İcmal mövzularının öyrədilməsi


İcmal mövzularının öyrədİlməsİ


Ədəbiyyat fənninin məzmununa daxil olan mater­i­allardan bir qismini də  icmal mövzuları təşkil edır. Bir qədər əvvəl barəsində müəyyən qədər təsəvvür əldə etmişdiniz.
İcmal mövzuları tutduqları yer­dən asılı olmayaraq geniş təlim-tərbiyə imkanlarına malikdirlər. Onlar ya kursun başlanğıcında  onun məzmununa dair ümumi təsəvvür verir,  ya geniş şəkildə öyrəniləcək hər hansı bir əsərin daha düzgün anlaşılmasına imkan yaradır, ya da bir neçə əsrlik ədəbi-mədəni nailiy­yət­lərimizi xülasə etməklə növbəti mövzuya - tək-tək öyrə­nilə­cək sənətkarların lazımi səviyyədə dərk olunmasına bir bələdçilik edir.
İcmal mövzuları məclislərdə səslənən ilk sözü xatırladır. O ilk sözü ki, o söz danışan şəxsin özü barəsində, danışdığı məsələ barəsində iştirakçılarda müəyyən təsəvvür yaradır. Həmin şəxsin ətraf tərəfindən tanınması taleyini həll edir. Görünəni budur ki,  bu ilk sözün məsuliyyəti olduqca böyükdür. Bunu biz giriş sözü kimi də qəbul edə bilərik. Həmin giriş sözü necəliyindən əsl mətləbin taleyi asılı olur. Ədəbiyyatımızda da belədir.  Kursun, fəslin, növbəti mövzuların keyfiyyətli mənimsənilməsi işi bu giriş sözünün sanbalından əməllicə asılıdır. Eynşteyndən soruşulanda ki, Siz ən çox nədə çətinlik çəkirsiniz? Cavabı belə olmuşdu: auditoriyaya giriş sözü söyləməkdə.
Həmin sözlərə fikir verin. Düşünün ki, giriş sözü məhz bu icmal mövzularıdır. O ya şagirdləri ədəbiyyat aləminə daxil edir(kursa giriş mövzuları məhz belədir), ya sənətkarın söz dünyası ilə şagirdləri tanış edir, onları ayrıca öyrəniləcək əsərin düzgün dərk olunmasına yönəldir(sənətkarın yaradıcılığının ümumi mənzərəsini verir), ya da bir neçə əsrlik dövrün ədəbi-mədəni mənzərəsini verməklə,  həmən zaman hüdudlarında  tariximizi, ədəbi-mədəni nailiyyətlərimizi xülasə etməklə konkret bir sənətkarımızı daha düzgün başa düşməyə imkan yardır.
İcmal sözünün mənasında qısa surətdə, müxtəsər, yekunlaşdırma    konspekt  anlamları vardır.[1]
İcmal mövzuları öz məzmunu və formasına görə  mövzuya, bölməyə, kursa bələdçilik edir.
Metodik  ədəbiyyatda bunun üç növü fərqləndirilir:
a) gi­­­­­­­­­riş səciyyəli(yeni kursda da vardır), 
b) tarixi-ədəbi (yeni kursda VIII-XI siniflərdə verilmiş­dir,
c) sənətkarın  yaradıcılığının ümumi mənzərəsini əks etdirən icmallar(yeni kursda X-XI siniflərdə  "sənətkarın həyatı, yaradıcılıq yolu" kimi təqdim olunur).
Giriş mövzularını tədris edərkən dərslikdəki məlumata nəzər salmaq lazımdır. Bu mövzuların tədrisində şifahi və yazılı nitq məzmun xətlərindən müəyyən standartların seçilməsi və reallaşdırılması mümkündür. Bu mövzular, onların  məzmunu şagirdlərin mənəviyyatına, dünyagörüşünə, dövlətçilik, azərbaycançılıq duyğularının inkişaf etdirilməsinə tutarlı töhfələr verir. Bunu bir an da olsa unutmamalıyıq. Həmin mövzuları da induktiv dərslər formasında keçmək məqsədəuyğun olardı.
Tarixi-ədəbi səciyyəli icmallarda bir neçə əsrlik dövrün ictimai-siyasi, ədəbi-mədəni xülasəsi ilə yanaşı həmin dövrdə yazıb yaradan  sənətkarlar, onların bədii irsi barədə də yığcam söhbət  gedir. Ənənəvi kursda 11-ci sinifdə , yeni kursda isə VIII-XI siniflərdə istifadə olunur. Onun əsas vəzifəsi
