Ədəbiyyat müəllimindən tələb olunan keyfiyyətlər


FƏAL/İNTERAKTİV DƏRSLƏRDƏ ƏDƏBİYYAT
MÜƏLLİMİNDƏN TƏLƏB OLUNAN
KEYFİYYƏTLƏR

Ədəbiyyat müəllimi və ümumiyyətlə müəllim hansı keyfiyyətlərə malik olmalıdır sualına hərə bir cür cavab verə bilər. Təbii ki, öncə rəsmi sənədlərimizin   müəllimlərin qarşısına qoyduğu vəzifələri yada salmalıyıq. Bunun üçün Ümumi təhsil pilləsinin dövlət standartı və proqramı(kurikulumları) sənədinin "təhsilverənlərin keyfiyyət göstəriciləri" bölməsini və digər sənədlərin məzmununu bir daha xatırlayın.
-        dövrün tələbatına uyğun gələn elmi-nəzəri bilik;
-        uşaqlarla ünsiyyət qurma və iş bacarığı;
-        əxlaqi-mənəvi keyfiyyət, pedaqoji etika və mədəniyyət;
-        əməkdaşlıq, tədqiqatçılıq, özünütəhsil və idarəçilik bacarıqları;
-        layihə, müsabiqələrdə, innovativ proqramlarda iştirak etmək qabiliyyəti;
-        öz fəaliyyətini təqdim etmək, qabaqcıl təcrübədən bəhrələnmək bacarığı;
-        ədalətlilik, məsuliyyətlilik, cavabdehlik keyfiyyəti;
-        məktəb və ictimaiyyət arasında nüfuzu.

