Tarixi-ədəbi icmal mövzusunun tədrisi: icmal nümunəsi


X sinif tarixi-ədəbi icmal mövzusunun tədrisinə dair icmal nümunəsi 

Mövzu: "Qədim dövr Azərbaycan ədəbiyyatı"(Ən qədim zamanlardan XIII əsrə qədər)(layihə).[1]

Standartlar: 1.1.1., 1.1.4., 1.2.4., 2.2.1., 3.1.2.
Inteqrasiya: Tarix, 0.0.0. 
Texnikalar: klaster, beyin həmləsi, müzakirə
Iş forması: böyük və kiçik qrupda iş
Resurslar (təchizat): filmdən parça, musiqi...
Dərsin təlim nəticələri:
1.      Mətndə, əsərdə tanış olmayan sözlərin mənasını mənşəyinə və işlənmə məqamına görə izah edir.
2.      Bədii nümunələrdə əksini tapan mühüm mənəvi, əxlaqi-etik dəyərləri müəyyənləşdirir.
3.      Bədii nümunələrin mövzusunu, ideya-bədii xüsusiyyətlərini bağlı olduğu dövrün sosial-siyasi, mənəvi dəyərləri  baxımından təhlil edir və nəticə çıxarır.
4.      Müzakirələrdə mövzuya, problemə, yazıçı  mövqeyinə, tənqidi münasibətini əsaslandırır, fərqli fikirlərə dözümlülük nümayiş etdirir.
5.      Müşahidələrinə, əlavə məlumatlara əsaslanmaqla əsərin ideyasına, probleminə münasibət bildirir, ümumiləşdirmələr aparır, nəticə çıxarır
Dərsin tipi: induktiv
Üsul:  suallar, müzakirə, beyin həmləsi
Təchizat:  iş vərəqləri, markörlər,  dərslik 

