Sənətkar yaradıcılığının ümumi mənzərsinə aid mövzuların tədrisi

Sənətkarın yaradıcılığının ümumi mənzərəsinə

 aid icmallar


Hər  hansı bir sənətkarın  yaradıcılığının ümumi mənzərəsini təsvir etməyə və şagirdlərə çatdırmağa çalışan icmallar  daha çox yuxarı siniflərdə(X-XI siniflərdə) monoqrafik mövzuların tərkibində özünü göstərirdi. Həmin icmallar monoqrafik şəkildə öyrənilən sənətkarın bədii irsi barədə şagirdlərə ümumi məlumat verməyi qarşısına məqsəd qoyurdu. Onun  əsas vəzifəsi bu irsdə əksini tapan əxlaqi-mənəvi dəyərləri və yazıçının sənətkarlıq keyfiyyətlərini dolğunluğu ilə şagirdlərə çatdırmaq, onlara sevdirmək idi.
Yeni kursda bu material "sənətkarın həyatı, yaradıcılıq yolu" kimi layihə formasında təqdim olunur və təxminən eyni məqsədə xidmət göstərir. Onun tədrisi üçün bir saat vaxt ayrılır.
Buradakı mövzu ətrafında şagirdlərin araşdırma aparmaqları, mətnlərin kənarlarında qoyulan sualları cavablandırmaları, əldə etdikləri bilikləri təqdim etmələri və həmin biliklərlə dərslikdəki materialları tutuşdurmalı olduqları   müəllim üçün vəsaitdə bir tövsiyə kimi irəli sürülmüşdür.
 Bir qədər əvvəldə qeyd etdiyimiz kimi mövzunun tədrisi planlaşdırılarkən, əyani vasitələr barədə düşünülməli,  "Ədəbiyyat və həyat həqiqətləri"(Çünki burada ədəbi əsərlərin məzmunu, obrazlar aləmi, ideya-bədii xüsusiyyətləri ilə bağlı məlumatlar vardır), "Şifahi nitq" və "Yazılı nitq" məzmun xətlərinin tərkibindən uyğun bilinən alt-standartlar seçilməli, onlar dərsin təlim nəticələrinə gətirilməli və fəal(interaktiv) dərsin mərhələlər  üzrə  induktiv  dərs təşkil edilməlidir.  Bunun üçün əvvəlki nümunəmizdəki işin gedişinə baxmaq və ona uyğun dərs modeli qurmaq olar.  
Müəllim mətndə əksini tapan məlumatlarda əxlaqi-mənəvi keyfiyyətlərin şagirdlər tərəfindən düzgün tutulmasını ən əsas vəzifə bilməli, ondan bir ibrət götürülməsi qayğısına qalmalı, onların dünyagörüşlərinin, həyati biliklərinin, mənəvi aləmlərinin zənginləşməsinə xidmət göstərməsi üçün istifadə etməlidir. Unutmaq olmaz ki, bu sənətkarlarımızın hər biri  xalqımızın layiqli övladlarıdır, genefondumuzdur.
Sənətkarların yadigar qoyub getdiyi bədii irs bizim qiymətli xəzinəmizdir. Əgər onunla düzgün rəftar etməyi şagirdlərimizə aşılaya bilsək, onda bu irs daim onlara bir istiqamət, yol göstərəcək, əllərindən tutacaq və  sabaha daha inamla aparacaqdır. Bunun üçün də müəllim öz üzərinə düşən məsuliyyəti aydın hiss etməli, təqdimat mərhələsini yüksək səviyyədə təşkil etməyi bacarmalıdır. Zəif və qüsurlu təqdimat  sənətkarın tanınma taleyini heç edə bilər.
Müəllim bu mövzuların tədrisində də xeyli işləməlidir: ona neçə saat ayrıldığına fikir verməli, dərsdə hansı işləri yerinə yetirəcəyini aydınlaşdırmalı, dərslikdəki, müəllim üçün vəsaitdəki məlumatı nəzərdən keçirməli, burada nələrin çatıb-çatmadığını dəqiqləşdirməlidir. Sonra isə onu hansı yolla şagirdə çatdıracağını müəy­yən­­­­­ləşdirməlidir.
