Metodik düşüncələrimiz

Düşüncələrimiz

Ədəbiyyatın tədrisi məsələləri son illərdə yenidən aktuallaşmağa başlamışdır. Bir sıra "mütəxəssislər" uydurma prob­lem yaradıb dərhal da onu həll etməklə özlərinin belə bir icadlarına həddən ziyada vurulurlar. Bu vurğunluq bəzən elə bir həddə çatır ki, az qala tərcümeyi-hal, icmal, iri həcmli əsərlərin öyrədilməsi və daha nələrin məktəbə gətirilməsinə etirazlar başlanır. Bir sözlə, ədəbiyyat məktəbdə olsun, olmasın?  Dəhşətlisi də burasındadır. Min illik ədəbiyyat, bağışla, biz səni müstəqil surətdə də öyrənə bilərik, məktəbdə sən olmasan da olar. Sənətkarların tərcümeyi-halı nəyə gərək? Nə olsun ki, onlar canlı tariximizlə yol yoldaşıdırlar? Ağırdırlar, şagirdləri "gərəksiz" illərlə yükləyir və o, çətinliklə mənimsənilir. C. Cabbarlı, M. Hüseyn, M. İbrahimov bizi bağışlayın, daha gərəkli deyilsiniz. Şagirdlərimizin "kövrək" təfəkkürü Sizləri qavramaq imkanında deyil və s. və i.a.
Ədəbiyyat tədrisi metodikası fənni ədəbiyyatımızın və mənəviyyatımızın öyrənilməsində sayıq keşikçidir. Müasir dövrün ən incə problemləri onun diqqətindən kənarda qala bilməz. Elmi-texniki tərəqqi dövrünün yenilikləri bu fənnin cəmiyyətimizdə rolu və əhəmiyyətini bir qədər də artırmışdır. Xüsusilə indiki qloballaşma dövründə, təhsilimizin dünyaya inteqrasiyası, Boloniya konvensiyasına qoşulma, təhsildə kredit sisteminə keçid, yeni tədris planlarının nəzərdən keçirilməsi bizə həmin fikri söyləməyə əsas verir.
Ədəbiyyatın tədrisi metodikası ümumtəhsil məktəblərində ədəbiyyat tədrisinin ən mühüm məsələlərini araşdırmağı qarşısına məqsəd qoyur. Ədəbiyyat tədrisi metodikasının predmeti və nəzəri əsasları, ədəbiyyatın  məktəbdə tədrisinin təşkili, ədəbiyyat təliminin üsulları, ayrı-ayrı mövzuların tədrisinin səmərəli təşkili  ƏTM-in məşğul olduğu ən vacib məsələlərdəndir.
Ədəbiyyatın öyrənilməsi və öyrədilməsi uzun bir tarixə malikdir. Şifahi xalq ədəbiyyatı nümunələrinin yaşaması mexanizminin mayasında məhz öyrənilmə və öyrədilmə dayanmışdır. Bu proses necə olmuşdur, ədəbiyyat tariximizin keçdiyi yolu bilmək bizə nə üçün lazımdır? Belə bir suallara ədəbiyyatın tədrisi tarixi bölməsi cavab olur. Yaxşı məlumdur ki, keçilən yol bir aynadır. Bu aynaya baxılmazsa, ƏTM öz məqsədlərinə  çata bilməz.
ƏTM  ədəbiyyat fənninin məzmunu və strukturu məsələlərini, ədəbiyyat tədrisinin təşkilində planlaşdırmanın rolu və əhəmiyyətini, bu işin hansı səviyyədə təşkil olunmasını da gənc müəllimlərə diqqətlə aydınlaşdırır. Burada ədəbiyyat dərslərinin mərhələləri(həm ənənəvi həm də fəal(interaktiv) dərslər), onlarda görülən işin məzmunu barədə də müəllimlər üçün faydalı məlumatlar verilir.
Ədəbiyyat fənni məzmun baxımından zəngindir. Ədəbiyyat proqramı  bu məzmunun yaradılmasında mühüm rol oynayır. Burada ədəbi əsərlər, tərcümeyi-hal materialları, icmal mövzuları, ədəbiyyat nəzəriyyəsi materialları, şifahi və yazılı nitqin inkişaf etdirilməsi məsələləri əks olunur. Beləliklə, hər bir mövzunun öyrədilməsi üçün dərs tipləri yaranır. Bu dərslər məzmununa və təşkil olunmasına görə bir-birindən fərqlənir. Bu fərq nədən ibarətdir, həmin dərslər necə təşkil olunmalı, həmin mövzuların öyrədilməsində hansı üsul və vasitələrdən istifadə olunmalıdır? Bu kimi məsələlər ədəbiyyat dərslərinin tiplərini ortaya çıxarır. Burada ədəbiyyat dərslərinin tipləri və onların reallaşdırılması məsələlərinə dair elmi-metodik mülahizələr verilmiş, müəllim üçün onların da gərəkliliyi nəzərə alınmışdır. 