Ədəbiyyat müəllimi həm də təhsil alanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini ümumi şəkildə ifadə edən məzmunu da bilməlidir. Təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyən edən təlim nəticələri və məzmun standartlarıdır.  Onlarda aşağıdakı tələbələr gözlənilməlidir:
-        fərdin, dövlətin, cəmiyyətin maraq və tələbatının ödənilməsi;    
-        təhsilin nəticəyönümlülük, şagirdyönümlülük, inteqrativlik prinsipləri əsasında qurulmasına didaktik zəmin yaradılması;                       
-        təhsilalanların həyati bacarıqlara yiyələnməsinin prioritet hesab edilməsi;
-        keyfiyyətli təhsil almaq üçün hamıya bərabər imkanların yaradılması;    
-        təhsil səviyyələri üzrə təhsil proqramlarında (kurikulumlarda) varisliyin təmin olunması; 
-        şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə müvafiq standartların müəyyən edilməsi üçün etibarlı əsas yaradılması;                       
-        təhsilalanların sağlamlığının qorunması məqsədi ilə ağırlaşdırıcı tədris materiallarının təlim prosesinə gətirilməsinin qarşısının alınması.
 Digər rəsmi sənədlərin tələbləri də öz yerində. Müəllim bu sənədlərdən xəbərsiz öz fəaliyyətlərini qətiyyən davam etdirə bilməzlər.
 Bizim nəzərimizdə ədəbiyyat müəllimi bir günəşə bənzəyir. Təsadüfi deyildir ki, internetdə yerləşdirdiyimiz feysbuk səhifəmizi biz məhz bu cür adlandırmışıq: ədəbiyyat müəllimi, sən bir günəşsən. 
Müəllimin mənəvi siması, daxili aləmi ilə səsləşən bir məsəli Sizlərə çatdırmaq istəyirəm. Belə nəql edirlər ki, bir gün bir  neçə nəfər Qazının yanına şikayətə gəlir ki, bəs bilməzsənmi, filan kəndin mollası oğurluq edib. Ona sözünüz nədir? Qazı  təmkinini pozmadan molla oğurluq eləməz deyir. Həmin şəxslər bildirir: - Necə yəni molla oğurluq eləməz?! Oğurladığı əşya ilə birlikdə bir azdan Sizin hüzurunuza gətirəcəklər. Bəs onda sözünüz nə olacaq? Qazı əfəndi təmkinini pozmadan yenə də molla oğurluq eləməz  deyir. Həyətdən müxtəlif səslər eşidilir. Adamlar yanlarında da həmin kəndin oğurluq üstündə tutulan mollası və oğurladığı əşya ilə qeyzlə Qazının otağına daxil olurlar. Şikayətçilər mollanı və oğurladığı əşyanı Qazıya göstərərək hirsli vəziyyətdə soruşurlar: - İndi buna sözünüz nədir? Qazı yenə təmkinini pozmadan "Molla oğurluq eləməz" deyir. Deyir ki, O oğrudur ki, gəlib Molla olub. Molla oğruluq eləməz.
Hikmətə fikir verişinizmi? Bəli, müəllim olan kəs daima öz adını uca tutmalıdır. Əsl müəllimi başqa cür də təsəvvür etmək olmaz.
Əziz həmkarlarım. Bu müəllim ad sizə necə də yaraşır. Çünki harada olursunuzsa-olun, əməllərinizdə nəciblik, ürəyi­nizdə hərarət, simanızda bir nur olur. Sizi digər sənət yoldaş­larından fərqləndirən əsas keyfiyyət də məhz orasındadır ki, siz müqəddəs və ülvi mənəviyyatımızın, poeziyamızın, nəsrimizin, dramaturgiyamızın ən gözəl keyfiyyətləri ilə birbaşa təmasda olur, onları öz mənəviyyatlarınıza köçürür və şagirdlərimizdə həmin irsə möhtəşəm bir məhəbbət hissi aşılayırsınız. Şagirdlərimiz belə bir ədəbiyyat nümunələri ilə tanış olduqca qəlbləri qürur və iftixar hissi ilə dolur, fəxr edirlər ki, belə bir xalqın nümayəndəsi, belə bir zəngin sərvətin varisləridirlər.
Ədəbiyyat müəlliminə qürur gətirən amillərdən olduqca çoxdur. Biz onların hamısını sadalasaq, onda cildlər gərək olar. Bunlarından ən birincisi və ən əsası gələcəyimizin qurucuları­ olan gənc nəslin əxlaqi-mənəvi tərbiyəsini, bir şəxsiyyət, bir vətənpərvər insan kimi yetişməsini dövlətimizin məhz Sizlərə etimad göstərməsi, etibar etməsidir. Bu, heç kimə rəva görülməyən, ancaq Sizlərə, Sizlərin saf mənəviyyatına, təmiz qəlbinizə, hərarətli əllərinizin ixtiyarına  buraxılan   böyük bir etimaddır. Bu inamı  uca tutmaq isə hər bu yolu seçənin, hər birimizin müqəddəs vəzifəsidir.
İkincisi, ulu öndərimiz doğma Azər­bay­canımızın, yeni ruhlu Azərbaycanımızın qurucusu və memarı olan Heydər Əliyev cənabının  bizlərə verdiyi qiymət(kitabın ön səhifəsindəki sitata baxın), göstərdiyi qayğı və bizə bəslədiyi inamdır. O qayğı ki, indi onu hörmətli prezidentimiz İlham Əliyev cənabları bir an da olsun Sizlərdən əsirgəmir.
Üçüncü bir məqam birbaşa sizin uğurlarınızın rəhni olacaq sevgi hissləridir. Sizlərə aşağıdakı sehrli üçbucağı təqdim edəcəyik. Əgər bu üçbucağa əməl etsəniz müəllimlik  həyatınız, həqiqətən də, mənalı, maraqlı və faydalı olacaqdır. Bunu Sizə həmin sehrli üçbucağı sınaqdan çıxaran,  bəhrəsini görən və 30 ildən artıq iş təcrübəsi olan müəlliminiz deyir.  Əgər Sizdə səmimiyyət, üstəgəl bu sehrli üçbucaqdakı keyfiyyətlər olacaqsa,
Sənətinə

Sevgi

 



