Yazıçının tərcümeyi-halının tədrisinə dair


tərcümeyi-hal materiallarının tədrİsİ


Ədəbiyyat proqramına daxil olan mövzuların bir qismini də tərcümeyi-hal materialları təşkil edirdi. Yeni kursda tərcümeyi-hal materialları "....həyatı , yaradıcılıq yolu" ilə əvəzlənmişdir. Hazırda sənətkarın həyatı və yaradıcılıq yolunun layihə formasında birlikdə nəzərdən keçirilməsi doğru hesab edilmişdir. Biz də bu yanaşmanı məqbul hesab edirik. Onsuz da dərsliklərdəki məlumatlarda sənətkarın həyatından danışılanda bədii irsini də onun gözünə qatırdılar.
 Bu qrup  mövzuların da  orta məktəbdə öyrənilməsinin çox böyük təlim-tərbiyəvi əhəmiyyəti vardır. Yeni təhsil proqramının tələbi ilə yazılan dərslik komplektində - müəllim üçün vəsaitdə bu tipli materialların öyrədilməsinə bir saat vaxt ayrılmışdır. Həmin başlıq altında olan mövzular X-XI siniflərdə yerləşdirilmişdir.
Sənətkarın həyatı  və yaradıcılıq yolu ilə bağlı  materialları proqrama nə üçün daxil edilir və onların tədrisində hansı vəzifələri yerinə yetirmək nəzərdə tutulur?
Bu belə anlaşılmalıdır ki, ədəbiyyatımızın  yaradıcıları olan bu sənət­kar­ların hər birisi yaşadıqları dövrün canlı timsalıdırlar. Demək olar ki, onların həyatı bir ibrət aynası və tərbiyə məktəbi kimi çıxış edə bilir. Onların mühiti, ədəbi aləmə gəlişi, fikir və duyğular aləminin formalaşdığı zəmin, dünyagörüşləri şagirdlərə müsbət əxlaqi-mənəvi keyfiy­yət­lər aşılayır. Şagirdlər aydın şəkildə və əyani olaraq dərk edə bilirlər ki, zamanından, dövründən asılı olmayaraq, xalq işinə yaxın olan, el yolunda qələm çalan, zəhmət çəkən heç bir kəs unudula bilməz. Kim el yolunda nə isə bir yaxşı iş görsə, onun istəklərinə biganə qalmasa, o adamlar, o şəxslər min illər keçərsə belə, xalqın yaddaşından çıxa bilməz. Bu, bir həqiqətdir.
Şagirdlər bu məlumatları öyrən­dikcə başa düşürlər ki, insanların 60-90 illə ölçülən cismani ömürləri ilə yanaşı, mənəvi ömür­ləri də vardır. Özü də  əgər bu mənəvi ömür  mənalı və xalqı üçün gərəkli olubsa, onda o, illər, əsrlər çərçivəsinə sığmır. Şagirdlər aydın şəkildə anlayırlar ki, insanın əbədi yaşarlılığı me­yar­ları vardır. Bunun ən ümdəsi el-oba yolunda nələri isə eləməkdir. Bəyəm  elə bir şəxs tapıla bilərmi ki, özündən sonra gələcək nəsillərə nə isə yaxşı və xeyirxah işlər qoyub getməyi fikirləşməsin və belə bir arzuya biganə qalsın?
Yuxarı siniflərdə sənətkarın həyatı  və yaradıcılıq yolu materiallar öyrədiləndə bu kimi məsələlər həmişə  müəllimin diqqət mərkəzində dayanmalıdır. Şa­girdlər sənətkarların həyatına dərindən bələd olduqca onlarda belə bir əqidə yaranmalıdır ki, kaş yaxşı işlər görə biləydim və mən də həmin görkəmli şəxsiyyətlər kimi doğma, qədirbilən xalqın yaddaşında yüz illərlə qalaydım. Bugünkü günümüzdə bu cür düşüncə tərzinə nə dərəcədə ehtiyac olduğunu söyləmək, yəqin ki, bir qədər artıq görünərdi?