Ədəbiyyat dərslərində təlim, tərbiyə və inkişaf məqsəd­lərinin həyata keçirilməsində müəllim hansı üsul və vasitələrə yiyələnməlidir? Ədəbiyyat təliminin üsulları başlığı məhz belə bir sualın cavabını verməyə çalışır. Burada həm ənənəvi, həm 1970-80-ci illərdə geniş yayılan, həm də son dövrlərdə fəal(interaktiv) təlim üsulları adı ilə tanınan təlim üsullarına ətraflı münasibət bildirilmişdir. Burada tələbələrimiz hər üç üsulları müqayisə etmək imkanındadır. Biz çalışmışıq ki, həmin bölmədə təlim üsullarının hər biri barəsində geniş təsəvvür əldə edilmiş olsun. Seçim isə, yəqin ki, Sizin olacaqdır.
Ədəbiyyat dərslərində əyanilik nə kimi əhəmiyyət daşıyır, əyaniliyin məzmununa nələr daxildir, dərslərdə ondan necə istifadə olunmalıdır kimi sualların cavabı növbəti bölmədə işıqlandırılmışdır.
İcmal mövzuların məzmunu və necə öyrədilməsi, tərcü­meyi-hal materiallarının tədrisinin əhəmiyyəti və onun həyata keçirilməsi yolları da vəsaitdə diqqətdə saxlanılmışdır. Həmin mövzuların şagirdlərin mənəvi tərbiyəsinə, ədəbi biliklərinin və dünyagörüşlərinin formalaşmasına verdiyi imkanlar da burada ətraflı şəkildə işıqlandırılmışdır. İnanırıq ki, buradakı tövsiyələr müəllimlik fəaliyyətində gənc mütəxəssislərimizə gərəkli olacaqdır.
Proqram materiallarının əhəmiyyətli hissəsini ədəbi əsərlər təşkil edir. Təsadüfi deyildir ki, ədəbi əsərlərin məktəbdə tədrisi sahəsində xeyli işlər görülmüş, onun öyrədilməsinə çoxlu tədqiqatlar, monoqrafiyalar həsr olunmuşdur. Biz də burada həmin fikirlərə yenidən nəzər salmış, çalışmışıq ki, bu günə qədər söylənilən mülahizələrə söykənməklə  yeni dövrün tələblərini bir qədər önə çəkək. Ona görə də həm əsərin məzmununun, həm də təhlilinin ən ümdə məsələlərini burada əks etdirməyi qarşımıza məqsəd qoyduq. Güman edirik ki, həmin mülahizələr də müəllimlərimizin əməli işində gərəkli olacaqdır.
Ədəbiyyat dərslərində şagirdlərin şifahi və yazılı nitqinin inkişaf etdirilməsi də ƏTM-in diqqət yetirdiyi vacib sahələrdəndir. Bu bölmədə biz nitq inkişafı işlərinin məzmunu və xüsusiyyətlərini, təşkili məsələlərini Sizin diqqətinizə çatdırmışıq.
Bu gün ədəbiyyat tədrisinin qarşısına çox mühüm vəzifələr qoyulur. Şagirdlərə kurikulum əsasında məzmun standartlarına uyğun olaraq bilik və bacarıqların, kompetensiyaların aşılanması ən ümdə vəzifə kimi qarşıya qoyulur. Şagirdlərimiz ən zəruri həyati bacarıqlara yiyələnməli, onlara bu həyat yolunda dəstək ola biləcək keyfiyyətlər aşılanmalıdır. Bunun üçün də ədəbiyyat tədrisinin məzmu­nunda, öyrədilməsi və şagird nailiyyətlərinin qiymətl­əndirilməsində dövlətin qarşıya qoyduğu tələblər uğurla həyata keçirilməlidir. Güman edirik ki, hazırkı dərslik məhz bu işin uğurlu həllinə kifayət qədər kömək etmiş olacaqdır.
ƏTM müəllimlərin peşə hazırlığı işində mühüm rola malikdir. O, müəllimlərin sənət sirlərinə yiyələnməsində xüsusi əhəmiyyət kəs edir. Onsuz gələcək müəllimlik fəaliyyətində uğurlar qazanmaq mümkün deyildir.  Biz inanırıq ki, vəsaitdə irəli sürülən metodik mülahizələr müəllimlərimizə əməli işlərində lazımi səviyyədə köməklik göstərəcəkdir.




            Sizlərə şərəfli işinizdə uğurlar arzulayırıq

Комментарии

Популярные сообщения из этого блога

Təlim strategiyalaraı: ədəbiyyat dərslərinin təşkili

Fəal(interaktiv) təlim

Dərs icmalı nümunəsi (Məzmun üzrə iş)