbiyyat dərslərində şagirdlərin şifahi və yazılı nitqinin inkişaf etdirilməsi  bu  gün ən vacib tələblərdən biri kimi qarşıya qoyulmuşdur. Ədəbi əsərlərin öyrənilməsinə həsr olunan dərslərdə  nəzərdə tutulacaq 3 işdən ikisi – şifahi nitq və yazılı nitq məzmun xətlərində əhatə olunmuşdur. Hər bir dərs bu məzmun xətləri üzrə alt-standartların reallaşdırılmasını mütləq mənada diqqətdə saxlamalıdır. Dərsin təlim nəticələrində şifahi və yazılı nitq məzmun xətlərindən uyğun gələn alt-standartlar da əks olunmalıdır. Bunu fəndaxili inteqrasiya da bu cür tələb  edir. Hər bir dərsdə şagirdlərin nitqinin inkişaf etdirilməsi, ünsiyyət bacarıqlarının formalaşdırılması müəllimin diqqətində olmalıdır.

Ənənəvi kursun XI sinfində isə giriş,  icmal materialları, sənətkarın həyatı, sənətkarın yaradıcılığının ümumi mənzərəsi,  konkret bir bədii əsəri proqrama salınmışdır.
Ənənəvi kursda hər bir materialın öyrədilməsi üçün ümumi qaydalar var idi. Proqram materialları qruplaşdırılır və  onların hər birinin öyrənilməsinə həsr olunan dərs tipləri yaranırdı. Bu dərslər belə adlanırdı:
1.      Ədəbi əsərlərin öyrədilməsinə həsr olunan dərslər (yeni kursda forma qalır, öyrədilməsi yolları tamamilə dəyişir),
2.      Tərcümeyi-hal materiallarının öyrədilməsinə həsr olunan dərslər (yeni kurs X-XI siniflərdə, dərsliklərdə layihə formasında "sənətkarın həyatı, yaradıcılıq yolu" adı altında bu materialı təqdim edir, tədrisinə 1 saat vaxt ayırır. Öyrədilməsi forması dəyişir),
3.      İcmal materiallarının öyrədilməsi dərsləri (yeni kurs X-XI siniflərdə layihə formasında bu tipli materialları dərslikdə verir, tədrisinə 1  saat vaxt ayırır. Öyrədilməsi forması dəyişir).
4.      Ədəbiyyat nəzəriyyəsi materiallarının öyrədilməsi dərsləri (yeni kursda ayrıca nəzərdən keçirilmir, dərs prosesində müstəqil işlər formasında icra olunur),
5.      Nitq inkişafına həsr olunan dərslər (yeni kursda bu iş ayrıca nəzərdən keçirilmir, hər bir dərsdə bu işlər icra olunur).
Bu dərslərin necə olmasına dair yanında verilən qeydlərə nəzər salın.
Ənənəvi kursda 5 dərs növü ortaya çıxırdı. İndi biz o qədər dərs növünü ortaya çıxarmağa bir zərurət görmürük. Çünki yeni kursda mövzuların tədrisi tədqiqat və möhkəmlətmə xarakteri daşıdığından ədəbiyyat dərslərinin aşağıdakı növləri ortaya çıxır.
Materialların xarakterinin, məzmununun nə olmasından asılı olmayaraq bu dərs növləri keçərli sayılır.
Siz  proqram materialları kimi,  ədəbiyyat dərslərinin də bir-birilərinə bənzəməyəcəyi fikrinə şərik çıxacaqsınız.  Onda deyilənləri ümumiləşdirərək proqram materiallarının məzmununa uyğun olaraq ədəbiyyat dərslərinin növlərini  aşağıda qeyd edək:
1. İnduktiv (yeni bilik və bacarıqları verən dərslər),
2. Deduktiv(bilik və bacarıqların tətbiqini, möhkəmlən­dirilməsini həyata keçirən dərslər),
3.  Məzmun və təhlil işlərini birgə həyata keçirən qovuşuq tipli dərslər.
Fəal(interaktiv) dərslərdə proqram materiallarını məzmunu dərsin növünü yaratmır.  Əsas məsələ yeni bilik və bacarıqların formalaşdırılması və ya möhkəmləndirilməsi ilə bağlıdır.
Yeni bilik verən dərslər(induktiv) fəal(interaktiv) dərslərin bütün mərhələlərini özündə cəmləşdirir. İcmal mövzuları, ədəbi əsərlərin məzmunu üzərində işlər bu formalı dərslər üzərində qurulur.
Möhkəmləndirmə(tətbiq) dərsləri –deduktiv dərslər isə həm 7 mərhələli, həm də bir neçə mərhələli ola bilər. Bu formalı dərslər isə təhlil dərslərində, tətbiq dərslərində istifadə olunur. Bu seçim müəllimin özündən asılıdır. Bir neçə mərhələli dərslər daha çox müzakirə formasında həyata keçirilir.  
Fəal(interaktiv) təlim formasında keçilən dərslər birbaşa elmi-tədqiqat işinin aparılmasını xatırladır. Yəni problem qoyulur, onun həllinə dair ilkin fərziyyələr irəli sürülür, sonra həmin  fərziyyələri yoxlamaq üçün tədqiqatlar aparılır, tədqiqatların nəticələri işçi vərəqlərində qeyd olunur və sinfə təq­dim olunur,  ilkin fərziyyələrlə müqayisə edilir və nələrin dəqiqləşdirildiyi barədə hesabat verilir. Bir fərqi vardır ki, bu tədqiqatlar fərdi xarakterli deyildir. Burada problemin araşdırılmasında kiçik qruplar iştirak edir.
Metodbirləşmələr

Başlıca vəzifəsi  müəllimlərə metodik yardım göstər­məkdir. Onun məktəbdaxili, məktəblərarası və rayon üzrə formaları vardır. Məktəbdaxili metodbirləşmə ən azı üç nəfər ixtisas müəllimi olduqda yaradılır. Müəllimlərin sayı üçdən az olduqda fənbirləşmələrini yaratmaq lazım gəlir. Burada iş planı tərtib olunur və həftədə bir dəfə iclasları keçirilir.  İş planı məktəb rəhbərliyi tərəfində təsdiq olunur. İş planının məzmununa aşağıdakı məsələlər daxil edilir:
1.      Təqvim-tematik(yarımillik) planların tərtibi, müzakirə və təsdiqi
2.      Açıq dərslərin qrafikinin tərtibi və təsdiqi
3.      İş təcrübələrinin öyrənilməsi və yayılması
4.      Metodiki yeniliklərlə müəllimlərin tanış edilməsi
5.      Elmi-metodik seminarların, konfransların keçiri­l­mə­si

?!
1.      Ədəbiyyat dərslərinin tipləri nələri əhatə edir?
2.      Onların məzmunu barəsində nə deyə bilərsiniz?
3.      Ədəbiyyat dərslərinin tiplərinin yaranması səbəbi barəsində nə deyə bilərsiniz?
4.      Metodbirləşmə nədir və necə fəaliyyət göstərir?



Комментарии

Популярные сообщения из этого блога

Təlim strategiyalaraı: ədəbiyyat dərslərinin təşkili

Fəal(interaktiv) təlim

Dərs icmalı nümunəsi (Məzmun üzrə iş)