ü  Ədəbiyyat kursunun müxtəlif dövrləri arasında əlaqəni, rabitəni yaratmaq,
ü  Ədəbiyyatın inkişaf meyllərini, ənənə və varislik məsələlərini açıb göstərmək,
ü  Monoqrafik şəkildə öyrəniləcək sənətkarın ədəbiyyat tariximizdəki  yerini dolğunluğu ilə təsəvvür etməkdə yardımçı olmaq,
ü  Tariximizi mükəmməl şəkildə, digər mənəvi dəyərlərimizlə vəhdət halında  şagirdlərimizə sevdirmək,
ü  Adı qeyd olunan əsrlərdə ədəbi nailiyyətlərimizi öz yaradıcılığında əks etdirən sənətkarlarımızın bədii irsinin özəllikləri ilə tanış etdirməkdən ibarətdir.
Hazırda ədəbiyyat dərsliklərində  əksini tapan belə icmallar:
VIII sinif üzrə:
    1. Qədim və zəngin ədəbiyyatımız(giriş səciyyəli icmal)
    2. Qədim dövr Azərbaycan ədəbiyyatı(XIII əsrə qədər) 
    3. Orta dövr Azərbaycan ədəbiyyatı (XIII əsrdən XVII əsrə qədər)
    4. Yeni dövr Azərbaycan ədəbiyyatı.
-  I mərhələ( XVII-XVIII əsrlər).     
-  II mərhələ ( XIX əsr)                     
-  III mərhələ.(XX əsrin əvvəlləri)  
IX sinif üzrə:
1.      Milli-mədəni dirçəliş və Azərbaycan Xalq Cümhu­riy­yəti dövründə ədəbiyyat (1918-1920)
2.      İctimai-siyasi ziddiyyətlər və repressiya dövründə  ədəbiyyat (1920-1940)
3.      İkinci Dünya müharibəsi dövründə ədəbiyyat (1941–1945)
4.      Müharibədən sonrakı dövrdə ədəbiyyat (1946–1960)
5.      Milli özünəqayıdış dövründə ədəbiyyat (1961– 1990)
6.      Müstəqillik illərində ədəbiyyat (1991-ci ildən günümüzə qədər)  
X sinif üzrə:
1.      Söz sənətimiz – mənəvi sərvətimiz..(giriş xarakterli icmal).
2.      Azərbaycan şifahi xalq ədəbiyyatı (layihə)
3.      Qədim dövr Azərbaycan ədəbiyyatı (ən qədim zamanlardan XIII əsrə qədər) (layihə)
4.      Orta dövr Azərbaycan ədəbiyyatı (XIII–XVI əsrlər) (layihə)
5.      Yeni dövr Azərbaycan ədəbiyyatı. I mərhələ (XVII – XVIII əsrlər) (layihə)
6.      Yeni dövr Azərbaycan ədəbiyyatı.  II mərhələ (XIX əsr)
XI sinifdə:
1.      Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm dövrü(XIX əsrin 90-cı illərindən 1920-ci ilədək)
2.      Sovet dövrü Azərbaycan ədəbiyyatı(1920-1991-ci illər)
3.      Azərbaycan ədəbiyyatında milli özünüdərkə qayıdış və istiqlalçılıq mərhələsi(XX əsrin 60-90-cı illəri)[2]
Tarixi-ədəbi səciyyəli icmallarda bir neçə əsrlik dövrün ictimai-siyasi, ədəbi-mədəni xülasəsi ilə yanaşı o dövrdə yaşayıb-yaratmış sənətkarlar barədə söhbət getdiyindən onun tədrisində informasiya bolluğu baxımından müəyyən çətinliklər ortaya çıxa bilər.
VIII-IX siniflərdə bu materiallar tanışlıq xarakteri daşıyır. Sonra keçilən mövzular üçün bir bələdçi  rolunu oynayır. Onların tədrisi üçün ayrıca vaxt ayrılmamışdır



[1] Azərbaycan klassik ədəbiyyatında işlədilən ərəb və fars sözləri lüğəti, B.1981, səh.105
[2] Həbibbəyli İ., Əliyev S., Həsənov B., Mustafayeva A. Ədəbiyyat-11. Ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün "Ədəbiyyat" fənni üzrə dərslik. Bakı: "Bakınəşr", 2018, 209 səh

Комментарии

Популярные сообщения из этого блога

Təlim strategiyalaraı: ədəbiyyat dərslərinin təşkili

Fəal(interaktiv) təlim

Dərs icmalı nümunəsi (Məzmun üzrə iş)