Dərsin mərhələləritəxmini vaxt bölgüsü:                                
1.      Motivasiya ..........................................4 dəq.
2.      Tədqiqatın aparılması...................... 10 dəq.
3.      Məlumat mübadiləsi .........................10 dəq.
4.      Məlumatın müzakirəsi və təşkili......... 8 dəq.
5.      Nəticələrin çıxarılması ...................... 3  dəq.
6.      Yaradıcı tətbiqetmə............................ 7 dəq.
7.      Qiymətləndirmə ,evə tapşırıq............. 3  dəq.
                                                           Cəmi:    45 dəq.
Dərsin gedişi:
I. Motivasiya(4 dəq.). Dərsin başlanğıcında mövzunun tapılması üçün müxtəlif variantlar seçilə bilər. Onlardan üçünü diqqətinizə təq­dim edirik. Hər üç variant keçərlidir. Dərs zamanı onlardan birini istifadə etmək lazımdır.
1. Müəllim dərsin başlanğıcında mövzunun tapdırılması üçün belə bir cümləni səsləndirir:  Zaman onlardan uzaqlaşdıqca, onlar xalqına, onun mənəviyyatına daha yaxın olurlar. Klassiklərimizə tale məhz belə bir mənalı ömür bəxş etmişdir.  Sonra müəllim şagirdlərə müraciət edir. Eşitdiyiniz cümlənin mənasına və məzmununa  münasibətinizi bildirin. Şagirdlərin təəssüratları alındıqdan sonra yenidən onlara müraciət olunur: - Uşaqlar, sizcə bu gün biz nədən söhbət açacağıq?  Təbiidir ki,  şagirdlər klassiklərimizdən, qədim dövrdə yaşayıb yaradan böyük sənətkarlarımızdan söhbət açıla biləcəyi fikrini irəli sürürlər. Müəllim onların fikrini təsdiqləyərək dərsin mövzusunu  dəqiq şəkildə lövhəyə qeyd edir: "Qədim dövr Azərbaycan ədəbiyyatı".
2. Müəllim klassik irsimizin ədəbiyyatımızın inkişafında rolu barədə maraqlı bir fikri şagirdlərin nəzərinə çatdırır:  Azərbaycan bədii və ictimai fikir tarixi  özündən sonra gələn yazarlar və mənsub olduğu xalq  üçün həmişə  qürur və iftixar mənbəyi olmuşdur.  Şagirdlər fikri dinlədikdən sonra onlardan soruşulur. Bu fikri necə qəbul edirsiniz? Ona münasibət bildirin. Şagirdlərin mülahizələri dinlənilir. Sonra müəllim onlara ikinci bir sual ünvanlayır: Necə bilirsiniz, biz bu gün nədən söz açacağıq? Şagirdlərdən "qədim ədəbiyyat", "klassik ədəbiyyat"  sözləri alınan kimi mövzunun adı dəqiq formada lövhəyə qeyd olunur: "Qədim dövr Azərbaycan ədəbiyyatı".
3. Müəllim  S.Vurğundan belə bir misraları xatırladır:
Ölməz könül, ölməz əsər,
Nizamilər, Füzulilər,
Əlin qələm, sinən dəftər,
De gəlsin hər nəyin vardır,
Deyilən söz yadigardır.
- Uşaqlar, bu şeir parçasının haradan götürüldüyü Sizə yaxşı məlumdur. Gəlin bu parçaya münasibət bildirək. Burada nədən söhbət gedir? Bu  misralar Sizə hansı hissləri aşılayır? Birinci iki misranın məzmununa, sonra isə digərlərinə diqqət yetirin. Onlarda  nədən söhbət açılır? ... Sizcə, bu gün biz nədən söhbət açacağıq? Şagirdlərdən belə bir cavablar alına bilər: ədəbiyyatımızın yaradıcılarından, klassik sənətkarları­mızın irsindən və s. Müəllimlim onların fikirlərinin düzgün olduğunu söyləyir və mövzunu dəqiq şəkildə lövhəyə qeyd edir. 
Mövzu tapdırıldıqdan sonra tədqiqat sualı ortaya qoyulur və o, lövhəyə yazılır: - Sizcə, qədim dövr Azərbaycan ədəbiyyatı mövzu və janr baxımından hansı keyfiyyətlərə malik ola bilərdi?  Şagirdlərin ilkin ehtimalları alınır və lövhəyə qeyd olunur.
II. Tədqiqatın aparılması(10 dəq.).  Şagirdlər qruplara bölünür. Hər qrupa müvafiq tapşırıq verilir, tədqiqatın vaxtı və qiymətləndirmə meyarları elan edilir.
1-ci qrup: Ortaq bədii nümunələrdə əksini tapan mühüm mənəvi, əxlaqi-etik dəyərləri müəyyənləşdirir qeyd edin.