Sənətkarın həyatı  və yaradıcılıq yolu əzab-əziyyətli, enişli-yo­xuş­­­lu bir ömrün salnaməsidir. O, şöhrətə çatmanın sınaqdan çıxarılmış pillələridir. Belə materiallarla tanışlıq zamanı şagird aydın şəkildə müşahidə edə bilir ki, insanın həyatda yüksəliş yolu nələrdən keçib gedə bilər. Həmin yolun başlanğıcı, mənbəyi və sonu nələrdən təşkil olunur, burada uğurların səbəbləri hansılardır və ya çatışmazlıqları nə törətmişdir. Həmin mühitdə sənətkar bir insan kimi necə davranmış, nələrə nail olmuş, nələri itirmiş və buna nələr təsir etmişdir.
 Şagirdlər həmin materiallar vasitəsilə həm də xalqımızın tarixini daha yaxşı öyrənirlər. Çünki hər bir sənətkarın ömür yolu yaşadığı tarixi dövr haqqında müəyyən təsəvvürlərin alınmasına kömək olur. Bugünkü gənclərimizə bu da olduqca gərəkli və vacibdir.
Yazıçının ədəbiyyat tarixində yeri və mövqeyi, ənənələrə sadiqliyi, novatorluğu, özündən sonra gələn ədəbi nəsillərə təsiri və s. kimi məsələlər şagirdlərə tək­cə ədəbi-tarixi biliklər vermir, həm də onların milli qürur, ləyaqət və iftixar hissinin formalaşdırılmasında fəal rol oynayır.
Sənətkarın həyatı  və yaradıcılıq yolu  ilə bağlı materiallar həmçinin sənətkar irsindən seçmə bir nümunə kimi təqdim olunan  ədəbi əsərinin daha dərindən qavranılmasına şərait yaradır.
Ədəbi əsərlərin hansı şəraitdə meydana gəlməsi şagirdlərin ümumi inkişafına, təlim-tərbiyəsinə əməlli-başlı təsir göstərir, onu daha yaxşı başa düşməyə imkan verir. Maraqlı bir söz eşidəndə, ya şeir parçası və ya əhvalat dinləyəndə biz dərhal onun müəllifi ilə maraqlanırıq. Bu mənalı sözü və ya fikri söyləyənlərin şəxsiyyətinə bizdə dərin bir hüsn-rəğbət yaranır.
Ədəbi əsərlərin öyrənilməsində də eyni vəziyyət vardır. Maraqlı və ibrətli həyat hadisələri və ya səmimi hisslər aləmi şagirdləri şirin xəyallar dünyasına aparır, onu söyləyən şəxsin söz qoşmaq məharətinə bir heyranlıq yaradır. Təsadüfi deyil ki,  ədəbi əsərlərin tədrisi prosesində ilk olaraq V-VII siniflərdə (elə VIII-IX cu siniflərdə də) motivasiya mərhələsində giriş sö­zündən istifadə olunur. Həmin giriş sözündə sənətkarın ədəbiyyat tariximizdəki xidmətləri sadalanır və əsərlərində qaldırdığı əxlaqi-mənəvi keyfiyyətlərə, həyatındakı ibrətli məsələlərə şagirdlərin diqqəti cəlb edilir.
Yuxarıda dediklərimiz sənətkarın həyatı  və yaradıcılıq yolu materiallarının təlim-tərbiyə imkanlarının tükənməzli­yin­dən xəbər verir. Bu materialların bir qismində tariximiz, o birisində zəngin mənəviyyatımız, digərlərində isə şərəfli ömrün salnaməsi   əksini tapır. Bu materiallar gənclərimiz üçün bir ibrət aynasına çevrilməlidir. Onlardan biz bu gün nələri isə götürə və öz mənəviyyatımızı zənginləşdirə bilərik.
Bu materiallar  imkan verir ki, şagirdlərimiz müxtəlif həyat hadisələrinə sənətkarlarımızın gözü ilə baxsınlar, bu həyatdan özləri üçün daha çox şeylər götürməyə cəhd etsinlər və doğma Azərbaycanımızın layiqli vətəndaşlarına çevrilsinlər.
Sənətkarın həyatı  və yaradıcılıq yolu materiallarının tədrisinin nə kimi əhəmiyyət kəsb etdiyini nəzərdən keçirdikdən sonra onun ne­cə öyrədilməsi məsələsi üzərində dayanaq.
Bu cür materiallarının öyrədilməsi hazırda X-XI siniflərin payına düşmüşdür.