Şagirdlərinə                                                            Vətəninə

onda Siz həmişə bir günəş kimi yetirmələrinizin yoluna nur salacaq, özünüzü daima bəxtəvər hesab edəcək, sənətinizdən zövq alacaqsınız. Bu yolda uğurlar daim Sizinlə olacaq. 
Ürəyini, onun hərarətini, gözünün nurunu şagirdlərinə təmənnasız olaraq bəxş edən müəllimlər ən bəxtəvər insanlardır. Bu sənətin arxasında dayanan hər bir insan yaxşı bilir ki, müəllimlikdə də şairlikdə olduğu kimi istedad gərəkdir. Şairlərdə istedad anadangəlmə, fitri olur. Tutaq ki, sənin istedadın yoxdur və yazıb-yarada bilmirsən. Amma sənətində sevgi və səmimiyyətin varsa, deməli, bu istedad artıq sənin qanındadır.
Uşaqlar, uşaq dünyası sirli, sehrli, saf və müqəddəs bir dünyadır. Bu dünyanın qapıların hər müəllimin üzünə açıla bilməz. Bu qapıdan içəri daxil olmaq da hər bir müəllimə müyəssər olan iş deyildir. Bu qapıdan zorla, təhdidlə içəri daxil olmaq qətiyyən mümkün deyil. Onun açarı, sehrli açarı yalnız SƏMİMİYYƏTDİR. Həmin səmimiyyəti isə sevgİ yaradır. Bu iki amil BİLİK, SAVADla birləşdikdə hər şey öz yerini tutur.  Siz belə bir duyğulara sahib çıxsanız, onda bir müəllim kimi alnıaçıq yaşamağın nə olduğunu çox gözəl hiss edəcəksiniz. Şair uşaqların dilindən necə də gözəl ifadə edir:
Ey sevimli müəllim,
Hər könüldə yerin var.
Hər kənddə, hər şəhərdə,
Sənin meyvələrin var.
Əkdiyin ağacların,
Gülü, çiçəyi solmaz,
Dünyada Sənin kimi,
Varlı bağban tapılmaz!...
 Müəllimin səmimiyyəti uşaq dünyasının  qapılarını onun üzünə taybatay açır. Belə bir müəllimi şagirdlər çox sevir, onun hər bir sözünü çox böyük məhəbbətlə qəbul edirlər. Müdrik Caviddəki məktəbli qız obrazını göz önünə gətirin.
-Yavrum, qızım! Adın nədir?
            - Gülbahar.
- Pəki, sənin annan, baban, varmı?
            - Var.
- Nasıl, zənginmidir baban?
            - Əvət, zəngin, bəyzadə...
- Öylə isə geydiyin neçin böylə sadə?
  Yoxmu sənin incilərin, altun bilərziklərin?
   Söylə, yavrum! Heç sıxılma…
            - Var, əfəndim, var… lakin,
            Müəlliməm hər gün söylər: "Onların yox qiyməti,
            Bir qızın ancaq bilikdir, təmizlikdir zinəti".
- Pək doğru söz…
 Bu dünyada sənin ən çox sevdiyin
 Kimdir, quzum, söylermisin?
            -Ən çox sevdiyim, ilkin,
            О allah ki, yeri, göyü, insanları xəlq eylər.
- Sonra  kimlər?
            - Sonra  onun göndərdiyi elçilər...
- Başqa sevdiklərin nasıl, yoxmu?
            - Var…
- Kimdir onlar?
-Annam, babam, müəlliməm, bir də bütün insanlar.
Bu şeir parçalarında təsvir olunan obraz Sizlərsiniz, əziz gənc müəllimlər! Unutmayın ki, o saf tarlada – uşaq dünyasında nə əkəcəksinizsə, cəmiyyətimiz, dövlətimiz də onu  biçəcək.