2-ci qrup: Qədim inanclar və mənəvi dəyərlərlə bağlı "Avesta"da, "Kitabi-Dədə Qorqud" dastanında əksini tapan xüsusiyyətləri qeyd edin.
3-cü qrup: Qədim Türk dastanları ilə "Dədə  Qorqud" dastan üçün ortaq olan cəhətlər barədə qeydlər aparın. Dastanın bu günümüz üçün əhəmiyyəti barədə fikirlərinizi qeyd edin.
4-cü qrup: Azərbaycan ədəbiyyatının qədim dövrdə hansı dillərdə, hansı janrlarda yaranmasına dair məlumatları  toplayın. Səbəbini göstərməyə çalışın. Mətndəki çətin sözləri müəyyənləşdirin.  
5-ci qrup: Yazlı ədəbiyyatımızın nümayəndəsi Qətran Təbrizi, Məhsəti Gəncəvi və Xaqani Şirvani yaradıcılığına  əsərlərinin ideyasına, probleminə münasibət bildirin, ümumiləşdirmələr apararaq qənaətlərinizi qeyd edin.
III. Məlumat mübadiləsi(10 dəq.).  Vaxt bitdikdən sonra qrupun təmsilçisi tədqiqatlarının nəticələri ilə sinif yoldaşlarını tanış etməyə başlayırlar. Müəllim reqlamenti elan edir(hər çıxışa 2 dəq.) və təqdimatlara başlanılır. Hər bir təqdimata sinifdən sual verilə bilər.  Sonda təqdimatlara ümumi qiymət verilir.
IV. Məlumatın müzakirəsi və təşkili(təsnif olunması, qruplaşdırılması)(8 dəq.). Müəllim iş vərəqlərindəki məlumatların müzakirəsini  həyata keçirməyə başlayır. Onlar arasında əlaqələr qurur, oxşar cəhətləri tapdırır. Əsas fikri həmin dövrdəki ədəbi nailiyyətlərin dəyərinin düzgün tutulmasına yönəldir. Bu zaman aşağıdakı yardımçı suallardan da istifadə oluna bilər:
-        Qədim  dövr ədəbiyyatımızı, ortaq türk dastanlarımızı  səciyyələndirən hansı xüsusiyyətlərlə tanış olduq?
-        Bu dövrün ədəbi nailiyyətləri hansılar idi? Onların dəyəri nədən ibarət idi?
-        Ədəbiyyatımızın fərli dillərdə yaranmasına səbəb nə idi?
-        "Avesta" və "Dədə Qorqud" dastanını hansı cəhətlər birləşdirə bilər?
-        Qətran Təbrizi, M. Gəncəvi, X. Şirvani  irsinin  bizim üçün dəyəri nə ola bilər?
Müəllim təqdimatlarda əksini tapan ortaq məsələləri müəyyən etdirir və şagirdlərin yekun qənaətini ortaya qoydurur.
V. Nəticənin çıxarılması(3 dəq.). Bu mərhələdə yekun qənaətlərlə  motivasiya mərhələsində irəli sürülən tədqiqat sualı və ona verilən ilkin cavablar (fərziyyələr) müqayisə edilməyə başlanır. Nələrin üst-üstə düşdüyü, nələrin yeni olduğu ortaya çıxarılır.
VI. Yaradıcı tətbiqetmə(7 dəq.). Bu mərhələdə şagirdlərə təklif edilir ki, onlar bu dövr ədəbiyyatını başqa cür necə görmək istədiklərini qeyd etsinlər. Tapşırığın icrasına vaxt verilir və vaxt bitəndən sonra 5-6 nəfərin yazısı oxunur.
VII. Qiymətləndirmə və ev tapşırığı(3 dəq.). Bu mərhələdə formativ qiymətləndirmə aparılır, ev tapşırıqları elan olunur.
======================================
Ədəbiyyat zəngin bir məbədgahı xatırladır. Bu məbəd­gahın ucaldılmasında bir çox sənətkarlar iştirak etmişlər. O, damla-damla toplanaraq belə bir görkəmli simaya malik olmuşdur. Onun  hər bir guşəsində insan mənəviyyatı, arzular və hisslər dünyası dayanır. Ədəbiyyat müəllimi tarixi-ədəbi sə­ciy­­yəli icmal mövzularını tədris edəndə çalışmalıdır ki, bu məbədgahın bir kərpicinə belə xələl gətirilməsin, əksinə, onların hər birinə, bu kərpici həmin məbədgaha bəxş edənlərə vur­ğunluq, iftixar və qürur hissləri aşılasın.



[1] İcmal mövzularının tədrisi üçün alt-standartları onun məzmununda əksini tapan əsərlərə görə qoymaq lazımdır. Hər üç məzmun xəttindən seçməklə.

Комментарии

Популярные сообщения из этого блога

Təlim strategiyalaraı: ədəbiyyat dərslərinin təşkili

Fəal(interaktiv) təlim

Dərs icmalı nümunəsi (Məzmun üzrə iş)