X-XI siniflərdə ədəbiyyat tarixi kursu əhatə olunduğuna görə burada  monoqrafik mövzular üstünlük təşkil edir. Həmin  mövzular ədəbiyyatımız görkəmli simalarının həyat və yaradıcılığının, bədii irsindən kamil bir sənət nümunəsinin öyrədilməsinə həsr olunmuşdur. Proqram belə mövzuların  tədrisinə azı 3-5 saat vaxt ayırır. Bu saatlar  sənətkarın həyatı, yaradıcılıq yolu(1 saat)  ayrıca öyrənilməsi nəzərdə tutulan əsərinə(2-3 saat ola bilər) həsr edilir. Saatlar artdıqca sənətkarın əsərinin öyrənilməsinə ayrılan vaxt da artır. Amma "...həyatı və yaradıcılıq yolu" materiallarının tədrisi vaxtı əsasən sabit qalır; onların öyrənilməsinə  bir saat vaxt verilir.
Dərslikdəki materialın birini diqqətinizə çatdırırıq. Yuxarıda sadaladığımız məsələlərin, tələblərin burada necə gözlənildiyini müşahidə edin.
İMADƏDDİN NƏSİMİ(1369-1417)
"Üç dili mükəmməl bilməsi sayəsində Nəsimi Yaxın Şərq bədii fikrinin ən gözəl nailiyyətlərinə yiyələnmiş, geniş biliyə, parlaq istedada, yüksək sənətkarlıq mədəniyyətinə malik ustad bir şair kimi Azərbaycan şeirinə və türk xalqlarının ədəbiyyatına yeni istiqamət vermişdir."
Mirzağa Quluzadə
NƏSİMİNİN HƏYATI, YARADICILIQ YOLU
Layihə üzrə araşdırmaya hazırlaşın.
1. Nəsimi barədə bildiklərinizi yada salıb yığcam
müzakirə aparın.
2. Aşağıdakı sualları və onları araşdırmağa istiqamət
verən cavabları oxuyun.


Nəsiminin dövrü, həyatı və yaradıcılığı üçün önəmli olanlar hansılardır?
XIII–XIV əsrlərdə baş vermiş mühüm ictimai-siyasi və tarixi hadisələr Azərbaycanda sabitliyin pozulmasına səbəb oldu. Çingiz xanın yürüşlərinin vurduğu yaralar sağalmamış Toxtamışın, Teymurun basqınlarına məruz qalan Azərbaycan böyük itkilər verdi. İşğalçılara qarşı vaxtaşırı baş verən üsyanlar insan qırğınına, şəhər və kəndlərin dağılmasına səbəb olurdu. Yerindən-yurdundan didərgin düşən əhali başqa ölkələrə üz tutur, xəstəlik, aclıq və ölümlə qarşılaşırdı.
Digər tərəfdən, orta əsrlərdə hakim olan ideologiyanın ağır təzyiqləri XIV–XV əsrlərdə açıq və gizli mübarizə üçün zəmin oldu. Müxtəlif təriqətlərin, cərəyanların yaranmasının bir mühüm səbəbi də məhz bu idi. Azərbaycanda, eləcə də Yaxın və Orta Şərqdə ən geniş yayılmış təriqət isə hürufilik idi. Bu təriqətin başçısı və nəzəriyyəçisi Azərbaycan alimi və şairi Şeyx Fəzlullah Nəimi olmuşdur. Hürufiliyə görə, Allah insanda və mövcud olan bütün varlıqlarda təcəssüm tapır. Elə buna görə də insan öz varlığındakı ilahi nuru dərk etməlidir. Bunun üçünsə o, daim əqli-mənəvi təkamül yolu keçməli, təkmilləşməli, qəlbini saflaşdırmalıdır. İnsanı müqəddəs sayan hürufilərin fikrincə, kamil insan tanrı səviyyəsinə yüksələ bilər. Deməli, insana əzab vermək və onu öldürmək olmaz. Bununla da hürufilər ictimai haqsızlığa, zülmə qarşı çıxır, islam dininin bir sıra ayinləri ilə razılaşmırdılar. Hürufilərin feodal hakim dairələri, islam xadimləri tərəfindən təqib və edam edilmələrinin mühüm səbəblərindən biri bu idi.