Etiraf edək ki, bugünkü şagirdi, sinfi idarə etmək nəinki 20-30 il, elə 3-5 il əvvəlkilərdən də  qat-qat çətindir. Deməli, bu günün müəllimi üçün iş prosesində, dərslərdə şagirdlərlə işləmək qaydalarına bələd olmaq da vacibdir. Siz özünüzdə yaxşı bilirsiniz ki, bu iş müəllimdən  böyük bir məsuliyyət tələb edir. Şagirdlər daha şahmat fiqurları kimi deyil ki, onları istənilən yerə qoyasınız, o da orda dura. Artıq təlimdə subyekt+obyekt münasibətləri deyil, subyekt+subyekt münasibətləri bərqərar olmalıdır. Onlar bərabərhüquqlu tərəfdaş kimi təlim prosesində fəal işgörənə çevrilməlidirlər. Məhz buna görə də hazırda avtoritar üslubdan demokratik üsluba keçmək, ona yiyələnmək bacarığı ən vacib tələb­lər sırasında durmaqdadır. İndiki müəllimi sələflərindən fərqləndirən keyfiyyətlərdən biri də elə budur.
Müəllimi daha həqiqəti sinfə gətirmək əvəzinə onu tapmağın yolunu göstərir. Disterveq vaxtilə bunu belə ifadə etmişdi: Pis müəllim həqiqəti sinfə gətirər, yaxşı müəllim isə onu tapmağın yolunu göstərər.  
Yeni kursun mahiyyəti də ondadır ki, müəllim bilikləri şagirdlərinə hazır şəkildə verməkdənsə, onlara bələdçilik edir. İşi elə təşkil edir ki, hər şeyi şagirdin özü  araşdırsın, özü tapıb ortaya qoysun və bu "kəşfi" ilə qürur duysun.
Elmi ədəbiyyatda müəllimin bu cür vəzifə tutması "bələdçilik"(fasilitator) kimi adlandırılır. Bu sözün əsl anlamı "asanlaşdıran", "yüngülləşdirən" deməkdir. Pedaqoji ədəbiy­yatda bunu bələdçi kimi ifadə edirlər. Bunu o cür də qəbul etmək olar. Hal-hazırda müəllim, ancaq yolgöstərən rolunu öz üzərinə götürür, şagirdinə isə müstəqil araşdırmalar aparmaq, fikir mübadiləsi etmək, düzgün qərarlar qəbul etmək fürsətini verir.
Müəllimin bələdçi (fasilitator) mövqeyində dayanması üçün bir sıra vacib qaydalara riayət etməsi gərəkdir. Həmin qaydalar elmi ədəbiyyatda belə qruplaşdırılır:
1.      Psixoloji dəstəkləmə qaydaları,
2.      Fikrin təhrik edilməsi qaydaları,
3.      Məlumatla təmin etmə qaydaları,
4.      Təşkilati dəstəkləmənin qaydaları. [1]
Fəal(interaktiv) dərslərdə müəllim bu qaydalara riayət etməlidir. Həmin qaydalarla diqqətlə tanış olmaq və iş prosesində onlara əməl etmək gərəkdir. Sizin hər biriniz müha­zirə və seminar məşğələlərində bu qaydaların necə yerinə yeti­ril­məsi gedişi  ilə əyani şəkildə tanış olmuşsunuz. Ona görə də dərs prosesində onlara riayət etmək sizə bir o qədər də çətin gəlmə­yə­cəkdir.  Gəlin həmin bələdçilik qaydaları ilə tanış olaq.
I.  Psixoloji dəstəkləmənin qaydaları:
1. Müsbət dil ifadələrindən istifadə edin, müzakirədə və qrup işində iştirak etmələrinə görə iştirakçılara öz minnətdarlığınızı bildirin (pozitiv münasibət və hörmət).
2. Danışanlara diqqətlə qulaq asın. Hər bir iştirakçıya öz fikrini söyləməyə imkan yaradın. Qrupun yalnız yüksəkdən danışan iştirakçılarını dinləməyinizi yox, bütün qrupun iştirakçılarını diqqətlə dinləməyə hazır olduğunuzu nümayiş etdirin ("fəal dinləmə"  vərdişi).