Müəllim orta məktəb dərslik komplektindəki məlumatlara, metodik tövsiyələrə tənqidi yanaşmağı bacarmalıdır. Müəllim icmal mövzularının(həmçinin sənətkarın həyatı və yaradıcılıq yolunun, ədəbi əsərlərin)  tədrisi zamanı ən azından aşağıdakı nöqtələrdən dərslik komplektindəki məlumatların müşahidəsini aparmalı, təhlil etməli və nəticələr çıxarmalıdır:
1.Dərslikdə təqdim olunan icmal materialları(və o bir mövzular) öz məzmununa görə şagirdlərin ehtiyaclarını, maraq və tələbatlarını ödəyirmi?
2. Dərslikdəki(icmallardakı) məzmun dövlətin ədəbi təhsilin qarşısına qoyduğu vəzifələrlə necə uzlaşır?
3. Dərslikdəki sual və tapşırıqlar sistemi müəllim üçün vəsaitdə təklif olunan, dərsin təlim nəticələrində qeyd olunan  alt-standarların tələbələrini reallaşdıra bilirmi?
4. Dərsin təlim, tərbiyə və inkişaf məqsədləri – təlim nəticələri düzgün müəyyənləşdirilibmi?
5. Müəllim üçün vəsaitdə planlaşdırmada nəzərdə tutulan metod və texnikalar  mövzunun tədrisi ilə bağlı şərhlərdə istifadə olunubmu?
6. Müəllim üçün vəsaitdə əksini tapan resursları yetərli saymaq olarmı? Onlar öhdəsinə düşən vəzifəni layiqincə icra edirlərmi?
7.  Müəllim üçün vəsait fəal(interaktiv)  təlimi düzgün tətbiq edə bilibmi?
8. Motivasiya mərhələsində motivasiyanın yaradılması, tədqiqat suallarının qoyuluşu alt-standartların məzmunu ilə uyğun gəlirmi? Motivasiya mərhələsi düzgün qurulubmu? İlkin fərziyyələrin lövhəyə qeyd olunmasına dair bir göstəriş verilmişdirmi?
9.Tədqiqatın aparılması mərhələsində qrup tapşırıqlarından istifadə olunubmu? Bu zaman dərsin təlim nəticələrində əksini tapan alt-standartlar qruplara bir tapşırıq kimi təqdim olunubmu?
9. Məlumatın müzakirəsi və təşkil olunması(təsnif olunması, qruplaşdırılması)  mərhələsində müzakirə və ümumiləşdirici işlər  üçün suallar  verilibmi? Həmin suallar dərsin təlim nəticələrinə uyğun gəlirmi?
10. Nəticənin çıxarılması mərhələsində ilkin fərziyyələrlə yekun qənaətlərin tutuşdurulmasına dair göstərişlər vardırmı?
11. Qiymətləndirmə meyarları təlim nəticələrinə uyğun tərtib olunubmu? Onu qənaətbəxş saymaq olarmı?
Müəllim dərslik komplekti ilə bağlı bu suallara müsbət cavab tapmasa, özü o kəsirləri aradan qaldırmağa borcludur. Çünki müəllim üçün vəsaitlər yalnız nümunəni təklif edir. Qalan iş müəllimin özündən asılıdır.  Dərslikdə bədii materiallar, müəllimin əlinin altında isə sinif üzrə ümumi təlim nəticələri və məzmun standartları(məzmun xətləri, məzmun xətləri üzrə əsas və alt-standartlar) vardır. Onlardakı tələblərin həyata keçirilməsi müəllimin  bir nömrəli vəzifəsidir.
İcmal mövzuları tədris olunanda elə etmək lazımdır ki, o öz üzərinə düşən vəzifəsini – şagirdlərin ədəbi biliklərə şüurlu yiyələnməsini və əsl vətəndaş  kimi böyüməsini layiqincə yerinə yetirsin.



?!
1.      İcmal materialları dedikdə nə başa düşülür?
2.      Ədəbiyyatın öyrədilməsində onun əhəmiyyəti nədən ibarətdir?
3.      Məzmununa görə onun neçə növü vardır?
4.      Onun tədrisində hansı məsələlər diqqətdə saxlanılmalıdır?

Комментарии

Популярные сообщения из этого блога

Təlim strategiyalaraı: ədəbiyyat dərslərinin təşkili

Fəal(interaktiv) təlim

Dərs icmalı nümunəsi (Məzmun üzrə iş)