Göründüyü kimi, Nəsimi keşməkeşli bir dövrdə yaşamışdır. Onun doğulduğu il və yer barədə fərqli fikirlər var. Həyatı haqqında da gerçəklikdən çox rəvayət və əfsanələr əks etdirən məlumatlar mövcuddur.
Dini və dünyəvi elmləri dərindən mənimsəyən gənc, həssas şair insana amansız, qeyri-humanist münasibətlə heç cür barışa bilmirdi. Bu, onu düşünməyə, yollar aramağa sövq edir. Əvvəl sufizmə meyil edən Nəsimi sonralar Nəiminin görüşlərinə tərəfdar çıxır. Hürufilərin mövqeyi onun ürəyincə idi. Nəsimi elə bir elmi-fəlsəfi dayaq axtarırdı ki, onun köməyi ilə insana öz adının uca, mövqeyinin yüksək olduğunu anlamağı öyrətsin. Böyük ehtirasla, coşqunluqla hürufi ideyalarını yayan, təbliğ edən şair təqib olunur. Ölkədən-ölkəyə keçməyə məcbur olan Nəsimi əqidəsindən üz döndərmir, alovlu şeirləri ilə çoxlu tərəfdar tapır. Hələb şəhərində həbs edilən bu cəsur sənətkar 1417-ci ildə ağır işgəncələrlə edam olunur.
İctimai-fəlsəfi lirikanın ən qüdrətli yaradıcılarından olan Nəsimi şeirlərini müxtəlif janrlarda yazmışdır. Bədii irsində qəzəl, qəsidə, tuyuq, rübai, müstəzad və s. yer almışdır. Zəngin irsi qalan şairin əsərlərini mövzusuna, ideya istiqamətinə görə iki böyük qismə ayırmaq olar: təriqət şeirləri, dünyəvi şeirlər.
Bundan əlavə, onun dini mövzuda yazdığı əsərləri də vardır.
Nəsimi öncə sufizmə meyil etdiyindən ilk təriqət şeirləri, təbiidir ki, sufiyanə olmuşdur. Lakin sufi ideyalarının təbliğinə həsr olunmuş əsərləri kəmiyyətcə hürufi şeirlərindən azdır. Şairin həm doğma türkcəmizdə, həm də fars dilində yazdığı şeirlərin böyük bir qismində hürufilik ideyalarının ifadəsinə önəm verilmişdir. Bu qəbildən şeirlər sənətkarın hürufilik görüşləri, mənsub olduğu təriqətin mühüm müddəaları barədə aydın təsəvvür yaradır. Bu baxımdan onun “Söz”, “Sığmazam”, “Mənəm, mən” rədifli, “Daim ənəlhəq söylərəm, həqdən çü Mənsur olmuşam”, “Mərhəba, insani-kamil, canımın cananəsi” misraları ilə başlayan qəzəlləri, eləcə də digər janrlarda olan əsərləri yüzillər boyu diqqəti özünə çəkmişdir.
Belə əsərlərdə hürufi termin və anlayışlarına xeyli yer verilmişdir. Onların şərhi şeirdəki əsl mətləbin başa düşülməsini asanlaşdırır. Məsələn, yuxarıda adıçəkilən qəzəllərin birində deyilir:
Çün bizə məlum olubdur mə’niyi-ümmül-kitab,
Arifəm, səm’imə sığmaz zahidin əfsanəsi.
Buradakı “ümmül-kitab” (“kitabın anası”) Qur’anın “Fatihə” surəsi anlamındadır. Həmin surənin daxili mənasını ilahi sirlər təşkil edir və bu sirlər arif olan hürufilərə məlumdur. Belə bir uca məqama yüksələn ariflər – hürufilər üçün zahidin dedikləri mənasız sözlərdən başqa bir şey deyildir.
Nəsiminin təriqət şeirlərində insan həm ilahi, həm də bəşəri keyfiyyətlərə malik olub gücü, ucalığı və ülvi keyfiyyətləri ilə seçilir. Hürufi təliminə əsaslanan şair insanı müqəddəsləşdirir, onun alçaldılmasını, incidilməsini lənətləyir. Əslində, Nəsimini hürufi ideyalarına cəlb edən də insanın şərəfli mövqeyə ucaldılması idi.