3. İştirakçılarla birlikdə işləyib hazırladığınız qaydalara riayət edin. Unutmayın ki, treninq(dərs) zamanı Siz davranış nümunəsi kimi çıxış edirsiniz (təlimçi – müəllim  davranış modeli kimi).
4. İştirakçılara adları ilə müraciət edin və onların gözlərinə baxın (fərdi yönəlmə).
5. Konstruktivliyi dəstəkləyin, qarşıdurmaya şərait yaratmayın.
6. İştirakçıların fikirləri ilə səmimi maraqlanın.
7. Yalnız liderlərin və ən fəalların deyil, bütün iştirakçıların nöqteyi-nəzərinə eyni dərəcədə diqqətlə yanaşın.
8. Hər hansı bir fikrin qiymətləndirilməsində məzəmmət və lovğalığa imkan verməyin. Lazımsız olaraq qrupun işini qiymətləndirməyin. Müəllimin - təlimçinin qiyməti onun şəxsi fikrini əks etdirməməlidir və qiymətləndirmə üçün yox, fasilitasiya üçün bir vasitə olmalıdır! O, iştirakçıların fikirləri ilə razı olmadıqda, bunu onlarla müzakirə etməyi təklif etməlidir. Lakin təlimçi işi mütləq qiymətləndirməli olduqda, o, bunu meyarlar əsasında həyata keçirməlidir
II. Fikrin təhrik edilməsi qaydaları:
1.Motivasiya mərhələsində şagirdləri dərsin mövzusunun müəyyənləşdirilməsinə cəlb edin.
2. Dərsə şagirdlərin məntiqi, tənqidi, yaradıcı təfəkkürü və elmi-tədqiqat vərdişlərini inkişaf etdirən tapşırıqları daxil edin.
3. Qapalı suallardansa, açıq suallardan daha çox istifadə edin. Qapalı suallar – "Siz bunu bilirsinizmi?",  "Nə?", "Harada?" , "Nə vaxt?".  Bu cur suallara yalnız bir konkret cavab almaq olar: "Hə"  və ya "Yox" . Açıq suallar bir yox, bir neçə mümkün cavabı nəzərdə tutur. Çalışın sualları "Nə üçün?", "Nəyə görə?", "Hansı yolla?", "Necə?"  və s. sözlərlə başlayın. Açıq sualların nümunəsi:    " …haqqında nə bilirsiniz?", "Nə üçün bu haqda daha çox bilmək istərdiniz?", "Bu necə baş verir?" 
4. İştirakçılar tərəfindən ifadə olunan fikirləri anlamağa çalışın və öyrəndiyiniz, oxuduğunuz, yaratdığınız fikir­ləri zorla qəbul etdirməyin.
5. Fasilitasiya zamanı konkret misallardan, müqayisə və qarşılaşdırma, analogiya üsullarından istifadə edin. İstiqamət verməyən "kar"  sualları az sayda verməyə çalışın.
6. Mənaca yaxın olan yönəldici suallardan istifadə edin, lakin bilavasitə yönəldici suallardan istifadə etməyin. Həmçinin, əvvəlcədən şübhəli fikirdən ibarət olan çaşdırıcı suallardan istifadə edə bilərsiniz. Bu suallar  iştirakçıları sizin fikirlərinizi təkzib etməyə təhrik edəcək və onu lazım olan istiqamətə yönəldəcək.
7. İştirakçının deyə biləcəyi sözü və ya  fikri onun əvəzinə ifadə etməyin. Mətndə əsas fikri müəyyən etmək və onu öz sözləri ilə ifadə, ümumiləşdirmə, öz fikrini ifadə və yenidən ifadə etmə bacarığı üzərində işləyin. İştirakçıları öz fikirlərini daha dəqiq ifadə etməyə təhrik edin və onlara köməklik göstərin. Bunun üçün sərf etdiyiniz vaxta təəssüflənməyin! Bu prosesi nümayiş etdirin və iştirakçıların diqqətini buna cəlb edin!