Nəsiminin ikinci qisim – dünyəvi şeirləri də az deyildir. Onlar mövzuca rəngarəngdir: dünyəvi məhəbbətin və gözəlliyin tərənnümünə həsr olunanlar, ictimai-fəlsəfi məzmunda yazılanlar, təbiətə həsr edilənlər və s. Bu əsərlərin böyük bir qismi qəzəl, bir qismi isə başqa janrlarda qələmə alınmışdır. “Neylərəm?”, “Etməgil”, “Yanaram” və s. məhəbbəti tərənnüm edən qəzəllər kimi dillər əzbəri olmuşdur.
Təriqət şeirlərindəki yar, dilbər ilahi gözəlliklə bağlıdırsa, bu qəzəllərdə tərənnüm edilən sevgili, məhbub adəm övladı olub bəşəri xislətlidir, real gerçəkliyin, maddi aləmin yetirməsidir. O, lirik qəhrəman üçün ən qiymətli varlıq, həyatın mənasıdır:
Dilbəra, mən səndən ayru ömrü canı neylərəm?
Tacü təxti, mülkü malu, xanimanı neylərəm?
İstərəm vəsli-cəmalın, ta qılam dərdə dəva,
Mən sənin bimarınam, özgə dəvanı neylərəm?
Məşuqun zahiri gözəlliyinin təsvirinə həsr olunan (“Düşdü yenə dəli könül gözlərinin xəyalinə”, “Əcəba, bu huri üzlü məhi-bədr, ya pərimi?” və s.) qəzəllərdə, eləcə də bu mövzuda digər janrlarda yazdığı şeirlərdə daha çox həyati, gerçək gözəl tərənnüm obyekti olaraq götürülmüşdür.
Nəsiminin dünyəvi əsərlərinin bir qismini ictimai-fəlsəfi məzmunlu şeirlər təşkil edir. Bu da məlumdur ki, şairin müxtəlif mövzularda yazdığı bütün əsərlərində fəlsəfi fikirlər önəmli yer tutur. Onun ictimai-fəlsəfi şeirlərində əhatə edilən məsələlər isə çoxdur; dünyanın dərk edilməsi ilə bağlı düşüncələr, dünyanın  faniliyi və onun vəfasızlığından şikayət, rəzilliyi özünə peşə edənlərdən narazılıq və s.
Yoxdur vəfası dünyanın, aldanma anın alına,
Rəngindən oldu münfəil, hər kim boyandı alına.
Arısı yalandır, saqın, dadlısına aldanma kim,
Acıdır anın şəkkəri, ağı qatılmış balına.
Şairin bədii irsində təbiətə həsr edilmiş şeirlər sayca az olsa da, onlar ideya-bədii keyfiyyətinə görə ədəbiyyatımızda ən yaxşı əsərlərdən sayılır.

3. Öyrəndiklərinizlə bağlı fikir mübadiləsi və müzakirə aparın.

Evdə iş. Layihə üzrə işi davam etdirin
1. Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən topladığınız məlumat əsasında zənginləşdirin və tamamlayın.
2. Araşdırma apararkən aşağıdakı sualların cavablarını da əhatə etməyə çalışın:
a) “Nəsimi poeziya tariximizdə siyasi-fəlsəfi şeirin ilk böyük nümayədəsidir” fikrini necə əsaslandırarsınız?
b) Şair ilahi və dünyəvi məzmunda yazdığı şeirlərində hansı mənəvi-əxlaqi dəyərləri daha önəmli sayır?
3. Yazılı qeydlər əsasında şifahi təqdimata hazırlaşın.
Mənbələr:
1. Azərbaycan ədəbiyyatı tarixi. Altı cilddə. III cild, Bakı: Elm, 2009, səh. 218-219, 230-232.
2. Babayev Y. M. Azərbaycan ədəbiyyatı tarixi (XIII–XVIII əsrlər). Bakı: Elm və təhsil, 2014, səh. 217- 220.
3. Ədəbiyyat (X sinif şagirdləri üçün elektron vəsait). http://edebiyyat.ucoz.com.
4. Səfərli Ə., Yusifli X. Azərbaycan ədəbiyyatı tarixi (qədim və orta əsrlər).Bakı: Ozan, 2008, səh. 323-326;334-336.

Həmin proqram materiallarının tədris olunmasında müəllim dərsini necə qurmalı, hansı üsul və vasitələrdən istifadə etməlidir? Bunun üçün də ilk növbədə dərsin təlim, tərbiyə və inkişaf məqsədləri düzgün müəyyənləşdirmək lazımdır.
X-XI siniflərdə sənətkarın həyatı və yaradıcılıq yoluna  dair məlumatın öyrənilməsi zamanı diqqət yetirməli cəhətlər:  tədris nəzərdə tutulan bu cür  material şagirdlərin mənəvi tərbiyəsinə, dünyagörüşlərinin və ədəbi biliklərinin inkişafına hansı imkanları verəcək, bu  işi şagirdlərin əldə etməsi üçün dərs necə qurulacaq, hansı qrup tapşırıqları ilə şagirdlər tədqiqata cəlb olunacaq, nə kimi nəticələrin əldə olunmasına səy göstəriləcəkdir.   
Dərslərdə əlavə ədəbiyyatlar, fotoşəkillər, xəritədən, tarixi-sənədli filmlərdən (fraqmentlər), rəsmi sənədlərdən, tarixi-diyar­şünas­lıq və ev muzeylərinin imkanları, lent yazıları, video çəkilişlər, slaydlar, internet səhifələrindəki məlumatlardan və s. istifadə olunması da nəzərdə tutulmalıdır.
Dediklərimizə əsasən,  X-XI siniflərdə  sənətkarın həyatı  və yaradıcılıq yoluna həsr olunan dərslərdə dərsin mərhələlərini və təxmini vaxt bölgüsünü  aşağıdakı kimi müəyyənləşdirə olar:
1.Sinfin təşkili və ev tapşırıqlarının yoxlanması ...3 dəq.
2. Motivasiya.......................................................... 4 dəq.
3. Tədqiqatın aparılması......................................... 7 dəq.
4. Məlumat mübadiləsi..........................................10 dəq.
5. Məlumatın müzakirəsi və təşkili...................... ..7 dəq.
6. Nəticələrin çıxarılması..................................... ..4 dəq.
7. Yaradıcı tətbiqetmə.......................................... ..7 dəq.
8. Qiymətləndirmə ev tapşırığının verilməsi............3 dəq                        Cəmi: 45 dəq.
Təbii ki, dərsin uğurlu təşkili ona hazırlıqdan, planlaşdırma işini düzgün təşkil edilməsindən keçir. Müəllim sinif üzrə təlim nəticələrini, alt-standartlarını tələbini əldə rəhbər tutmaqla dərsin təlim, tərbiyə və inkişaf məqsədlərini (təlim nəticələrini) düzgün müəyyən etməlidir. Bunun üçün təhsilin məqsəd və vəzifələrinə dair rəsmi sənədlərin qoyduğu tələblər bir daha yada salınmalıdır. Yalnız bu iş tamamlandıqdan sonra təfərrüatlara enmək, dərs mərhələlərində görülən işləri ardıcıllıqla sıralamaq olar. Deməli, müəllim hədəfi müəyyənləşdirməli, ona çatmağın ən səmərəli yollarını, üsullarını və vasitələrini aydın təsəvvür etməlidir.   
X-XI siniflərdə sənətkarların həyatı barədə məlumatın öyrədilməsində güdülən məqsəd sənətkarın keçdiyi ömür yolu ilə şagirdləri tanış etmək, onun bədii irsinə maraq və məhəbbət aşılamaq, seçmə əsərinin öyrənilməsinə stimul yaratmaqdır.