8. İştirakçıların əvəzinə onların məhsulunu izah etməyin, hər bir iştirakçıya digər iştirakçıların işinə öz fikir və münasibətlərini ifadə etməyə imkan yaradın.
9. İştirakçıların cavablarının formal dinlənilməsinə yol verməyin. İştirakçıların əsas fikirlərini ümumiləşdirib, digərlərini onların şüuruna çatdırmaq lazımdır.
10. Fasilitasiya zamanı iştirakçıların cavablarını dəqiqləşdirin, şərh edin (qiymətsiz, məzmununa görə), problemli hallarda onların həllinə iştirakçıları cəlb edin.
III. Məlumatla təmin etmə qaydaları:
1. Fasilitasiyanı başlamaq ərəfəsində şagirdlərdə lazımi biliklərin və sizdə məlumat mənbələrinin olduğunu yoxlayın.
2. İştirakçıların şüurunda dərsin dəqiq "şəklini"  formalaşdırın.
3. Dərsdə təkcə dərslikdə olan materialdan yox, həm də müxtəlif sənədlər, məlumat ədəbiyyatı, iştirakçıların öz təcrübə və müşahidələrindən istifadə edin.
4. Materialın müxtəlif qavrama yollarını tətbiq edin (görmə, eşitmə, hiss etmə və s.).
5. Sual və cavabları mümkün qədər qısa, lakonik və şagirdlərin səviyyəsinə uyğun söyləyin.
6. Başqa şagirdlər tərəfindən deyilən yeni anlayışların, eləcə də sualın və ya mülahizələrin yanlış anlaşılmasını vaxtında başa salın.
7. Şagirdlərə bütün dərs ərzində problemin həlli yolunda əldə etdikləri nailiyyətləri haqqında məlumatı  və əks əlaqəni verməyi unutmayın.
IV. Təşkilati dəstəkləmənin qaydaları:
1. Müzakirəni təşkil etdikdə yeni bilik əldə etmək üçün hər kəsin fikrinin vacib ola bilməsini bütün şagirdlərə  çatdırın. Bunu həyata keçirmək üçün iştirakçıları aşağıdakı suallar vasitəsilə müzakirəyə cəlb edin: "Bu haqda siz nə fikirləşirsiniz?" , "Kim razıdır, kim razı deyil?" , "Başqa cür bunu demək (və ya etmək) olardımı?"  və s.
2. Şagirdlərdə öz fəaliyyətlərini planlaşdırmaq və təşkil etmək bacarığını formalaşdırın.
3. Lövhədə və ya kağız üzərində qrup işi zamanı müəyyən edilən əsas halları qeyd etmək məqsədəuyğundur. Unutmayın ki, qrup işinin nəticələri sonrakı mərhələdə məlumatın müzakirəsi və təşkili üçün lazımdır            ("körpülərin"  quraşdırılması).
4. Öz razılığını və ya narazılığını ifadə etmək üçün şagirdlərə xüsusi işarələr təklif edin (məsələn, baş barmağın yuxarı və ya aşağı vəziyyəti) və onlarla müzakirə zamanı əks əlaqəni verməyə təhrik edin.
5. Destruksiya(destruksiya pozuculuq, konstruksiya isə onun əksini bildirir, yəni qurmaq mənasında işlənir) cəhdlərinin, artıq danışmağın, qeyri-adekvat və ya məqsədəuyğun olmayan söhbətlərin qarşısını alın. Bunun üçün iştirakçını mədəni surətdə dayandıraraq, ona öz fikirlərini qısa və məzmuna uyğun çatdırmaq qaydasını xatırladın. Diskussiyanın lideri olun!





[1] Bax: Veysova Z., Fəal(interaktiv) təlim, müəllim üçün vəsait, Bakı 2007. 

Комментарии

Популярные сообщения из этого блога

Təlim strategiyalaraı: ədəbiyyat dərslərinin təşkili

Fəal(interaktiv) təlim

Dərs icmalı nümunəsi (Məzmun üzrə iş)