 Məlumdur ki, sənətkarı əhatə edən və onun dünya görüşünün formalaşmasına təsir edən mühit bu və ya digər dərəcədə əsərlərində də müəyyən izlər buraxır. Sənətkarın ədəbi və ictimai mühiti bilinməzsə,  onda onun əsərlərində qaldırılan problemlərin anlaşılmasında da bir natamamlıq özünü göstərər. Deməli, X-XI siniflərdə sənətkarın həyatı və yaradıcılıq yoluna dair məlumat veriləndə həm bu amil, həm də bu sənətkarların unudulmaması, onlara bu qədər ehtiram göstərilməsi səbəbi diqqət mərkəzində saxlanılmalıdır. İşin mənəvi tərəfləri müəllimə də, şagirdə də aydın olmalıdır. Elə həyat materiallarının öyrənilməsinə   həsr olunan dərslərdə həmin işlər bir vəzifə kimi qarşıya qoyulmalıdır. Ona görə də belə dərslərin hamısına xas olan  ümumi və oxşar məqsədlər ortaya çıxır. Yəni
1.      Sənətkarın yaşayıb-yaratdığı dövr və mühitin düzgün anlaşılmasına şəraitin yaradılması,
2.      Sənətkarın həyatı və yaradıcılıq yolundan dəyərli  məqamları, fəaliyyətinə, dünyagörüşünün forma­laş­masına təsir göstərən amilləri düzgün qiymətləndirilməsi,
3.      Tədris nəzərdə tutulan əsərin yaranma tarixinə, mühitinə xüsusən diqqət yetirilməsi,
4.      Sənətkara, onun həyat və fəaliyyətinə müasirlərinin  və ondan sonra gələnlərin, həmçinin dövlətimizin verdiyi qiymətə diqqət yetirmək və şagirdin bu məlumatlardan özü üçün bir nəticə çıxarması qayğısına qalınması,
5.      Şagirdlərin təfəkkürünün, nitqinin, mənəvi aləminin inkişaf etdirilməsi
məsələləri diqqətdə saxlanılmalıdır.
X-XI siniflərdə sənətkarın həyatı və yaradıcılıq yolu ilə bağlı məlumatların öyrədilməsi zamanı fəal(interaktiv) dərsin induktiv dərs tipinin gedişi əsas götürülməlidir. X sinfin müəllim üçün vəsaitində mövzunun tədrisi üçün fəal(interaktiv)  təlim yerində tətbiq edilməmişdir. Bunu bizim irəli sürdüyümüz indiki dərs modeli ilə müqayisə etməniz kifayət edər.
Əvvəlcə diqqətinizə sxematik modeli təqdim edirik. Bu zaman təxminən aşağıdakı səpkidə (sxematik forma) işlər qurmaq olar:
1. Motivasiya: a) Simvolu material nümayişi, mövzunun müəyyənləşdirilərək lövhəyə yazılması, b) Tədqiqat sualının qoyulması və lövhəyə yazılması, c) Tədqiqat sualına şagirdlərin verdikləri ilkin ehtimalların dinlənilməsi və yığcam halda lövhəyə yazıl­ması.
2. Tədqiqatın aparılması. Dərsin təlim nəticələrində əksini tapan məsələlərin qrup tapşırıqları formasında icra olunması, üçün  şagirdlərin tədqiqat işlərinin təşkil olunması.
3. Məlumatın mübadiləsi.  Qrup işlərinin təqdimi. Digər şagirdlərin, təqdimatçıya sualları olarsa, ona cavab verilməsi. Qrup işlərinin qiymətləndirilməsi.
 4. Məlumatın müzakirəsi və təşkil olunması (yəni qrup­laş­dı­rıl­­ması). Təqdim olunmuş iş vərəqlərindəki məlumatların  toplu halında nəzərdən keçirilməsi, onlarda əks olunan məlumatların ümumiləşdirilərək sistemə salınması, yekun bir qərara gəlinməsi.
5. Nəticələrin çıxarılması. Yekun qərarla motivasiya mərhələsində irəli sürülən tədqiqat sualı və ilkin fərziyyələr arasında əlaqələrin qurulması, tutuşdurma və müqayisənin aparılması, fərziyyələrdə irəli sürülən məsələlərin hansının təsdiq, hansıların isə yeni olduğunun ayırd edilməsi. Yəni nəticənin çıxarılması.
6. Yaradıcı tətbiqetmə. "Sənətkarın həyat  yolunun məndə oyatdığı təəssürat" və ya "Bu ömür yolunu mən nəyə bənzədərdim?" mövzusunda esse yazmaq.
7. Qiymətləndirmə(Refleksiya) və ev tapşırıqlarının verilməsi.

Комментарии

Популярные сообщения из этого блога

Təlim strategiyalaraı: ədəbiyyat dərslərinin təşkili

Fəal(interaktiv) təlim

Dərs icmalı nümunəsi (Məzmun üzrə iş)